Məşhur YAP-çının oğlu prokurorluqdan istefa verib, müxalifətə keçdi!

Rüfət Səfərov: “Heç nədən də qorxmuram, 34 yaşım var, qoy, qanım bu millətə halal olsun»

“Azərbaycanda insanlar itdən betər gündə yaşayır”

“Millətimin taleyindən hədsiz narahatam. Bu gün oğrular, korrupsionerlər bayırda kefdə-damaqdadır, zərrə qədər günahı olmayan insanlar isə həbsxanalarda çürüyür”

Keçmiş YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun prokurorluq orqanlarında işləyən oğlu Rüfət Səfərov sensasiyalı bəyanat yayıb. Belə ki, Zərdab rayon Prokurorluğunun müstəntiqi olan R.Səfərov ölkədəki “kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq”, vəzifəsindən istefa verdiyini bildirib.
Keçmiş deputatın oğlu Baş Prokuror Zakir Qaralova ünvanladığı sərt məzmunlu istefa ərizəsinin sürətini “Azpolitika”ya göndərib.
R.Səfərov ərizədə yazır ki, “ölkədə tuğyan edən şərəfsizlik və ləyaqətsizliyə etiraz əlaməti olaraq”, tutduğu vəzifədən istefa verir. “Addımıma görə xəstə ata və anamla işi olan kəs… nakəsdir!!! Nə işiniz olsa, idrakım hazırdır!!!”, deyə, ərizədə həmçinin xəbərdarlıq edilir.
R.Səfərov Facebook-da paylaşdığı postlarında isə müxalifətə keçdiyini də elan edib.
Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovun prokurorluq orqanlarından istefa verib, müxalifətə keçməsi barədə dünənki bəyanatına münasibət bildirib. E.Sabiroğlu “AzPolitika.info”ya açıqlamasında oğlunun bu addımından xəbərsiz olduğunu deyib.
“Əlbəttə, mənim üçün məyusedici, ağır vəziyyətdir. Oğlum dözümsüzlük göstərdi. Bunu tam səmimiyyətlə deyirəm: O, bu addımı məndən xəbərsiz atıb. Mənə deyirdi ki, yüksək balla prokurorluq orqanlarına işə qəbul olunmasına baxmayaraq, 5 ildir ki, Zərdab rayonundadır. Aşağı bal toplayanların isə il yarım, iki ildən sonra yerləri dəyişdirilib. Burada həqiqət var. Mən özüm də dəfələrlə prokurorluq orqanlarına müraciət etdim, bu gün-sabaha saldılar. Əslində mən Baş Prokurorluqda da bir günah görmürəm. Ramiz Mehdiyev faktoru onları çəkindirirdi. Mən bunu aydın hiss edirdim. Buna görə oğluma qarşı ayrıseçkilik edirdilər”.
E.Sabiroğlu deyib ki, oğlunun belə sərt qərarına son vaxtlar onun özünə qarşı hücumlar təşkil olunmasının da təsiri olub: “İkinci səbəb isə mənimlə bağlıdır. Oğlum özünü təhqir olunmuş hesab edirdi. Məlum yazılarla bağlı məni, ailəmi təhqir etdilər, aşağıladılar. Hətta ermənilərə işləməkdə suçladılar. Bu da gənc adamdır, dözə bilmədi. Lakin gərək belə yol tutmayaydı. Mənim üzərimə yeriyənlərin əlinə əlavə faktlar verməməli idi”.
Tanınmış YAP-çı bildirib ki, oğlunun qərarı onun siyasi mövqeyinə təsir etməyəcək: “Bütün bunlara baxmayaraq, mən yenə də öz mövqeyimdən – Heydər Əliyev və İlham Əliyev siyasətini dəstəkləməkdən geri çəkilmirəm. Oğlumun qərarına görə mənə qarşı yenə də hücumlar və mətbuatda təhqirlər olacaq. Eybi yoxdur…
Mən buradan cənab Prezident İlham Əliyevə müraciət etmək istəyirəm: Cənab Prezident! İndi nə yazsam və nə desəm də, məni qeyri-səmimilikdə ittiham edəcəklər. Ola bilsin ki, Siz də belə düşünəcəksiniz. Çünki oğlumun atdığı düzgün olmayan addım belə düşünməyə əsas verir. Sizi əmin edirəm ki, oğlum məndən xəbərsiz bu addımı atıb. Çox təəssüflənirəm.  Ancaq bir sözüm və bir xahişim də var: Düşünən beyinlərin Sizin siyasətinizdən uzaqlaşdırılmasının qarşısını alın”.

YAP-dan Eldar Sabiroğlunun oğlu ilə bağlı açqılama

YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az- saytına açıqlamasında prokurorluq orqanlarında çalışan Rüfət Səfərovun bu cür çıxış etməsinə təəssüfləndiyini bildirib.
“Təəssüf edirəm ki, vaxtilə Yeni Azərbaycan Partiyasında mühüm vəzifə tutmuş şəxsin övladı belə fikirlər söyləyir. Hansısa işdən uzaqlaşmağı siyasiləşdirmək düzgün deyil. Bu gün hüquq-mühafizə orqanlarımızda şəffaflıq var, qanuna hörmət mühiti var. Bu baxımdan kimlərinsə işdən getməsini mütləq siyasətə bağlamağın və yaxud da nə iləsə ittiham etməyin özü də düzgün deyil. Hüquqşünas yaxşı bilməlidir ki, dediyi hər bir sözü təsdiqedici faktlarla ortaya qoymalıdır.
Ümumi şəkildə ittiham etməyin özü həmin ittihamın düzgün olmadığını göstərir. Çox istərdim ki, gənclərimiz hər bir məsələyə hüquqi, dövlətçilik baxımdan, özlərinin dövlətçiliyə verdiyi töhfə konteksindən baxaydılar”. 
Aydın Mirzəzadə keçmiş YAP-çı deputatın oğlunun müxalifətə keçməsi məsələsinə təəccüb etdiyi deyib: “Onun müxalifətə keçməsi həqiqətdirmi?! İnana bilmirəm ki, Eldar Sabiroğlunun oğlu müxalifətə keçib. Çünki YAP-ın fəaliyyətində fəal iştirak etmiş bir şəxsin övladının müxalifətə keçməsi halları Azərbaycanda indiyə kimi olmayıb. Buna inana bilmirəm. Hər halda, sonrakı addımlarına görə fikir bildirmək olar”.

“Bu qərarı verməkdə bir qədər gecikmişəm»

Qeydə edək ki, dünən qərarı barədə ilk olaraq «Azadlıq» qəzetinə danışan Rüfət Səfərov sensasion açıqlamalar da verib.
R.Səfərov bildirib ki, ikinci dərəcəli hüquqşünas kimi 5 ildir Zərdab rayon prokurorluğunda müstəntiq vəzifəsini tutur. Dediyinə görə, bu illər ərzində heç kimlə şəxsi zəmində problemləri olmayıb, istefa verməsi də sırf özünün istəyi ilə bağlıdır: «Ali təhsilimi başa vurduqdan sonra təxminən 6 il Kənd Təsərrüfatı Nazirliyində aqrar hüquq sahəsində hüquqşünas kimi çalışmışam. 2011-ci ildə üç mərhələli imtahandan sonra prokurorluq orqanlarına daxil olmuşam. 5 ilə yaxındır müstəntiq kimi fəaliyyət göstərirəm. Uzun müddətdir ölkədə tüğyan edən kütləvi namussuzluq, insanların haqq və hüquqlarının tapdanması, pulu olan əxlaqsızlıqların «namuslu» çıxması məni bu qərarı qəbul etməyə vadar etdi. Mən buna radikal yox, normal qərar deyirəm. «Azadlıq» qəzeti vasitəsi ilə xalqıma müraciət edirəm. Əvvəlcə xalqımdan dönə-dönə üzr istəyirəm ki, bu qərarı verməkdə bir qədər gecikmişəm. Bəlkə də bu addımı 2-3 il əvvəl atmalı idim. Xüsusi vurğulamaq istəyirəm ki, şəxsi müstəvidə heç kimlə heç bir problemim olmayıb. Aylıq maaşım, dolanışığım, evim, şəxsi avtomobilim var. Şəxsi planda heç kimdən şikayətim və ya narazılığım yoxdur. Lakin ictimai müstəvidə vəziyyət çox acınacaqlıdır. Millətimin taleyindən hədsiz narahatam. Bu gün oğrular, korrupsionerlər bayırda kefdə-damaqdadır, zərrə qədər günahı olmayan insanlar isə həbsxanalarda çürüyür. Onların yeganə günahı həqiqəti söyləmələridir».

«Atam məni övladlıqdan rədd etsə də…»

R.Səfərov bu açıqlamalarından sonra atasının ondan üz döndərəcəyini, hətta rəsmi səviyyədə imtina edəcəyini də istisna etmir: «Atam Eldar Sabiroğlu Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır. Bu gün də həmin partiyanın sıralarındadır. Atam zəng edib məni tənbeh etdi. Bəlkə də məhkəmə qaydası ilə məndən imtina da edəcək.
«Azadlıq» qəzeti vasitəsilə atama müraciət edirəm. Əziz atam Eldar Sabiroğlu. Qətiyyən narahat olma. Məni övladlıqdan rədd etsən də, məndən imtina etsən də bil ki, sən, anam və başqa doğmalarım nə qədər əziz olsanız da, mənim üçün millətimin müqəddəsliyi daha üstündür. Millətim rəzil gündədir. Görün, insanları nə günə salıblar ki, rayon prokurorluğunda vətəndaş gəlib müstəntiqdən borc istəyir.
Bu yaxınlarda Corc Oruellin «1984» əsərini təkrarən oxudum. Öz-özümə düşündüm ki, bu qərarı verməliyəm və qorxu hissimi məhv etməliyəm. Sonra gördüm ki, qorxu hissi arxa, cəsarət ön plana keçib».

«İnsanlar itdən betər gündə yaşayır»

İstefa ərizəsini rəsmən bazar ertəsi təqdim edəcəyini deyən R.Səfərov Baş prokuror Zakir Qaralova da müraciət edib: «İstefa ərizəmi faks yolu ilə Baş prokurora ünvanlayacam. Fürsətdən istifadə edib Zakir Qaralova təşəkkür etmək istəyirəm ki, nisbi də olsa şərait yaradılıb və insanlar imtahanlarda iştirak edib prokurorluq orqanlarında işə düzəlirlər. Lakin o da reallıqdır ki, heç bir savadı olmayanlar imkanları, pulları olduğuna görə şəhərin mərkəzində əyləşib istintaq aparır və inqsanların tayleyi ilə oynayırlar. Elə düşünməyin ki, Rüfət Səfərov bu gün Zərdabda əyləşib və nədənsə şikayətçidir. Namusuma and içirəm ki, Zərdabdan şikayətçi deyiləm. Həsən bəy Zərdabinin ruhu prokurorluq sisteminə nifrət edib ayrıldığımı bəyan emək cəsarəti verib. Mən bu fikrimi xüsusi qabartmaq istəyirəm ki, kimsə şəxsi problemimin olduğunu düşünməsin. Rüfət Səfərovun problemi şəxsi yox, ictimai müstəvidədir. Azərbaycanda insanlar itdən betər gündə yaşaırlar.
Mən buradan Ramiz Mehdiyevə, onun bəzi əlaltılarına da müraciət edirəm. Əgər bu addımıma görə atamı təhqir predmetinə çevirsələr, beşqat artıq cavab alacaqlar. Buradan elan edirəm, heç nədən də qorxmuram. 34 yaşım var, qoy, qanım bu millətə halal olsun».

«Ortaya faktlar qoyacam»

Rüfət Səfərov sonda onu da bildirib ki, Azərbaycan hüquq sisteminin nə qədər rəzil vəziyyətdə olduğunu yaxın günlərdə faktlarla ortaya qoyacaq: «Azərbaycanda hüququn deyil, hüquqsuzluğun üstünlüyü var. Ölkədə azadlıq adına heç nə qalmayıb. Yalnız «ölmək azadlığı» var. Xüsusi mülkiyyət qeyd-şərtsiz rəsmi və qeyri rəsmi harınlar tərəfindən qəsb edilir. Ölkə əhalisinin 90 faizi acdır. Bu və buna bənzər acı reallıq məni vadar etdi ki, qorxmadan xalqımın yanında olum».

Muxalifet.az