Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışı keçirilib

Baxış sayı:
13126

DİN İdman Cəmiyyətində ulu öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yeniyetmə və gənclər arasında müxtəlif idman növləri üzrə yarışlar keçirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova ümummilli liderimizin hər kəsin qəlbində özünə ədədi bir abidə ucaltdığını vurğulayıb. Bildirilib ki, əsası ulu öndər tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası ölkəmizi tərəqqi yoluna çıxarıb, müstəqilliyimizi möhkəmləndirib, Azərbaycanı qüdrətli dövlətə çevirib. Ümummilli lider Heydər Əliyevin keçmiş ittifaq rəhbərliyində təmsil olunduğu və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqına sədaqətlə xidmət etməsi, ən çətin və mürəkkəb şəraitlərdə ölkəmizin müstəqilliyi naminə öz həyatını risk altına qoymaqdan belə çəkinmədiyi vurğulanıb.
Daha sonra çıxış edən İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövlətçiliyimizin xilas edilməsində ulu öndərimizin fəaliyyətindən danışaraq, hüquq-mühafizə orqanları əməkdaşlarının öz dahi rəhbərinə sədaqətindən bəhs edib.
Daha sonra ciu-citsu üzrə yarışa start verilib.
Birincilikdə müxtəlif yaş qrupunda və çəki dərəcələri üzrə 100 idmançı öz gücünü sınayıb.
DİN İdman Cəmiyyətinin əməkdaşı, polis baş leytenantı Elşən İbişovun yetirmələri yüksək fiziki və texniki bacarıq nümayiş etdirib.
Silsilə tədbirlər çərçivəsində mayın 9-da keçirilən boks yarışında 50 idmançı qələbə uğrunda mübarizə aparıb.
Yarışı əməkdar məşqçi Yadigar Məmmədov idarə edib.
Cəmiyyətin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracov bildirdi ki, idmanın və Olimpiya Hərəkatının inkişafı Azərbaycan dövlətinin diqqətində olan vacib məsələlərdən biridir. İnsanların fiziki və mənəvi sağlamlığında mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi uşaq və gənclərin bu sahəyə fəal surətdə cəlb olunmasına şərait yaradıb. İdmanla məşğul olan hər bir kəs sağlam, qüvvətli, iradəli şəxsiyyət kimi yetişir.
Sonda qaliblərə diplom və medallar təqdim olunub.