MSK seçkinin yekun nəticəsini elan etdi - SIRALAMA

Baxış sayı:
3289

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirir.
Muxalifət.az xəbər verir ki, MSK sədri aprelin 11-də keçirilən prezident seçkiləriində 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsinin hamısından nəticələrin daxil olduğunu bildirib. O qeyd edib ki, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86,3 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Zahid Oruc 3,11 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.
M.Pənahov artıq rəsmi şəkildə dairə seçki komissiyalarından protokolların MSK-ya daxil olmağa başladığını bildirib.
Onun sözlərinə görə, seçici fəallığı 74,30 faiz təşkil edib.
"Dünən gün ərzində MSK-nın qaynar xəttinə 300-dək müraciət daxil olub. Şikayət xarakterli müraciət isə daxil olmayıb. Səsvermənin gedişi nizamlı-intizamlı olub. Həm beynlxalq, həm də yerli müşahidəçilərin prosesi izləyib. Bütün müşahidəçilərin fikirləri müsbətdir. Kifayət qədər nüfuzlu beynəlxalq qurumlar bu seçkini nümunəvi hesab edir".
MSK sədri bundan sonra yekun protokolun hazırlanacaq və qərar qəbul edilərək onun Konstitusiya Məhkəməsinə göndəriləcəyini bildirib.
Xatırladaq ki, seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 353 nəfəri (ümumi seçicilərin 74,51 faizi) səsvermədə iştirak edib.