​MTN-dən təyinat açıqlaması

Arif Babayev: "Mənim bu haqda məlumatım yoxdur"

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində yeni təyinat olub. ANS PRESS-in məlumatına görə, bu barədə lent.az məlumat yayıb. Azərbaycan milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyevin əmri ilə nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsi general-mayor Hafiz Musayevə həvalə olunub. H.Musayev bu təyinata qədər həmin idarənin rəis müavini olub.
MTN-nin mətbuat xidmətinin rəhbəri Arif Babayev ANS PRESS-ə açıqlamasında bu barədə hər hansı məlumatı verməkdən boyun qaçırıb. "Mənim bu haqda məlumatım yoxdur".
Xatırladaq ki, adıçəkilən idarənin rəisi Nizami Şirinov ötən gün M.Quliyevin əmri ilə tutduğu vəzifədən azad olunmuşdu.
Nizami Şirinov bu vəzifəyə təyin olunana qədər Prezident yanında Xüsusi İdarənin əməkdaşı olub.
“MTN işi” ilə əlaqədar demək olar ki, hər gün həbslər həyata keçirlir. Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Qeyd edək ki, bir müddət əvvəl Səbayel Rayon Məhkəməsinin qərarı ilə MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun hər birinin barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Daha sonra daha bir neçə vəzifəli şəxsin həbs və sərəncama göndərilmə xəbəri yayaılıb. Bunlardan biri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovdur. V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin bir neçə gün öncə işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqəlidir.
Vidadi Zeynalov nazirlikdən öncə, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati - təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Daha sonra iş yerini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəyişib.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin eks-rəisi Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur.
Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.