MSK-nın qarşısında seçki saxtakarlığına yenidən ETİRAZ OLUNDU - Deputatlığa namizədlər ədalət tələb edir...

Baxış sayı:
4651

Milli Məclisə seçkilər üzrə 9 saylı Binəqədi ikinci seçki dairəsindən bir qrup deputatlığa namizəd fevralın 15-də Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyası keçirib.

Deputatlığa namizədlər Elnur Qasımov, Nemət Kərimli, Akif Nağı, Əfoş Vəliyev, Rəşad Rzayev, Elşad Musayev, Günel Səfərova, Ülvi Həsənovun imzaladığı bəyanatda deyilir ki, namizəd olduqları seçki dairəsində səsvermə ciddi qanun pozuntuları şəratində keçib.

“Total saxtalaşdırmalar, karusellər, topa bülletenlərin qutulara atılması, ərazidə yaşamayan insanların səsvermədə iştirakı, səslərin düzgün hesablanmaması halları olub. Bu səbəblərdən səsvermənin nəticələri seçicilərin iradəsini əks etdirmir. Seçkiinin nətəcələri ləğv edilməli, yeni seçki keçirilməlidir,” sənəddə qeyd edilir.

Namizəd Elşad Musayev bildirib ki, seçki günü 9 saylı Binəqədi ikinci seçki dairəsində seçki prosesi böyük pozuntularla keçib.

“Sıravi məntəqə üzvündən tutmuş dairə sədrinə qədər, YAP-ın namizədi Kəmaləddin Qafarovun özü, hamı bu proses içində olub. Çingiz Qənizadənin və ya Mirələmovun iştirak etdiyi dairələr üzrə seçkilərin nəticələrini ləğv etmək rahatdır. Ən əsası prezidentin qohumu Cəmil Əliyevin adı hallandırılan bir dairəni, yəni Kəmaləddin Qafarovun qalib elan edildiyi dairənin nəticələrini ləğv etmək çətindir. Bu, Mərkəzi Seçki Komissiyası üçün bir testdir, həyatda heç olmasa bir dəfə bu testdən ləyaqətlə çıxmalıdır,” o qeyd edib.

Namizəd Günel Səfərova namizədlərin bəyanatını oxuyub.

“9 saylı Binəqədi ikinci seçki dairəsində seçki günü karusellər işə salınıb və qutulara topa bülletenlər atılb. Müşahidəçilərə və namizədlərə fiziki təzyiqlər olunub. Seçkilərin nəticələrinin rəsmi qaydada ləğv edilməsini və yenidən seçkilərin keçirilməsini tələb edirik. Bizi DSK-nın iclasına dəvət etmədilər və bizim iştirakımız olmadan şikayətimizə baxıblar. Qərar olub ki, biz özümüz özümüzü döymüşük. Biz bu gülməli qərardan şikayət verəcəyik.”

Namizəd Ülvi Həsənov də seçkilərin nəticələrinin ləğvini tələb edib.

“Belə biabırçı seçki olmayıb. Namizədin döyülməsi, jurnalistlərə fiziki təzyiq, Kəmaləddin Qafarovun nümayəndələrinin müşahidəçini döymək üçün aparılması haqqında videomuz var. Seçki prosesi başlayan kimi pozuntular başlayıb. Qafarov mülkiyyət haqqında təqdim olunmuş deklarasiyada mülkünün hamısını qeyd etmədi və seçki prosesin şəffaflığını pozdu. DSK, MSK, o cümlədən Apellyasiya və Ali Məhkəmə onun qanunsuzluğuna şərik oldu, bizim şikayətimizi rədd etdi və deklarasiyanı bizə təqdim etmədi. Biz seçkinin nəticələrinin ləğv olunmasını tələb edirik.”

Günel Səfərova əlavə edib ki, pozuntularda müəllimlər də iştirak edib.

“Biz müəllimlərlə və məktəb direktorarı ilə bağlı Təhsil nazirliyinə müraciət etmişik. Bizim şikayətlərimiz təmin olunmasa Avropa Məhkəməsinə müraciət edəcəyik. İlham Əliyev bildirib ki, seçkidə pozuntular baş versəydi, xalq səsini ucaldardı, biz də gəlmişik bura səsimizi ucaldaq və misli görünməmiş pozuntular barədə bildirək”.

Mərkəzi Seçki Komissiyanın qarşısına 34 saylı Xətai ikinci seçki dairəsindən olan namizədlər də gəlib. Namizəd Səməd Rəhimlinin sözlərinə görə, nə MSK, nə də DSK onların şikayətlərinə baxmır.

“MSK bizim şikayətimizə bu gün baxmadığını bildirdi, baxmayaraq ki, biz şikayətimizi ayın 11-də göndərmişik. Süründürməçiliklə məşğuldurlar. MSK sübutlara bir həftən çoxdur baxmır. DSK deyir ki, təqdim etdiyimiz protokollar natamamdır və onlar sübut kimi qəbul oluna bilməz, deyirlər bizim video faktlara baxmağa vaxtımız yoxdur. Bizim dairə üzrə nəticələrin ləğv edilməsi üçün kifayət qədər sübutumuz var, karusellər təşkil olunub, topa bülletenlər atılıb, lakin şikayətimizə baxılmır. Ekspert qrupu və dəftərxana bizi qəbul etmir,” deputatlığa namizəd deyib.