​MƏSUD KƏRBASİAN: "İran Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və hörmətlə yanaşır"

Baxış sayı:
523

İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və hörmətlə yanaşır.
Bu sözləri İranın iqtisadiyyat naziri Məsud Kərbasian Azərtac-a müsahibəsində deyib.
Nazir bildirib ki, Azərbaycan və İran prezidentlərinin səyləri nəticəsində iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq əsasında qurulması xalqlarımızın mənafeyinə uyğundur. Dövlətlərimizin başçıları da məhz xalqlarımızın maraqlarını təmin etmək istiqamətində siyasət yürüdürlər. İran rəsmisi dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərini xatırladaraq, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə əmin olduğunu deyib.
İki ölkə arşındakı müştərək iqtisadi komissiyanın uğurlu fəaliyyətindən danışan nazir qeyd edib ki, nəqliyyat sahəsindəki əməkdaşlıq təkcə İran ilə Azərbaycanın deyil, eləcə də Asiya və Avropa ölkələrinin iqtisadi inkişafına təkan verəcək. İki ölkənin nəqliyyat sahəsində əməkdaşlığı nəticəsində formalaşan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin inşası davam edir. Beynəlxalq əhəmiyyət daşıyan bu iqtisadi layihə məhz İran və Azərbaycan prezidentlərinin səyləri ilə həyata keçirilir. Azərbaycan İranın yaxın qonşusu və dostudur. Əlaqələrimiz qarşılıqlı etimada əsaslanaraq inkişaf edir. Azərbaycanın iqtisadi inkişaf bizi sevindirir.