​Mətbuat Şurası beşinci gündür ki, APA-nın bağlandığını “görmür”

Baxış sayı:
3079

200- ə yaxın jurnalist və texniki personalın çalışdığı APA İnformasiya Holdinqinin saytlarının bağlanmasından beş gün keçsə də Azərbaycan Mətbuat Şurası heç bir bəyanat verməyib, hökumətə və prezidentə müraciət etməyib, ümumiyyətlə, formal olaraq da agentliyin bağlanmasına maraq göstərməyib.
MŞ sədri, deputat Ə.Amaşov avqustun 1-də "Yeni Çağ" saytının baş redaktoru Aqil Ələsgərlinin (KİV-in məlumatına görə, prezidentin köməkçisi Əli Həsənovun yaxınıdır) qaçaqmalçılığa görə sərhəddə saxlanmasına operativ reaksiya verib.
Ə.Amaşov "qaçaqmalçı"nın sərbəşt buraxılması prosesində iştirak edib. Sosial mühitdə belə deyirlər ki, A.Ələsgərli KİV-ə kuratorluq edən yüksək vəzifəli funksionerin pulunu müntəzəm olaraq qaçaqmalçılıq yolu ilə Azərbaycandan çıxarıb.
APA kollektivinin taleyi isə Ə.Amaşova və MŞ üzvlərinə maraqlı deyil, baxmayaraq ki, agentliyin direktoru Vüsalə Mahirqızı MŞ İdarə Heyətinin sıralarında yer alıb.
Ə.Amaşov etiraz edib deyə bilər ki, APA-nın direktoru özü Facebook-da bildirib ki, APA saytları holdinq rəhbərliyinin qərarı ilə bağlanıb. Bu inandırıcı olmayan bəyanat 200-ə yaxın işçisi olan KİV-in aqibətinə görə MŞ-nin məsuliyyətini azaltmır.
Media sahəsində ekspert Ələsgər Məmmədli bağlanma (bəlkə də müvəqqəti) ilə bağlı digərlərindən daha yaxşı və lakonik fikir söyləyib. O deyib ki, holdinq onun əsl sahibinin göstərişi ilə bağlanıb. V.Mahirqızı holdinqin sahibi deyil. Necə deyərlər "Allah vermişdi, Allah da aldı". (Turan)