MTN-də “təmizləmə əməliyyatı”nın şok səbəbi

Baxış sayı:
5830

Eldar Mahmudovun “vurulması”na MTN-nin Rusiya əleyhinə fəaliyyəti səbəb olub? Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən alınması istər Azərbaycanda, istər də ölkədən kənarda ciddi müzakirələrə yol açdı. Təsadüfi deyil ki, bu mövzu Türkiyə və Rusiya mediası ilə yanaşı, Avropanın nüfuzlu mətbuat orqanlarında da geniş işıqlandırıldı. Xüsusən də nazirin işdən çıxarılmasına paralel olaraq Milli Təhlükəsizlik Nazirliyində (MTN) əməliyyat keçirilməsi və bir sıra yüksək rütbəli məmurların həbs olunması daha çox diqqət mərkəzində oldu və müxtəlif versiyalara yol açdı. İlk olaraq belə bir fikir ortaya atıldı ki, MTN əməkdaşları prezidentin və onun ailə üzvlərinin telefon danışıqlarını gizli olaraq dinləyiblər. İddia olunur ki, bu fakt İlham Əliyevə çatdırılıb və ölkə başçısı Eldar Mahmudovu kabinetinə çağıraraq məlum səbəblərdən istefaya göndərildiyini şəxsən üzünə söyləyib, eyni vaxta da MTN-də əməliyyat aparılmasına göstəriş verib. MTN prezidentin ailə üzvlərini dinləyib? Növbəti versiyalara keçməzdən öncə qeyd edək ki, Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının prezidentin və onun ailə üzvlərinin telefon danışıqlarını gizli olaraq dinlədiyi səbəbindən istefaya göndərilməsi barədə informasiya heç də inandırıcı deyil. Ən azı ona görə ki, bu ölkədə MTN və digər səlahiyyətli qurumlar tərəfindən telefon danışıqları dinlənilməyən fəal vətəndaş demək olar ki, yoxdur. İstər siyasi partiyalarda, istər mətbuatda, istər də QHT şəbəkəsində və s. təmsil olunan əksər şəxslərin nəinki telefon danışıqlarının dinlənildiyi, hətta onların bir çoxunun mütəmadi olaraq izlənildiyi heç kimə sirr deyil. Odur ki, prezidentin ailə üzvlərinin dinlənilməsi haqda ortada fakt olsa belə, bu, MTN-nin yüksək rütbəli kadrlarının köklü dəyişdirilməsinə rəvac verə bilməzdi. Digər tərəfdən, prezidentin ailə üzvləri İŞİD lideri və yaxud da Əl-Qaidə rəhbərləri ilə danışıqlar aparmırlar ki, onların dinlənilməsinə bu qədər sərt reaksiya verilsin. Əksinə, MTN-in hansısa məqamda, tutaq ki, prezidentin ailə üzvlərinin təhlükəsizliyi səbəbindən belə bir addım atması tamamilə normal qarşılanmalıdır. Bunun üçün MTN-də “təmizləmə əməliyyatı”na səbəb olduğu iddia edilən BİRİNCİ VERSİYA az inandırıcıdır. Əlbəttə, ola bilər ki, söhbət heç də telefon danışıqlarının dinlənilməsindən getmir, MTN əməkdaşları prezident ailəsinin maraqlarına toxunan DAHA CİDDİ YANLIŞLIĞA yol veriblər. Hər halda, əgər Eldar Mahmudov və komandası məhz bu səbəbdən “vurulubsa”, İlham Əliyevin bu addımını tamamilə təbii qəbul etmək olar. Lakin bütün bunlarla bağlı əlimizdə heç bir fakt olmadığından, bu haqda fikir bildirməmiz də doğru olmaz. Beynəlxalq Bank qalmaqalı, yoxsa...? MTN rəhbəri istefaya göndəriləndə mətbuatın üzərində dayandığı İKİNCİ VERSİYA bu oldu ki, Eldar Mahmudov Azərbayacan Beynəlxalq Bankı ətrafında baş verən qalmaqalın “qurbanı olub”. Belə bir fikir ortaya atıldı ki, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə quda olan Eldar Mahmudov, guya, bu qohumluqdan istifadə edərək bankın külli miqdarda pulunu “talan edib”. Hətta bəzi mətbu orqanlar qudaların birgə 8 milyard dollar dövlət vəsaitini mənimsədiyi haqda informasiya yaydılar. Lakin sonradan MTN-də keçirilən xüsusi əməliyyat, o cümlədən Cahangir Hacıyevin həbs xəbərinin təsdiqlənməməsi bu versiyanı aradan qaldırdı. Çünki əgər E.Mahmudov Beynəlxalq Bank qalmaqalına görə istefaya göndərilmişdisə, o halda MTN əməkdaşlarının bu işə nə kimi aidiyyatı ola bilərdi?! MTN iş adamlarını şantaj edib? Üçüncü versiya ondan ibarətdir ki, Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının ayrı-ayrı iş adamlarını şantaj edərək, onlardan külli miqdarda pul alması haqda çoxsaylı faktlar İlham Əliyevə çatdırılıb və prezident məhz bu səbəbdən MTN-də xüsusi əməliyyat aparılmasına göstəriş verib. Son vaxtlar mətbuatda da çoxsaylı ittihamlar yer alır ki, MTN-in ayrı-ayrı vəzifəli şəxsləri müxtəlif iş adamlarına, sahibkarlara hədə-qorxu gələrək, onlardan külli miqdarda pul alıb. Hətta hazırda həmin iş adamlarının siyahısının hazırlandığı haqda da bilgilər var. Hansı ki, bu şəxslərin bəziləri mətbuatda çıxış edərək, həbsdən xilas olmaq üçün MTN-in yüksək vəzifəli əməkdaşlarına yüzminlərlə manat ödəmək məcburiyyətində qaldıqlarını iddia ediblər. Sözsüz ki, MTN-nin istər hazırda barələrində həbs qərarı çıxarılan 14 əməkdaşının, istər də hələ də bu qurumda çalışan çoxsaylı məmurların öz vəzifə səlahiyyətlərini aşaraq, bir sıra cinayətlərə yol verdiyi kimsəyə sirr deyil. Amma onu da nəzərə almaq lazımdır ki, həmin şəxslərin sahibkarları şantaj edərək onlardan pul alması faktı yeni deyil. Bu proses illərdir davam edir və cəmiyyətdə olduğu kimi, hakimiyyətdə də çoxlu sayda insanın baş verənlərdən xəbəri olduğu şübhə doğurmur... Əslində, bu gün “zərərçəkmiş” qismində ortaya çıxan iş adamlarının bəziləri də etiraf edir ki, onlar bu il deyil, 8-10-12 il öncə “haqsızlığa məruz qalıblar”. Həmin iş adamlarının niyə məhz indi ortalığa çıxmasının səbəbləri aydındır. Çünki onların bir çoxu əllərində olan vəsaiti bütünlüklə itirməmək qorxusu ilə susmağa üstünlük veriblər. Ancaq bu da danılmazıdır ki, əgər həqiqətən də İlham Əliyev MTN əməkdaşlarının sahibkarlara “divan tutması”ndan xəbərdar olan kimi bu qurumda təmizləmə aparıbsa, deməli, illər öncə də eyni addımı ata bilərdi. Nəzər almaq lazımdır ki, Azərbaycanda istər MTN, istər də digər qurumlar və nüfuzlu məmurlar tərəfindən bu və ya digər iş adamının müxtəlif yollarla müflis edilməsi faktı heç də indi ortaya çıxmayıb. Məsələn, mümkün deyil ki, prezident İlham Əliyev məşhur Zülfüqarlı qardaşlarının ölkədən didərgin salınması faktından indiyədək xəbərsiz olub. Və yaxud da onlarla belə fakt sadalamaq olar ki, nəinki Azərbaycanda, eləcə də ölkədən kənarda ciddi hay-küyə səbəb olub... Bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, MTN-dəki “təmizləmə əməliyyatı”nın səbəbi heç də bu qurumun hansısa əməkdaşının sahibkarları şantaj etməklə, onlardan pul qoparması faktı ilə bağlı deyil. Eldar Mahmudov prezident olmaq istəyib? Dördüncü versiya budur ki, guya, MTN şefi Eldar Mahmudov və onun komandası “hakimiyyət çevrilişi” etmək istəyirlərmiş, lakin bu plan deşifrə olunub. Hətta bəzi mətbu orqanlarda E.Mahmudovun “kölgə kabineti” formalaşdırdığı və bir çox nüfuzlu məmurun da onun yanında yer aldığı iddia olundu. Ancaq proseslərin gedişi bu versiyanın tamamilə istisna edir. Belə ki, əgər həqiqətən də “çevriliş planı” mövcud idisə, onda bu həbslər təkcə MTN əməkdaşlarını əhatə etməzdi. Digər tərəfdən, 2005-ci ilin “hakimiyyət çevrilişi” təcrübəsi də göstərir ki, ilk öncə “çevriliş planı”nın başında duran şəxslər həbs olunmalı idi. Lakin bu gün E.Mahmudovun azadlıqda olması və bəzilərinin iddia etdiyi kimi “kölgə kabineti”nin MTN-nin hasarını aşmaması bu ehtimalı aradan qaldırır. Əlbəttə, E.Mahmudovun illərdir hakimiyyətdə üz-üzə duran iki nəhəng qruplaşmanın bir tərəfində yer aldığı sirr deyil. Hətta mətbuatda zaman-zaman bu qruplar arasında ciddi nüfuz savaşı getdiyi haqda da informasiyalar yayılıb. Bu günə qədər E.Mahmudovun prezidentə qarşı çıxdığı barədə isə, KİV-də bircə kəlimə belə yazılmayıb. Əksinə, son günlərədək onun HAKİM AİLƏyə ən sadiq kadrlardan biri olduğu vurğulanırdı. Belə olan halda MTN şefinin “hakimiyyət çevrilişi” və prezidentlik iddiasına düşməsi ağılsızlıq olardı... MTN rəhbərinin “vurulması”nı Putin istəyib? Beşinci versiya ondan ibarətdir ki, Eldar Mahmudov saraydaxili çəkişmələrin qurbanı olub. Burada söhbət Qərbmeylli və Rusiyapərəst qruplar arasındakı çəkişmələrdən gedir. Bu versiya haqda hər hansı fikir söyləməzdən öncə qeyd edək ki, Azərbaycan hakimiyyətində Rusiyapərəst və Qərbmeylli kadrların mövcudluğu kimsəyə sirr deyil. O cümlədən bu qruplar arasında nüfuz savaşının getdiyi haqda xəbərlər də yeni deyil. Hələ mərhum prezident Heydər Əliyevin hakimiyyəti dönəmində mətbuat bu qruplaşmaların varlığından yazırdı. Lakin H.Əliyev istər daxildəki qruplar arasında, istər də Rusiya və Qərb arasında balansı qorumağı bacarırdı. Sonralar – İlham Əliyev iqtidar başına keçdikdə hakimiyyətdaxili qruplaşmalar arasındakı tarazlıq pozuldu və ruspərəstlər üstünlük qazanmağa başladı. Bunun nəticəsində isə tədricən rəsmi Bakının Rusiya və Qərb arasındakı balans siyasəti də gündəmdən çıxdı. Təsadüfi deyil ki, əksər siyasətçilər və politoloqlar son illər Azərbaycan hakimiyyətinin Rusiyanın təsiri altında olduğunu iddia edir. Buna misal olaraq əksər kadrların Rusiyameylli olması, hətta Milli Məclisin belə ruspərəstlərdən ibarət formalaşması göstərilir. MTN rəhbəri Eldar Mahmudovun də Qərbmeylli kadr olduğu haqda informasiyaları nəzərə alsaq, onun “vurulması”nda saraydaxili çəkişmələrin, konkret desək Rusiya faktorunun varlığı açıq-aşkar özünü göstərir. Onu da diqqətdən qaçırmayaq ki, prezident İlham Əliyev məhz Rusiya prezidenti Vladimir Putinlə (Qazaxıstanda keçirilən MDB sammiti çərçivəsində) görüşdən qayıtdıqdan dərhal sonra belə bir sərəncam imzaladı. Bu səbəbdən sonuncu verisiya bir qədər də inandırcılıq yükü qazanır. Çox güman ki, V.Putin bu görüşdə İ.Əliyevə MTN-in Rusiya əleyhinə fəaliyyəti ilə bağlı hansısa faktları təqdim edib və bu və ya digər təklifin qarşılığında E.Mahmudovun vəzifədən alınmasını istəyib, Azərbaycan prezidenti də rusiyalı həmkarının istəyini yerinə yetirib. Yeri gəlmişkən, 2013-cü il prezident seçkiləri ərəfəsində Rusiyanın İlham Əliyevə dəstəyinin qarşılığında Putinin ölkə başçısından Qərbmeylli kadr olan müdafiə naziri Səfər Əbiyevin istefaya göndərilməsini istəməsi haqda informasiyaların olduğunu da nəzərə alsaq, E.Mahmudovun “vurulma” səbəbinə qismən də olsa aydınlıq tapmış olarıq... Günay ƏSƏDOVA