Mövlud Çavuşoğlundan Moskvaya çağırış: "Suriyada təcavüzü dayandırmaq Rusiyanın borcudur"

Baxış sayı:
1669

Türkiyənin xarici işlər naziri çərşənbə günü, üsyançıların nəzarətindəki bölgədə azı 17 nəfərin ölümünə səbəb olan hava zərbələrindən bir gün sonra Rusiyanı Suriya hökumətinin müharibə şəraitində olan bu ərəb ölkəsində hücumlarının qarşısını almağa çağırıb.
Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir. Xarici İşlər Naziri Mövlud Çavuşoğlu çıxışında Rusiyanın vətəndaş müharibəsində Suriya prezidenti Bəşər Əl-Əsəd qüvvələrinə davamlı dəstək verdiyi üçün zorakılığı dayandırmağın məhz Moskvanın məsuliyyətində olduğunu deyib.
Suriya hökuməti üsyançıların son istehkamı, şimal-qərb İdlib vilayətinə və üsyançıların nəzarət etdiyi Hələbin bir hissəsinə intensiv olaraq hücumlar həyata keçirir. Döyüşlər yüz minlərlə insanın didərgin düşməsinə səbəb olub ki, onların çoxu Türkiyə ilə sərhədə yaxın ərazilərə qaçıb.
Son günlər döyüşlərin güclənməsi nəticəsində hər iki tərəfdən onlarla döyüşçü ölüb. Rusiya və Türkiyə arasında bu ayın əvvəlində döyüşlərin dayandırılması barədə razılığın qüvvəyə minməsinə baxmayaraq, döyüşlər davam edir. Moskva və Ankara Suriya münaqişəsində rəqib tərəflərə dəstək verir.
"Rusiya (Suriya) rejiminin qarantıdır" - deyə, Çavuşoğlu, İsveçrənin Davos şəhərində Dünya İqtisadiyyat Forumunda etdiyi çıxışında bildirib. "Bu təcavüzü dayandırmaq Rusiyanın borcudur" - deyib, Çavuşoğlu.
Muxalifet.az