​MTN ETTELAAT-ın oyununu pozan Azərbaycan vətəndaşını niyə həbs edib?

Həbsxanadan dəhşətli məktub; Eldar Mahumdovun dəstəsi dövlətçilik üçün çalışan adamları da sıradan çıxarırmış

2014-cü ildə Cinayət Məcəlləsinin 274-cü (vətənə xəyanət) maddəsi ilə 13 il azadlıqdan məhrum edilən Astara sakini Samir Həsənov atası Mirsahib Həsənov vasitəsi ilə “Azadlıq”a məktub göndərib. Samir Həsənovun yazdıqlarını oxucuların diqqətinə çatdırmamışdan əvvəl bildirək ki, Mirsahib Həsənov bu məktubu redaksiyamıza bir neçə ay əvvəl təqdim edib. Lakin sonradan zəng vuraraq xahiş edib ki, məktubu dərc etməyək.
Mirsahib Həsənov bunu oğluna yarana biləcək təhlükə ilə izah edib. Lakin son günlər MTN-də baş verən hadisələr Mirsahib Həsənovun fikrini dəyişib. O, redaksiyamıza zəng edərək məktubun dərc edilməsini xahiş edib. Beləliklə, Sahib Həsənov yazır:
 
Irandan qəfil zəng
 
“2012-ci ilin aprelin 1-də Muhsin Kabinzadə adlı Iran vətəndaşı mənə zəng edərək Irana gəlməyimi və orada mənə iş tapdığını söylədi. Ona bir neçə dəfə zəng edərək işin nədən idarət olmasını soruşdum. O isə bunun telefon söhbəti olmadığını və görüşəndə deyəcəyini bildirdi. Aprelin 3-də Irana getdim. Muhsin məni öz evinə apararaq orada üç nəfərlə, Iran vətəndaşları Mehdi, Əli və Rauf Kərimi adlı şəxslərlə tanış etdi. Onlar ailə tərkibimlə maraqlandılar. Mehdi isə xaricdə qohum-əqrəbamın olub-olmamasıyla maraqlandı. Sonra mənə hərbi sahədə işləməkdən danışdı. Onun suallarına təəccübləndiyimi deyəndə isə Azərbaycanda Amerikanın hərbi bazası olduğunu, Astara və Astara camaatının mühafizəsi üçün bunun vacibliyini dedi. Onların planları və məqsədlərini daha yaxşı anlamaq üçün özüm də plan qurdum. Dedim ki, Naxçıvanda işləyən tələbəmdən Amerika hərbi bazası barədə məlumat almağa çalışaram. Mehdi mənə Azərbaycan-Israil əlaqələri və Azərbaycanda dərc olunan qəzetləri gətirməyi, sərhəd hissələrində olan hərbçilərlə tanışlıq etməyi, dəniz kənarında olan hərbi liman yerlərinin şəkillərini çəkməyi dedi. Mehdi mənə hər yerdə adamları,  hərbi sahədə generallarının olduğunu dedi. Tərəddüd etsəm də, onlar bizdə Amerika hərbi bazasının olduğunu söylədilər. Rauf Kərimi söhbət edərək milli təhlükəsizlik naziri Eldar Mahmudovun adını çəkdi və onu, eləcə də Astarada olan  ”KQB”çiləri tanıdığını dedi. O, prezidenti pisləyərək  torpaqları işğal altında olmasından, Azərbaycanda evrovizion, gey-parad keçirilməsindən, prezidentin Israilin baş naziri Aviqdor Libermanla görüşdüyündən, Heydər Əliyevin 20 yanvar hadisəsinin əsas səbəbkarı olduğunu dedi. Sonra Muhsin bizi götürüb aparanda maşında Rauf mənə müdafiə sənayesi nazirinin kompüterdən çıxmış qəbul günləri və  Azərbaycana xarici ölkədən gətirilən hərbi qırıcı təyyarələrin şəkillərini göstərdi. Həqiqətən şok vəziyyətinə düşdüm.
 
MTN-lə əməkdaşlıq
 
Özlüyümdə bu işin axırına mütləq çıxacağıma söz verdim. Rauf Kərimi gülümsəyərək dedi ki, görürsən məndə nələr var?! O məxfi əməkdaşlıq etməyi mənə təklif edərək Mehdiylə Əlini tanımadığını bildirdi. Dedi ki, onlarla ayrı, mənimlə də işin ayrı olacaq. Rauf Azərbaycan, Israil və ABŞ-ın Azərbaycanda dərc olunan siyasi qəzet və internetdə dərc olunan məqalələrini ona gətirib verməyi bildirdi. Sonra da mənə pul təklifi elədi. Ona dedim ki, məni gömrük nəzarət keçid məntəqəsində tuta bilərlər. O isə mənə “çalış tutulma” söylədi. Rauf məni xüsusi xidmət orqanlarıyla özümü doğruldandan sonra tanış edəcəyini qeyd etdi. Özümü elə aparırdım ki, onlar məni yaxşı tanıya bilməsinlər.
Bundan iki ay sonra MTN-ə getdim. Olanları kimə deyəcəyimi dəqiqləşdirə bilmirdim. Çünki Mehdi mənə demişdi ki, bizim hər yerdə adamımız var. Ora gedəndə öncə şəxsiyyət vəsiqəmi təqdim edərək MTN-də işə düzəlməyimi bildirdim. Ad-soyadımı qeydiyyata alandan sonra çölə çıxaraq bir-iki saat öncə olanları danışdığım Vəfa xanıma zəng elədim. Vəfa xanım “Dəfinə” gözəllik salonunun sahibidir. O, mənə MTN-in internet saytına girib onlara məxfi məlumat çatdırmağımı anlatdı. Mən də həmin günü MTN-in saytına girərək məxfi məlumatımın olduğunu bildirdim. MTN əməkdaşı dərhal mənim telefon nömrəmə zəng vuraraq MTN-ə gəlməyimi söylədi. Içəri girəndə bir gənc oğlanla qarşılaşdım və ona qısaca olaraq məlumat verdim. O məni 2-ci mərtəbəyə aparanda digər əməkdaş məlumatları məndən yazılı şəkildə istədi. Mən dedim o yazdı və danışdıqlarımın nazir Eldar Mahmudova çatdırılmasını vurğuladım. Onlara dedim ki, bu mənim üçün bir oyundur. Yəni oyun deməkdə məqsədim  çətin və mümkünsüz işlərin öhdəsindən məharətlə gəlməyimi nəzərdə tuturdum. Bir ildən sonra onlar məni çağırıb izahat aldılar. Mənə zəng edən Elnur müəllim və yanında “rəis” deyə müraciət etdiyi başqa şəxs vardı. Prokuror Mailə isə içəridə öz otağında idi. Elnur müəllim məni qorxutdu və hədələdi. Sonra prokuror Mailənin otağına getdim. Ona iranlı Əli mənimlə gəlməyə razılaşsaydı, onlara mütləq xəbər verəcəyimi dedim. Amma bunların heç biri  olmayıb. Prokurorun dediyinə görə məlumatı 2 ay sonra çatdırdığıma görə mənə iş açıb. Amma ölkədə baş verəcək təhlükənin qarşısının alınmasında, onların ayıq-sayıq olmasında əsas səbəbkar mən olmuşam. Mailə mənə dedi ki, Elnur müəllimlə həmişə əlaqədə olum. Mən də razılaşdım.
 
Vətənə xəyanət ittiham ilə həbs
 
Bir dəfə də Elnur müəllimin göstərişiylə Irana getdim. Amma Muhsini görmədim, çünki Elnur müəllim demişdi ki, o səninlə təmas qurmasa, sən ona heç bir şey demə. Bir il Dəvəçidə Səba broyler zavodunda ərəblərlə işlədim. Bu ərəfədə MTN öz işini görürdü. Onlar Rauf Kərimini həbs etdilər. MTN elə bilirdi ki, mən iranlıya Azərbaycana gəlməməyi, onu tutacaqlarını deyə bilərəm. Amma onların düşündüyü  kimi olmadı. Mənə inandılar. Mən MTN-də bir neçə dəfə oldum. 2013-cü ilin payızında azyaşlı oğlum Muhəmmədlə MTN-ə getmişdim. Elnur müəllim yaman əsəbləşmişdi. Uşaq bunun canlı şahididir. Onu deyim ki, MTN-də hamı mənimlə xoş və ciddi rəftar edib. Amma mən casus və kəşfiyyatçı deyiləm. Müstəntiq Vüsal Ələkbərov mənə dedi ki, gələn Novruz bayramında öz evində olarsan. Mən ona və onların heç birinə inanmırdım. Bütün olanlardan ailə üzvlərimin heç birinin xəbəri yoxdur.
Mənə 2014-cü ildə zəng edərək yanvarın 22-də MTN-də olmağı bildirdilər. Sübh tezdən ailə üzvlərimə dedim ki, ərəb dilində tərcümə işi var, ərəb turistlərini ekskursiyaya aparacağam. Vüsal Ələkbərovun otağına getdim. Məni həbs etdilər. Vətənə xəyanət və casusluq ittihamını eşidəndə çaşdım. Axı mən haranı satmışam? Nə etmişəm? MTN əməkdaşları Astaraya getdilər və atamın, kirayə qaldığım evi axtardılar.  Amma heç nə tapa bilmədilər. Onları kimsə aldatmışdı ki,  guya məndə 40 milyon dollar pul var.
Mən öz ölkəm və dövlətimə olan təhlükənin qarşısının alınmasında iştirak etdim. Onlar isə kiminsə sifarişiylə məni həbsxanaya atdılar. Bu qədər haqsızlıq olmaz. Xahiş edirəm, baş verən bütün hadisənin araşdırılması üçün göstəriş verəsiniz”.