"Mərkəzi Bank və hökumət hələ də məsələnin uzunmüddətli olduğunu anlamır" - İQTİSADÇI

Baxış sayı:
3046

"WTI markalı neft qiyməti ilə Brent markalı neftin qiyməti arasında olan spred (qiymət fərqi) cəmi 0,80 dollara (80 sentə) qədər azaldı. Bu nadir görünən haldır, indi bazarlarda Brent markalı neft 29,80, WTI markalı neft isə 29,01 dollardır". 

Muxalifet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

Onun sözlərinə görə, ABŞ hər həftə 5 mln. barel neft alıb ehtiyatlarını artırmaq qərarı WTI markalı neftin qiymətini Brentdən baha edə bilər: "ABŞ isə cəmi 80 mln. barel əlavə neft alacaq, bu qərar olmasaydı, indi neft 25 dollar civarında olacaqdı. Neftin qiyməti uzun zaman aşağı səviyyədə qalacağı artıq şübhə doğurmur. Söhbət tək neft bolluğundan getmir, neft indi heç kimə lazım deyil, istehlakı çöküb, kəskin azalıb. Dünyada isə elə böyük rezerv həcmləri yoxur ki, bazardan artıq nefti alıb ora doldurub saxlayasan. Bəzi istehsalçılar isə hasilatı heç bir halda azaltmaq istəmirlər – heç kəs bu şəitdə azalan istehlakla öz bazar payını itirmək istəmir".

Natiq Cəfərli bildirib ki, Mərkəzi Bank və hökumət hələ də məsələnin uzunmüddətli olduğunu anlamır: "Önləyici tədbirlər almasalar, gözləmə mövqeyində qalsalar daha ağır fəsadlar olacaq. 2014-cü ildə neft qiymətləri enməyə başlayanda Mərkəzi Bank gözləmə mövqeyi tutdu, düz 1,2 il gözlədi, nəticədə Mərkəzi Bankın 10 mlrd. ehtiyatı boşa xərcləndi, devalvasiya daha kəskin oldu, 2 rəsmi (ilk 1,05 manat, sonra 1,50 manat), 1 qeyri-rəsmi devalvasiya (1,70 də sabitləşdi) yaşadıq. Ona görə də gözləmə mövqeyi ziyandan başqa heç nə verməyəcək".