Mətbuata nəzarət ictimai-siyasi şöbədən alınmalıdır - SƏRDAR CƏLALOĞLU

Baxış sayı:
3550

"Azərbaycan prezidenti yanında kütləvi informasiya vasitələri ilə bağlı xüsusi şöbə yaradılmalıdır"

"Paşinyan Azərbaycana meydan oxuduğu halda Türkiyə ilə dost olmaq istəyirsə, bu, o deməkdir ki, bu adam normal düşüncə tərzinə malik deyil, ağılsız biridir"

Bu gün Cənubi Qafqazda, o cümlədən Yaxın Şərqdə baş verən olaylar dünyanın diqqət mərkəzindədir. Belə ki, düşmən ölkə Ermənistanda əhali məhz etiraz dalğası sayəsində Serj Sarkisyanın istefasına, "Qarabağ klanı"nın hakimiyyətdən çəkilməsinə, Nikol Paşinyanın isə baş nazir postuna gətirilməsinə nail oldu. Qonşu Gürcüstanda isə paytaxt Tiflisdə gecə klublarında narkotikə qarşı böyük səs-küylə aparılan reydlərdən sonra gənclərin parlamentin və hökumətin önündə izdihamlı aksiyaları başlayıb. Yaxın Şərqə gəlincə, burda vəziyyət daha kritikdir. Çünki ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasının ardınca ABŞ-ın Təl-Əvivdəki səfirliyi Qüdsə köçürüldü. Bu isə öz növbəsində, Yaxın Şərqdə gərginliyin artmasına səbəb olmaqla yanaşı, rəsmi Vaşinqtonun beynəlxalq hüquqa əməl etmədiyini, şəxsi maraqları naminə, ağız dolusu danışdığı demokratiyanı belə, qurban verməyə hazır olduğunu bir daha sübuta yetirmiş oldu.

Halbuki BMT Baş Assambleyası 2017-ci il dekabrın 21-də qəbul etdiyi qətnamə ilə Qüdsü İsrailin paytaxtı kimi tanımayıb. Baş Assambleya ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. Lakin buna əhəmiyyət verməyən ABŞ Təl-Əvivdəki səfirliyi Qüdsə köçürməklə BMT-nin Qüdslə bağlı 1980-ci ildə verdiyi və hələlik heç kimin pozmadığı qərarı ayaqlar altına atdı. Odur ki, sadaladığımız hadisələr və digər məsələlərlə bağlı fikirlərini öyrənmək məqsədilə prezidentliyə keçmiş namizəd, ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.

- Sərdar bəy, bildiyiniz kimi, bu yaxınlarda Ermənistanda, hazırda isə Gürcüstanda izdihamlı etiraz aksiyaları keçirilir. Sizcə, bu gün Cənubi Qafqazda nələr baş verir?

- Əvvəla, onu deyim ki, Gürcüstan və Ermənistanda baş verən hadisələr bir-birindən tamam fərqlidir. Belə ki, Ermənistanda bir siyasi hadisə baş verib və nəticədə hakimiyyət dəyişib. Gürcüstanda isə bir sosial etiraz var. Bu hadisələrin başlanma səbəbləri də fərqlidir. Məsələn, Ermənistanda Sarkisyanın uzun illər apardığı klançılıq siyasəti xalqa zidd olduğu üçün cəmiyyətin bir hissəsi bununla barışmayıb və nəticədə etirazçılar Nikol Paşinyanın rəhbərliyi ilə hakimiyyəti ələ alıb. Gürcüstanda baş verən hadisələr isə müəyyən bir maraq dairəsinin həyata keçirdiyi aksiyadır. Yəni orda gecə klublarında narkotikə qarşı reydlər aparılıb. Əslində, bu cür əməliyyatlar dünyanın bir çox ölkələrində keçirilir. Hamı bilir ki, narkotik maddələrin ticarətinin əsas sahələrindən biri gecə barlarıdır. Məsələn, ABŞ-da da bu tip reydlər keçirilir və barları bağlayıb axtarış aparırlar. Görünür, Gürcüstanda narkoticarətlə məşğul olan hansısa mafiya bu olayları təşkil edib. Ola bilsin ki, etirazçıların bir çoxu narkotik maddələrdən istifadə edən gənclərdir. Yəni Ermənistandan fərqli olaraq, Gürcüstandakı etirazın səbəbi və şüarları siyasi deyil.

- Sizcə, Gürcüstandakı etiraz aksiyaları bir müddət sonra siyasiləşə bilərmi?

- Düşünürəm ki, bu etiraz aksiyaları siyasiləşə bilməz. Proses o zaman siyasiləşər ki, doğrudan da ölkədə hansısa narazı kütlə formalaşsın. Gürcüstan müstəqil dövlətdir, kifayət qədər Avropaya inteqrasiya edib. Eyni zamanda, Azərbaycan və Ermənistandan fərqli olaraq sosial təmiz, sağlam cəmiyyət qura biliblər. Orda rüşvət və korrupsiya bizdəki kimi deyil. Bundan başqa, seçkilər demokratik keçirilir, hakimiyyət seçkilər vasitəsi ilə dəyişdirilir. Odur ki, bütün bunlar xalqın kütləvi narazılığına gətirib çıxara bilməz. Yəni Gürcüstan Azərbaycan və Ermənistandan fərqli olaraq sürətlə irəli gedir. Bu isə təsadüfi deyil. Çünki tarix boyu Gürcüstan demokratikləşmə, müstəqilləşmə məsələsində hər zaman Azərbaycan və Ermənistandan qabaqda olub. Məsələn, Zaqafqaziya Seymi (Zaqafqaziya Demokratik Federativ Respublikası-red.) ilk dəfə 26 may 1918-ci ildə Gürcüstanın özünü müstəqil elan etməsi ilə dağılıb. Ondan sonra Ermənistan, nəhayət, tək qalan Azərbaycan da Seymdən çıxıb. Bundan başqa, Gürcüstan kommunistləri uzun müddət ölkənin SSRİ-nin tərkibinə daxil olmasına razılıq vermədi. Hətta bu səbəbdən Lenin Orconikidzeni Gürcüstana göndərib. Nəticədə Orconikidze Gürcüstan Kommunist Partiyasının o zamankı birinci katibini millətin maraqlarını düşünmədiyinə görə, rusların ölkəni məhv edə bilmə təhlükəsi səbəbindən döyüb. Yəni gürcülərdə daim qeyri-adi dərəcədə istiqlal təfəkkürü olub. Gürcü kommunistləri SSRİ-nin tərkibinə daxil olmağın, Azərbaycan kommunistləri isə ölkənin müstəqilliyinin əleyhinə çıxış ediblər. Fərq bu qədər aydın, açıqdır. Yəni gürcülər özünün siyasi aktivliyinə, siyasi şüuruna görə, bizdən o qədər qabaqdadır ki, 100 ildən sonra müstəqil olmaq üçün siyasi şərait yarandıqda dərhal bundan yararlandı. Bu gün Azərbaycan və Ermənistan əslində suverenliyi məhdud, tam müstəqilliyi olmayan dövlətlərdir. Gürcüstan isə hətta 2 böyük ərazisini itirmək naminə Rusiyanın əsarətindən xilas oldu. Bu gün Pribaltika respublikaları ilə yanaşı, yalnız Gürcüstan azad, müstəqil respublikadır. Bir qədər də bu istiqamətdə Ukrayna cəhd edir. Qalan keçmiş sovet ölkələri isə Rusiyanın əsarəti altında qalan təsərrüfat müstəqilliyinə malik ərazilərdir.

Ermənilərə gəlincə, onlar həm əsrin əvvəlində, həm də indi eyni siyasət aparırlar. Onların tutduğu mövqeyə görə, nə Ermənistan, nə də Azərbaycan azad olur. O vaxt Rəsulzadə deyirdi ki, ermənilər torpaq iddiası nəinki ermənilərə müstəqillik verdi, hətta Azərbaycanın istiqlaliyyətinə təhdid yaratdı. Bu üç xalqın fərqi ondan ibarətdir ki, ermənilər torpaq iddialarına görə, həm özlərinin, həm də Gürcüstan və Azərbaycanın müstəqilliyinə təhdid yaradırlar, gürcülər torpaqlarını itirmək naminə müstəqillik əldə edib, Azərbaycan isə torpaqlarını itirsə də, itirməsə də müstəqillik uğrunda ciddi addım atmır. Bu səbəbdən də Cənubi Qafqazda baş verən hadisələri uzlaşdırmaq, siyasi əlaqə axtarmaq mümkün deyil.

- Ermənistanın yeni baş naziri Nikol Paşinyan Ankara ilə heç bir ilkin şərt irəli sürmədən, yəni Azərbaycanın işğal altında olan əraziləri azad edilmədən münasibətləri normallaşdırmaq üçün danışıqlara hazır olduğunu bəyan edib. Sizcə, onun bu cür sərsəm açıqlama verməsinin kökündə nə dayanır?

- Paşinyan başa düşür ki, yalnız Rusiya ilə əlaqə saxlamaqla, Ermənistanın mövcud problemlərini aradan qaldıra bilməyəcək. Odur ki, Ermənistanın Sarkisyan zamanından fərqli bir dönəmə keçməsi üçün mütləq Türkiyə ilə açıq iqtisadi və siyasi əlaqələr qurmaq lazımdır. Çünki Türkiyə həm böyük bir bazardır, həm Ermənistanın Türkiyə ilə böyük sərhədi var. O cümlədən Ermənistanın açıq sulara çıxmasının yeganə yolu Türkiyədən keçir. Bu baxımdan, Paşinyan yaxşı başa düşür ki, Türkiyə ilə əlaqələr Ermənistanın güclənməsi, hakimiyyətin xalqa verdiyi vədləri yerinə yetirməsi üçün çox vacibdir. Lakin o, bir məqamə unudur ki, Türkiyə ilə Azərbaycanın maraqları üst-üstə düşür və biz siyasi müttəfiqlərik. Sən Türkiyəyə qarşı genosid məsələsi qaldırmaqla, Azərbaycana qarşı ərazi iddiası ilə heç vaxt Türkiyə ilə dost ola, əlaqələr qura bilməzsən. Ümumiyyətlə, Türkiyənin Ermənistanla iqtisadi və siyasi əlaqələr qurmasında elə də ciddi xeyri ola bilməz. Əksinə, milli məsələni bir kənara qoysaq belə, Türkiyəyə Azərbaycanla sıx münasibət qurmaq, əlaqələri daha da genişləndirmək həm siyasi, həm də iqtisadi baxımdan daha faydalıdır. Ermənistan İstanbulun bir küçəsi boydadır. Odur ki, Türkiyə bir küçəsi boyda dövlətlə əlaqə yaratmaq naminə milyardlarla xeyir götürdüyü və qan qardaşı, strateji müttəfiqi olan Azərbaycanın maraqlarını heç vaxt qurban verməz. Məhz bu faktın özü Paşinyanın siyasi cəhətdən kor olduğunu sübuta yetirir. Bu gün hətta Paşinyanın ağası, Ermənistanın hamisi olan Rusiyanın Türkiyənin dəstəyinə ehtiyacı varsa, Paşinyan Azərbaycana meydan oxuduğu halda Türkiyə ilə dost olmaq istəyirsə, bu, o deməkdir ki, bu adam normal düşüncə tərzinə malik deyil, ağılsız biridir.

- Bu gün İranla İsrail arasında münasibətlər yetərincə gərginləşib. Belə ki, onlar hazırda Suriyada bir-biri ilə savaşır. Sizcə, onların münasibətləri gələcəkdə daha kəskin fazaya qədəm qoya, iki ölkə arasında müharibə başlaya bilərmi?

- Vaxtilə Lenin Səttərxan hərəkatına qiymət verərkən deyirdi ki, İran dünya siyasətinin alışqan maddəsidir. Yəni İranın yerləşdiyi İran Körfəzində nəhəng dövlətlərin maraqları olduğu üçün orada münaqişı olacağı təqdirdə, bu, dünya müharibəsinə çevrilə bilər. Gördüyünüz kimi, ABŞ İrana qarşı bir sanksiya tətbiq edən kimi onun qabağına Fransa, Almaniya, İngiltərə, Rusiya və Türkiyə çıxır. Çünki bu ölkələrin İranda çox nəhəng maraqları var. Məsələn, Fransanın 20-30 milyard dollarlıq layihəsi, Almaniya və İngiltərənin də təxminən, bu civarda layihəsi var. Bu baxımdan, ABŞ-ın İranla qarşıdurması, bir növ Fransa, Almaniya və İngiltərə ilə qarşıdurması deməkdir. Məhz elə bu səbəbdən də İsraillə İran arasındalı münasibətlər sonda müharibə həddinə çatmayacaq.

Bildiyiniz kimi, bundan bir qədər öncə Tramp Şimali Koreyanı vuracağı ilə hədələyirdi. Lakin bir qədər sonra danışıqlar mərhələsinə keçdilər. Eyni taktika bu gün İrana qarşı da işlədilir. Yəni əvvəlcə təzyiq, sonra isə danışıqlar qapısı açılır. Təbii ki, İran Şimali Koreya deyil. O, 2-3 min illik dövlətçilik tarixi olan və bu bölgədə oturuşmuş siyasəti olan bir dövlətdir. Baxın, ABŞ İranı blokadaya aldığı zaman o, həm kosmik, həm də nüvə dövlətinə çevrildi. ABŞ isə düşünürdü ki, artıq İran mıhv olacaq. Lakin bunun əksinə İran kosmosa raketini belə, buraxdı. Bu gün isə Yaxın Şərqdə geopolitik bir güc kimi çıxış edir. Ümumiyyətlə, İsrail-İran münaqişəsinin əsasında Hizbullah məsələsi durur. Yəni İsrail istəyir ki, İran özünün hərbi-siyasi təsirində olan gücləri dəstəkləməsin, nəticədə o, digər dövlətlərdən daha çox ərazi alsın. İran isə həmin qüvvələri dəstəkləməklə faktiki olaraq İsrailin genişlənməsinin, onun geopolitik gücə çevrilməsinin qarşısını almaq istəyir. Buna rəğmən, İranla İsrail arasında heç bir müharibə olmayacaq. İndiki gərginliyin, blokadanın, sanksiyaların isə yeganə səbəbi İranı danışıqlara gətirib İsrailə təhdid olan qüvvələri dəstəkləməkdən məhrum etməkdir. Nüvə silahı məsələsi isə burada sadəcə bir bəhanədir. İranın əlindəki nüvə silahı Hizbullahdır.

- Bildiyiniz kimi, Fransada "Quran"dan yəhudilərə qarşı fikirlərin çıxarılması ilə bağlı 300 nəfərdən imza toplanıb. Şikayət ərizəsini imzalayanlar arasında keçmiş Fransa prezidenti Nikola Sarkozi, 3 keçmiş baş nazir də var. Bu barədə fikirlərinizi öyrənmək istərdik.

- "Qurani-Kərim"də belə bir ayə var ki, bu kitab Allah-Təala tərəfindən nazil edilib və onun bir hərfini belə, dəyişdirən yoxdur. Bir başqa ayə var ki, "Qurani-Kərim" Allah-Təala tərəfindən qiyamətə qədər qorunacaq, ona kimsə toxuna bilməz. Bu gün biz "Quran"ın bütün ayələrini çıxarsaq belə, bu, "Quran"ı dəyişdirmək demək deyil. Əslində, bu, mümkün də deyil. Çünki onlar "Qurani-Kərim"i bir bəşəri kitab kimi görürlər. Belə hesab edirlər ki, bu kitabı kimsə yazıb və indi də deyirlər ki, həmin yazılanlarn bəzilərini çıxardaq. Dediyim kimi, "Qurani-Kərim"i insan yazmayıb. Belə olan halda insan ordan nəyisə necə çıxara bilər? Onda deməlidirlər ki, "Qurani-Kərim" "Tövrat"dan və "İncil"dən fərqli olaraq Allahdan gəlməyib, onu Məhəmməd peyğəmbər (s.a.s.) yazıb. Bunu deməyə isə cəsarət edə bilmirlər. Çünki hamı bilir ki, "Qurani-Kərim" insan ağlının məhsulu deyil. Bu elmi şəkildə də sübut olunub. Düşünürəm ki, vəziyyətin bu həddə gəlməsinin səbəblərindən biri də odur ki, İslam alimləri "Qurani-Kərim"i müasir dövrdə lazım olan səviyyədə təbliğ edə bilmirlər. Bu səbəbdən də "Qurani-Kərim"in batini mənalarının çağdaş dövrə uyğun dərk edilməsində problem var. Halbuki "Quran" elə bir kitabdır ki, onun bir ayəsi ilə tam məzmunu birdir. Yəni "Qurani-Kərim"in bir ayəsini çıxarmaq üçün onu bütünlüklə dağıtmaq lazımdır. Çünki "Quran"ın bir ayəsi digərlərinə bağlanıb. Odur ki, bir ayəni çıxarsan, o zaman hamısı məhv olacaq. Bundan başqa, "Qurani-Kərim"in ayələrinin zahiri mənası ilə batini mənası fərqlidir. Sən onun zahiri mənasına görə bir ayəni çıxarsan, onda batini mənasını da çıxarmış olursan. Həmin batini mənalar isə dünyanın idarə olunmasında hava-su kimi lazım olan mənalardır.

Onu da qeyd edim ki, "Qurani-Kərim" material dünyanın bir mücərrədliyidir. Yəni "Quran" bu dünyanın elmidir, bu dünya isə onun maddi ifadəsidir. Siz bu dünyadan ayı, ulduzu, günəşi çıxara bilərsiz? Təbii ki, yox. O zaman "Qurani-Kərim"dən hər hansı ayəni də çıxara bilməzsiz. Yəni insan dünyanın qanununu poza bilmədiyi kimi, "Qurani-Kərim"in də nizamını poza bilməz.

Nəhayət, bildiyiniz kimi, Fransada "Quran"dan ayələrin çıxarılması ilə bağlı imza verənlərin hamısı xristiandır. Bir dinin nümayəndələrinin başqa bir dinin müqəddəs kitabı ilə bağlı belə bir mövqe ortaya qoyması ilk öncə beynəlxalq hüquqa ziddir. Bu həm də "Qurani-Kərim"i anlamamağın, onu dərk etməməyin nəticəsidir. Bu səbəbdən də mən Fransa səfirliyinə məktub yazdım və bildirdim ki, onlara "Quranı" başa sala bilərik. Unutmaq lazım deyil ki, İslam dini, "Qurani-Kərim" bu gün bütün dünyanın tanıdığı yüzlərlə dahi şəxsiyyət yetişdirib.

- Sərdar bəy, mövzudan kənar olsa da, bir suala da aydınlıq gətirmənizi istərdik, hansı ki, bu, həm də “Hürriyyət” olaraq bizim maraq dairəmizdədir. Siz hazırda Azərbaycan mətbuatının durumunu necə qiymətləndirirsiniz? Sizcə, bu sahədə hansı islahatlar aparılmalıdır?

- İlk öncə qeyd edim ki, ölkədə mətbuat sahəsində çox ciddi problemlər var. Ölkə başçısı idarəetmə islahatları həyata keçirir. Bildiyiniz kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə mətbuat nazirliyi var idi. Lakin sonradan həmin nazirlik ləğv edildi və faktiki olaraq üç müxtəlif idarəetmə oldu. Biri İnformasiya və Texnologiyalar Nazirliyi, digərləri isə Mətbuat Şurası və Milli Televiziya və Radio Şurasıdır. Yəni bu gün faktiki olaraq mətbuat üzərində üç müxtəlif dövlət qurumunun təsiri var. Onların fəaliyyəti isə bir-biri ilə əlaqələndirilmədiyinə görə, ölkədə həm televiziya, həm elektron informasiya vasitələri, həm də qəzetlərlə bağlı vəziyyət olduqca acınacaqlıdır. Təsəvvür edin ki, Mətbuat Şurası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin tərkib hissəsindədir. Baxın, əgər bir hökumətin siyasətini həyata keçirən şöbə həm də mətbuata nəzarət edirsə, həmin dövlətdə mətbuat necə azad ola bilər? Hesab edirəm ki, İnformasiya və Texnologiyalar Nazirliyi, Mətbuat Şurası, o cümlədən Milli Televiziya və Radio Şurasının mətbuatla bağlı səlahiyyətləri əlindən alınıb, mütləq Azərbaycan prezidenti yanında kütləvi informasiya vasitələri ilə bağlı xüsusi şöbə yaradılmalıdır. Həm qəzet və jurnallar, həm saytlar, həm də televiziyalar bura tabe olmalıdır. Eyni zamanda, ölkə başçısının informasiya, mətbuat siyasəti həmin şöbədə aparılmalıdır. Əks halda, Azərbaycan mətbuatı, televiziyalar məhv olacaq, vətəndaşların informasiya hüquqları kobud surətdə pozulacaq. Düşünürəm ki, mətbuat siyasətini ictimai-siyasi şöbəyə həvalə etmək, Azərbaycan mətbuatının inkişafının qarşısındakı ən ciddi əngəllərdən biridir. Odur ki, Prezident Administrasiyasında aparılacaq islahatlardan biri də məhz bununla bağlı olmalıdır.

Vazeh BƏHRAMOĞLU