Mərhum nazirin qohumu haqda ŞOK İDDİA – “İcra məmuru Ramiz Quliyevlə gizli sövdələşərək…”

Baxış sayı:
2833

Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küç., ev 400 A. ünvanında yaşayan Vəliyev Alı Müsəlim oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova, Nəsimi rayon icra başçısına və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçi Ədliyyə Nazirliyinin Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramiz Quliyevin qanunsuz əməllərindən şikayətçidir:
“19.01.2018-ci il tarixdə özümə məxsus “Hundai-sonata” markalı 99KH 071 dövlət nömrə nişanlı avtomobillə Arzu İslam qızı Dadaşovaya məxsus “Nissan Juke” markalı 90 ZC 288 dövlət nömrə nişanlı avtomobil Məmməd Araz küçəsində toqquşmuş və qarşı tərəfin qabaq sol hissəsi vurlumuşdur. Mən baş vermiş yol nəqliyyat hadisəsinə görə təqsirkar olmuşam.
Buna baxmayaraq qarşı tərəfin “Nissan juke” markalı avtomobilinə dəymiş maddi ziyan “Nurgün motors” şirkəti tərəfindən həddən artıq şişirdilərək 17753 manat müəyyən edilmişdir. Doğrudur, dəymiş ziyanın 5000 manatı mənim sığortam tərəfindən “Nissan juke” avtomobili üçün ödənilsə də, bunun real xərci ödəmədiyi bahənislə A.Dadaşova mülki qaydada yerdə qalan dəymiş ziyana görə məbləğin ona ödənilməsi barədə Nəsimi rayon Məhkəməsinə iddia qaldırmışdır.Məhkəmənin 2(006)-2868/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsilə tələb qismən təmin edilmişdir.
Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 19.09.2018-ci il tarixli, 2(103)-10352/2018 saylı qətnaməsilə 1-ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəfimizdən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 08 fevral 2019-cu il tarixli. 2(102)-919/2019 saylı QƏRARı ilə təmin edilməmişdir. Hazırda Ali Məhkəmənin əsassız qərarından  Konstitusiya Məhkəməsinə verdiyim şikayət icraata götürülmüş və baxılmaq üzrədir.
Ali Məhkəmənin 8 fevral qərarı rəsmən mənə 24 aprel 2019-cu ildə təqdim olunmuşdur. Və bir ay sonra Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramiz Quliyev adlı icra məmuru məni dərhal yanına dəvət etmiş və məhkəmə qərarını icra etməyi tələb etmişdir. Mən ona deyəndə ki, hazırda Ali Məhkəmənin məlum qərarından Konstitusiya Məhkəməsinə şikayət vermişəm və 25 may 2019-cu il tarixdə də ƏN-nin Nəsimi rayon İcra və Probasiya şöbəsinə bu barədə rəsmi məktub göndərərək icranın müvəqəqəti dayandırılmasını xahiş etmişəm. İcra məmuru razılaşmadı. Təklif etdi ki, sən əvvəlcə mənə 500 (beş yüz) manat ver, elə edərəm ki, bir müddətdən sonra maaş kartınıza aşağı faizlə ödəməni yönəldərəm. Bundan artıq köməklik edə bilməyəcəm. Mən də onun oturduğu 12-ci otağa yenidən gəlib 500 manatı verdim. Ramiz guya bu pulu ilkin ödəniş kimi qəbul edib qarşı tərəfə göndərəcəyini bildirdi. Mən onun bu səmimiyyətinə inanmasam da ürəyimdə fikirləşdim ki, özü bilər, təki qanun tətbiq etsin, məni bu kasıb vaxtımda çox sıxmasın.
Budur, aradan heç bir ay keçməmişdir ki, Ramiz mənə ard- arda zənglər edərək hədə-qorxu gəlməyə başlamışdır ki, səndən tələb olunan məbləğin hamısını bir neçə gün ərzində 100 faiz ödəməlisən, ödəməsən səni 15 sutka həbs etdirəcəyəm. Mən əlacsız qalıb vəkilimə və digər tanış icra məmuruna zəng edib başıma gələnləri danışdım. Dedilər ki, icra məmuru qanunvericiliyə uyğun olaraq səni hədələməli və həbslə qorxutmalı deyil. Olsa-olsa icra işi üzrə pulun tutulmasını maaş kartına yönəldə bilər. Vəssəlam.
Deməli, nəticəyə gəlirəm ki, ƏN-nin Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru son dərəcə vicdansız hərəkətlə əvvəlcə xidməti vəzifəsindən süi-istifadə edərək məndən ilkin ödəmə kimi 500 manat alıb qarşı tərəfə vermək əvəzinə, özü mənimsəmişdir. İndi isə qarşı tərəf olan Arzu Dadaşovaya himayədarlıq edən mərhum Müdafiə Sənayesi Naziri olmuş Yavər Camalovun yaxın qohumu Müşviq Camalovun sifarişi əsasında, həm də ondan aldığı külli-miqdar rüşvət hesabına mənə qanunsuz təzyiq edib, dəymiş ziyanı bir-iki günə 100 faiz olmaqla, yəni 12700 manat pulu ödətdirmək istəyir. Yoxsa ki, həbslə hədləyir.
Bir daha xatırladım ki, nazirin qohumu olan Müşviq adlı şəxs bütün instansiya məhkəmələrinə də sifarişlə qısamüddətli, ildırımsürətli qərarlar çıxarılmasına nail olmuş, məni hədələmiş və dəymiş ziyanın hamısını verməsəm başıma oyun açacaını bildirmişdir. İndi də İcra məmuruna rüşvət verib mənə qanunsuz təzyiq edir.
Qeyd edim ki, zərəçəkmiş Arzu Dadaşova Müşviqin nə bacısı, nə xalası, nə də anası deyil. Bilmirəm boşanmış qadını nazirin qohumu niyə bu qədər müdafiə edir, ona avtomobil bağışlayır və s. Bu adam vaxtilə Yavər Camalovun Səhiyyə nazirinə xahişindən sonra  Azərbaycana ürək stend aparatlarının idxalı işinə rəhbərlik edir və bu sahə yalnız onun inhisarındadır. Nərimanov rayonu ərazisində keçmiş Teymurov küçəsində, indiki Məmməd Araz küçəsində yerləşən şəxsi aptekində ürək stendlərinin topdan satışını təşkil edir. İndi Müşviq 8 qat bahasına əlacsız adamlara vergidən yayınaraq satdığı “ürək stend”lərinin hesabına hədsiz dərəcədə varlansa da, məndən qisas almaq üçün icra məmuru Ramiz Quliyevlə gizli sövdələşərək, mənə bir neçə gün ərzində 12700 manat pulu dərhal ödətdirmək istəyir. Mən aldığım cəmi 450 manat əməkhaqqı ilə bilmirəm ailəmi dolandırım, yoxsa sabiq nazirin “monoploist” qohumunun rəfiqəsi A.Dadaşovaya kredit götürüb pul ödəyim? Axı qanunvericilik buna icazə vermir. Ona görə də bircə əlacım qalıb ki, məhkəmə instansiyalarının vicdansız hakimlərini, icra məmurunu pulla satın almağı bacaran Müşviqdən canımı qurtarmaq üçün çox hörmətli Prezidentə  və hörmətli nazir Fikrət Məmmədova müraciət edirəm ki, dərahal Nəsimi İcra şöbəsinin icra məmuru R.Quliyevin  korrupsiya hərəkətləri araşdırılsın, həm mənim verdiyim 500 manat özümə qaytarılsın, həm də nazirin qohumundan sifariş yerinə yetirməsi üçün aldığı rüşvət geri qaytarılsın və icra işim səriştəli,  vicdanlı, nəfsitəmiz digər Nəsimi rayon İcra şöbəsinin icra məmuruna həvalə edilsin ki, mən də qanunvericiliyin tələbi üzrə dəymiş ziyanı hissə-hissə ödəyə bilim”.

Muxalifet.az
Redaksiyadan: Mövzu ilə bağlı yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.