​MSK-ya ilk iddiaçı ərizəsi göndərildi

Baxış sayı:
6463

AĞ Partiyanın sədri Tural Abbaslının 11 apreldə keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə sənədləri fevralın 7-də Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Bu barədə AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli musavat.com-a məlumat verib. O, bildirib ki, namizədliyin irəli sürülməsi bu gündən başlayır: “Ona görə də MSK-ya Tural Abbaslının prezidentliyə namizədliyinin irəli sürməsi barədə ərizəsini və digər lazımi sənədləri MSK-ya göndərdik. Qanunun tələbinə görə, bundan sonra namizədə imza vərəqələri verilməlidir. Beləliklə, seçkilərdə MSK-ya namizədliyi üçün ilk müraciət edən Tural Abbaslı oldu”. Qeyd edək ki, prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi fevralın 27-dən martın 12-dək davam edəcək. Növbədənkənar prezident seçkilərində prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi səsvermə gününə ən çox 50 gün, ən azı 30 gün qalanadək, yəni 2018-ci il 27 fevraldan, 12 mart saat 18.00-dək davam edəcək./Musavat.com