MTN generalının adı ilə “işləyən” dələduz 4 nəfəri necə soyub-taladı...

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Aydın Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, məhkəməyə hakim Zeynal Ağayev sədrlik edib.
Dələduzluq etdiyinə görə əvvəllər də 6 il müddətinə azadlıqdan məhrum olunmuş Aydın Həsənov təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə, zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqda təqsirləndirilib.
İstintaq materiallarına görə, A.Həsənov Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi və Milli Təhlükəsizli Nazirliyində çalışan şəxslərlə yaxın əlaqələrinin olduğunu deməklə vətəndaşları aldatmağa müvəffəq olub. Cinayət işi üzrə 4 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaqla müəyyən edilib ki, Aydın Həsənov başqasının adına sənədləşdirilmiş tikinti malları mağazasını yüksək vəzifəli tanışları vasitəsilə Vüqar Əliyevin adına özəlləşdirməyə imkanının olduğunu deyərək və mülkiyyət hüququnu təsdiq edən sənəd alacağını yalandan vəd edərək aldatmaqla onun 72 min 500 manat pulunu ələ keçirib.
Bundan başqa, oğurluqda ittiham olunaraq 6 il cəza alan Xanlar Quliyevin cəzasını şərti cəza ilə əvəz etdirəcəyini vəd edib. O, X.Quliyevin qardaşı Azərlə, qayınanası Rəfiqə Məmmədova ilə danışaraq bu işi 60 min manat müqabilində həll edəcəyini bildirib və həmin məbləği alaraq ona qarşı dələduzluq edib.
Sahibkarlıqla məşğul olan Vüqar Əliyev də A.Həsənovun dələduzluq əməlləri ilə üz-üzə qalıb. Belə ki, mişar daşı istehsal etməklə məşğul olan V.Əliyevin fəaliyyətinin Vergilər Nazirliyi tərəfindən yoxlanıldığını və bu yoxlamadan narahat olduğunu bilən A.Həsənov yoxlamanı aparan şəxslərə özünün yüksək vəzifədə işləyən tanışları vasitəsilə təsir göstərmək imkanı olduğunu, 30 min manat müqabilində bu işi yoluna qoyacağına söz verib. V.Əliyev də ona inanaraq göstərilən məbləği verib.
Amma bir müddətdən sonra A.Həsənov başqa bir şəxsə taksofondan V.Əliyevin mobil telefonuna zəng vurduraraq işlətdiyi daş karxanası ilə bağlı guya MTN-ə çağırılması barədə məlumat verib. Bundan narahat olan V.Əliyev məsələni yoluna qoymaq üçün A.Həsənovu axtarıb tapıb. Məsələnin “həlli” V.Əliyevə 31 min manata başa gəlib.
A.Həsənov Yardımlı şəhər sakini Hamlet Əməşovun qardaşları Elşən və Eldar Əməşovların narkotik vasitələrin qanunszuz dövriyyəsi ilə əlaqədar MTN tərəfindən həbs olunmalarını və ailə üzvlərinin Elşənin cinayət məsuliyyətini yüngülləşdrimək istəmələrini bilib. Elşən barədə seçilmiş həbs-qətimkan tədbirinin zaminliklə əvəz etdirəcəyini, sonradan isə əməlinin cinayət barədə xəbər verməmə maddəsi ilə tövsif olunmasını təşkil edəcəyini vəd edərək Hamlet Əməşovun 54 min 300 manat pulunu ələ keçirib.
Törətdiyi əmələ görə A.Həsənova qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

6 il şərti cəza üçün 60 min manat
 
Təqsirləndirilən şəxs qismində dindirilən Aydın Həsənov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.
A.Həsənov deyib ki, Xanlar Quliyev adlı şəxs bir qrup şəxslə yanacaq oğurladığına görə tutulmuşdu: “Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaqdı. Qohumlarının onun işinə kömək etmək istəmələrini dostum Azərdən eşitmişdim. Bu işdə onlara kömək etməyin mümkün olduğunu izah etmək üçün Xanların qardaşı Azər Quliyevlə görüşdük.
Azər Quliyev qardaşına şərti cəza verilməsində köməklik göstərməyi xahiş etdi. Bununla bağlı tanışlarımla danışacağımı dedim. Bir neçə nəfərlə danışdım. Amma Bakı Ağır Cinayətlər Məhkəməsində deyil, ancaq Apelyasiya Məhkəməsində mümkün olacağını dedilər.
Vəziyyəti izah elədim. Xanlara 6 il cəza verildi. Təyin edilmiş cəzanı şərti cəza ilə əvəz etmək üçün Apelyasiya Məhkəməsində cinayət işinin birinci baxışına kimi 30 min manata qədər pul lazım olduğunu dedim.
Amma cəzanı azaltmaq mümkün olmadı. Danışdığım adamlar mənə 6 il həbs cəzasının şərti cəza ilə əvəz etmək üçün 60 min manat lazım olduğunu dedilər. Ona görə də Bakı Apelyasiya Məhkəməsində birinci baxışdan sonra Xanların adamları ilə yenidən görüşüb bunu onlara dedim. Xanların qohumları 60 min manat vermək istəməyib pullarını geri qaytarmağımı tələb etdilər.
Mən də istintaq təcridxanasına gedib Xanlarla danışdım. Xanlar istənilən pulu tapıb vermələrini qohumlarına tapşırdığından onlar əlavə olaraq 30 min manat da pul verdilər. Xanlara təyin olunmuş 6 il həbs cəzasının şərti cəza ilə əvəz olunmasına çalışsam da məhkəmədə onun cəzası 3 ilə endirildi və buna görə də Xanların qohumları cəzanın 3 ilə enririlməsinə görə pulun 30 min manatını geri istədilər. Bununla bərabər Apelyasiya Məhkəməsinin qərarından protest verildiyindən Ali Məhkəmədə Xanların işinə yenidən baxıldı və Apelyasiya Məhkəməsinin qərarı ləğv olunaraq cəzası 6 il müddətində saxlanıldı.
Bundan sonra Xanların qohumları pulu tələb etməyə başladılar. Pulun 30 min manatı Xanların cəzasının 3 ilə endirilməsinə görə verildiyindən həmin pulun geri alınmasının mümkün olmadığını onlara dedim. Sonradan həmin pulu özüm qaytarmışam”.

“Həbs olunacağından qorxub o qədər pul verdi”
 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, sahibkar Vüqar Əliyevlə dostunun vasitəsilə təsadüfən “Qəbələ” restoranında tanış olub.
Söhbət əsnasında Vüqarın Türkan qəsəbəsində daş karxanası işlətdiyini, həmin qəsəbədə mişar daşı istehsalı ilə məşğul olan Daşqın adlı bir nəfərin Vüqarın qanunsuz sahibkarlıqla məşğul olması barədə dövlət orqanlarına şikayət yazdığını bilib: “Vüqar dedi ki, həmin şikayətə görə Vergilər Nazirliyindən yoxlama gəlib. Probleminə köməklik göstərməyimi xahiş etdi. Problemi tanışım Qabil Həsənovun vasitəsilə həll etmək istədim. Qabilin yüksək vəzifədə işləyən tanışları var idi. Vüqarı Qabillə görüşdürdüm. Vüqar problemini danışdı.
Sonradan Qabil dedi ki, Vüqarın barəsində Vergilər Nazirliyinə, Prezident Administrasiyasına, MTN-ə, prokurorluğa şikayət olunub. Vüqara “barəndə hər yerə şikayət olunub, hamısını həll etmək üçün 60 min manat lazımdır” dedim. O da həbs olunacağından qorxub 60 min manatı verdi”.

MTN-in həbs etdiyi 6 nəfərlik dəstə

A.Həsənov ifadəsində Yardımlı rayonundan olan Hamlet adlı bir nəfərin 2011-ci ilin noyabr ayında zəng vuraraq onunla görüşmək istədiyini göstərib: “Telefon nömrəmi qohumlarımdan aldığını dedi. Bir neçə gündən sonra onunla görüşdük. Söhbət zamanı qardaşları Etibarla Eldarın 6 nəfərlik qrupla MTN tərəfindən tutulduğunu, bu işdə onlara köməklik etməyimi xahiş etdi.
Bu işi bacaran, əlaqələri geniş olan adam kimi tanıdığım Bəhram adlı şəxsə danışdım, bu işdə kömək edə biləcək tanışı olub-olmadığı ilə maraqlandım. Bəhram MTN-də yüksək vəzifədə işləyən tanışının olduğunu, onunla əlaqə yaratmağa çalışıb nəticəsi barədə məlumat verəcəyini bildirdi.
Bir neçə gündən sonra Bəhram MTN-də olan tanışının polis bölməsində işləyən qohumu ilə görüşüb söhbətləşməyi məsləhət gördü. Birlikdə getdik, işi həll etmək üçün 25 min dollar lazım olduğunu dedilər. Bu barədə Hamletlə danışıb 35 min manat aldım.
Həmin ərəfədə Bəhram tez-tez zəng vurub “ağsaqqalı”ın pulu gözlədiyini deyirdi. Həmin puldan 19 min 500 manatını “ağsaqqal”ın qohumu olan polis əməkdaşına verdim. O da Elşənin zaminə buraxılmasını həll edəcəyini dedi. Amma sonradan bu iş üçün 80 min manat lazım olduğunu dedi.
Müxtəlif vaxtlarda Hamletdən 54 min manat almışam. Öz kanallarım vasitəsilə bu işin mümkün olmadığını öyrəndim. Bu məsələni həll etmək istədiyim müddətdə atrıq cinayət işi məhkəməyə göndərilmişdi. Hamlet verdiyi pulları tələb edirdi. Həmin polis əməkdaşı isə pulları geri vermirdi. Məcbur olub aldığım pulları sonradan öz hesabımdan Hamletə qaytarmışam”.

“Pulu MTN generalının bacısı oğluna verdiyini deyirdi”

Zərərçəkmiş şəxs qismində dindirilən Hamlet Əməşovun ifadəsindən: “Aydın guya MTN-də işləyən bir vəzifəli şəxsə bu məsələ barədə danışdığını, Elşənin cinayət barədə xəbər verməməyə görə məhkəməyə verilməsinin mümkün olduğunu, bunun üçün isə 50 min manat pul istədiklərini dedi.
Aydının dediklərinə inandım. Rayona qayıdıb əvvəl 15 min manat pul topladım, Aydınla görüşüb ona verdim. Aydın dedi pulun qalan hissəsi də qısa müddət ərzində verilməlidir ki, iş də tez həll olunsun. Ona görə də təzədən rayonda yaşayan tanışlarımdan, qohumlarımdan borc pul alıb Aydına verdim. Aydın ayın axırına qədər Elşənin zaminə buraxılacağına söz vermişdi.
Dekabr ayının axırında Aydının vəd etdiyi məsələ alınmadığından onunla əlaqə saxladım. Dedi ki, guya kimsə pulun azlığına görə razılaşmayıb, amma yanvar ayının 15-ə qədər iş alınmalıdır, alınmasa - pul qaytarılacaq. Tutulmuş şəxslər 2012-ci ilin mart ayında istintaq təcridxanasına göndərildi, may-iyun aylarında isə işin istintaqı tamamlanıb Lənkəran Ağır Cinayətlər Məhkəməsinə verildi.
Həmin vaxta qədər Aydın pulun 18 min manatını qaytarmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsində sentyabrın 25-də hökm çıxarıldı, qardaşlarımın hər birinə 13 il həbs cəzası verildi. Bundan sonra Aydınla danışıb pulları qaytarmayacağı təqdirdə ondan şikayət edəcəyimi dedim.
Aydın da hökm oxunan günün səhəri bizə gəlib pulu qaytarmaq üçün 2 ay vaxt istədi. Dedi pulu MTN-in generalının bacısı oğluna verdiyindən pulları generalın adamından almaq üçün guya bir az vaxt lazımdır.
Bundan sonrakı müddətdə Aydın aldığı pulların bir qismini hissə-hissə olmaqla qaytardı.Ona görə də şikayət etmədim. Son vaxtlar Aydının başqa əməllərinə görə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tutulduğunu bilib qalan pulların alınması üçün şikayət etdim”.
Zərərçəkmiş məhkəməyə notarial qaydada ərizə təqdim edərək ona dəyən ziyanın tam ödənildiyini bildirib.
Digər zərərçəkmişlər də məhkəməyə notarial qaydada ərizə təqdim edərək onlara dəymiş ziyanın tam ödənildiyini bildiriblər.
Məhkəmənin hökmü ilə A.Həsənov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.