“Mərkəzi Bankın bu addımı atması üçün kifayət qədər ehtiyatı var“

Vahid Əhmədov: “10 min dollara qədər olan kreditlərin köhnə məzənnə ilə qaytarılmasına heç kim etiraz etmir”
 
“Kreditlərin köhnə məzənnə ilə ödənilməsi barədə ümumi razılıq olsa da, sonradan bunun nə üçün gecikdirilməsi barəsində məlumatımız yoxdur...”
 
Ölkənin bank sistemində vəziyyətin günbəgün ağırlaşması Mərkəzi Bankı bu istiqamət üzrə qabaqlayıcı tədbirlər görməyə məcbur etdi. Baş bank isə problemi bankları ləğv etməklə çözmək yolunu seçdi. Nəticə olaraq, ölkədə 11 bank ləğv edilmə prosesindədir.
Məsələ ilə bağlı musavat.com-a danışan Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib ki, bankların birləşdirilməsi məsələsi uzun zamandır gündəmdə idi: “Biz Milli Məclisdə dəfələrlə bildirmişik ki, 9.5 milyon əhali üçün 43 bankın olması doğru deyil. Bu baxımdan bankların bağlanması deyil, birləşdirilməsi və təmərküzləşmə prosesi getməlidir. Cənab prezident də hökumətin son müşavirələrində bu məsələyə toxunaraq, bildirdi ki, bank sistemində islahatlar getməlidir. Ümumiyyətlə, bank sistemində islahatlar çoxdan aparılmalı idi. Çox təəssüf ki, biz bu məsələdə bir qədər gecikdik. Əsas məqsədimiz ondan ibarət idi ki, bank sistemində kredit faizləri aşağı salınsın. Çünki faizlər çox yüksəkdir. İnsanlar bu kreditləri alırlar, sonra isə qaytara bilmirlər. Vaxtı keçmiş kreditlərin isə miqdarı artıq 1.5 milyard manata gəlib çıxıb. Bunun da yeganə çıxış yolu kimi qərara gəldik ki, banklar birləşdirilməlidir. Mərkəzi Bankın rəhbərliyi ilə müəyyən danışıqlarımız olub. Bankların bağlanması ilə əlaqədar biz heç bir rəy irəli sürməmişik. Biz bankların bağlanılmasının tərəfdarı deyilik. Çünki banklar bağlanan zaman çox ciddi problemlər yaranır. Bu baxımdan bir daha qeyd edirəm ki, biz birləşmənin tərəfdarı olub, bildirmişik ki, gəlin, ölkədə təxminən 20-yə yaxın bank saxlayaq”.
V.Əhmədov bildirib ki, hazırda bu proses gedir: “Ancaq çox təəssüf ki, bəzi bankları bağlayırlar. Bu, qəbuledilməz haldır. Doğrudur, elə banklar var ki, heç nizamnamə kapitalı 50 milyon da deyil. O cümlədən, orada müştərilərin də sayı çox azdır ki, belə bankları da birləşdirmək lazımdır. Yəni islahatın aparılmasının əsas məqsədi, iri kapitalı yığmaq, həmin bankların dövriyyə vəsaitinin, nizamnamə kapitalının, kredit portfelinin yüksək olmasına çalışmaq olmalıdır. Belə olarsa, banklar insanlara kreditləri də aşağı faizlə verə bilərlər. İkincisi də, Azərbaycan 2015-ci ildə iki dəfə devalvasiyaya gedib. Bu faktor da bank sisteminə ciddi təsir göstərib. Yəni, bank sisteminin özünün də bu gün köməyə ehtiyacı var”.
V.Əhmədov dollarla olan kreditlər məsələsinə də toxunub: “Ümumi razılıq belə olmuşdu ki, 10 min dollara qədər olan kreditlər köhnə məzənnə ilə (1 dollar =1.05 AZN) qaytarılsın. Buna heç kim də etiraz etmir. Mərkəzi Bankın rəhbərliyi bu məsələni həll etməlidir. Çünki burada əsas söhbət mənbədən gedir. Mərkəzi Bakın bu addımı atması üçün kifayət qədər ehtiyatı var. Burada təxminən 250-300 milyon manatdan söhbət gedir. Kreditlərin köhnə məzənnə ilə ödənilməsi barədə ümumi razılıq olsa da, sonradan bunun nə üçün gecikdirilməsi barəsində məlumatımız yoxdur. Yəqin ki, bu məsələ üzərində müəyyən işlər aparılır”.