“Mərkəzi Bank və hökumət həmişə proseslərin arxasında sürünür” – NATİQ CƏFƏRLİ

Baxış sayı:
1906

Aprelin 1-də 15 milyard 637 milyon manat təşkil edən cəmi kredit qoyuluşlarının 8,9 faizinin ödəmə vaxtı keçib. Martın əvvəlində nisbət 8,3 faiz idi. 01 Aprel 2020-ci il tarixində Azərbaycan banklarında ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 387 milyon manat təşkil edib. Marja Mərkəzi Banka istinadən xəbər verir ki, bu, martın əvvəli ilə müqayisədə 88 milyon manat çoxdur.
Hurriyyet.org xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Mərkəzi Bank və hökumət həmişə proseslərin arxasında sürünür, önləyici və effektiv addımlar ata bilmir.
İqtisadçı ekspert qeyd edib ki, Mərkəzi Bank son qərarı ilə bütün kteditlər üzrə sentyabra qədər gecikmələr olsa, banklara gecikməyə görə müştərilərinə dəbbə pulu, cərimə hesablamamağı tövsiyyə edib: “Tövsiyyə məsələsini anladım, formal olaraq bu barədə Mərkəzi Bankın özəl banklara əmr vermək ixtiyarı yoxdur. Məsələ başqadır, həm əhali, həm biznes indi ağır durumdadır, onsuzda kredit ödəmələrini gecikdirəcəklər. Sentyabra qədər ödəmələr ciddi axsayacaq, payızda Mərkəzi Bank və hökumət ayılacaq ki, problemli kreditlər 8,9 faizdən artıb olub – 15 faiz. O zaman əl-ayağa düşəcəklər və nəticədə gec atılacaq addım daha baha olacaq. Biz bir aydı nə təklif edirik: Mart-sentyabr ayları ərzində bütün növ kreditlər üzrə faiz hesablanması dondurulsun. Ertələnsin yox ha, dondurulsun, yəni hesablanmasın. Buna görə banklar zərər edəcək, zərəri qarşılamaq üçün hökumət qərar verir, banklar 6 aylıq bütün növ vergilərdən azad edilir. Bu da yetərli olmayacaq, ona görə də Mərkəzi Bank kommersiya banklarına 1 illik – ilk 6 ayı 0 faiz, növbəti 6 ay isə 2-3 faizlə manatla kredit verir. Banklar bu modelə razı olacaq, hətta daha çox qazanacaq, həm də bankların maliyyə dayanıqlığı artacaq. Nəticədə hökumət heç nə itirməyəcək (bir tək bankların ödəyəcəyi vergilərdən başqa – o da ciddi itki deyil). Amma indi gözləmə mövqeyi tutan Mərkəzi Bank və hökumət payızda yüzmilyonlarla manat xərcləyib problemli kredit məsələsinin həllini taplamağa, bankları xilas etməyə çalışacaq”.
 
Vazeh BƏHRAMOĞLU