MTN generalı zərərçəkmiş şəxsə əsəbləşdi - "QƏLƏT EDİR, MƏN PUL GÖTÜRMƏMİŞƏM"

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov zərərçəkmiş şəxslərdən İlqar Aşurbəyovun epizodu üzrə ifadə verib.
O, heç bir epizod üzrə özünü təqsirli bilmədiyini deyib.
Məhkəmə prosesə gəlməyən bəzi şahid və zərərçəkmişlərin barəsində məcburi gətirilmə qərarı verib.
Məhkəmədən sonra açıqlama verən A.Çovdarovun vəkili Kamandar Nəsibov deyib ki, İlqar Aşurbəyovun epizodu üzrə keçmiş MTN əməkdaşları ifadə veriblər. Onlar İ.Aşurbəyovun A.Çovdarova pul verdiyini təsdiq etməyiblər və xatırlamadıqlarını deyiblər.
Vəkilin dediyinə görə, İ.Aşurbəyov deyib ki, "Mən o vaxt oruc idim, yalan deyə bilməzdim".
"Biz də araşdırdıq ki, bu hadisə orucluqdan 2 ay əvvəl olub" - deyə vəkil qeyd edib.
A.Çovdarov isə məhkəmədə İ.Aşurbəyovdan pul almadığını deyib: "Qələt edir, mən pul görməmişəm, bu adamla görüşməmişəm, pul da almamışam".
Vəkilin bildirdiyinə görə, Əbil Vəzirov epizodu üzrə danışan Çovdarov deyib ki, oktyabrın 15-də axşam Xayt Mixayıl saxlanılıb, səhəri gün də prokurorluğa təhvil verilib: "İşi prokurorluq aparırdı, bütün qərarları da onlar verirdi. Onun cinayət işinə də prokurorluq xitam verib. O adamdan pul alıblarsa, prokurorluqda alıblar. O iş mənim əlimdə cəmi 2 saat olub. Mən pulu da götürüb, adamı da istintaqa təhvil vermişəm? Bu, necə olur? Bu işlə bağlı bütün addımlar prokurorluğun əməliyyat tapşırığına əsasən atılıb. Bizim əməllərimiz nəticəsində kimsə zərər çəkibsə, deməli prokurorluq günahkardır. Biz tapşırıqları icra etmişik".
Kamandar Nəsibov A.Çovdarovun köməkçisi Rövşən Ədilovun məhkəmədə dedikləri haqda bunları söyləyib:"O, dedi ki, istintaqda dindirilən zaman ona hədə-qorxu gələrək pul tələb ediblər. Ona ifadəni zorla imzalatdırıblar. Ədilov bildirdi ki, Aşurbəyov da yanında oturub. Onunla söyüşüb, dalaşıblar".
Vəkil qeyd edib ki, R.Ədilov çıxışına bunları əlavə edib: "Mənə təzyiq etdilər, pul tələb elədilər. Pul vermədiyimi demirəm, amma bu barədə danışmaq istəmirəm. Dedilər səni tutduracağıq. Mən ordan canımı qurtarmaq üçün heç nəyə baxmadan imzalayıb çıxdım".
Məhkəmə prosesi iyulun 5-də davam etdiriləcək.
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Muxalifet.az