Moskvadakı etiraz aksiyasından TƏFƏRRÜAT

Rusiyanın müxalifət lideri Aleksey Navalnı Moskvada korrupsiyaya qarşı icazəsiz etiraz aksiyasından öncə evdə həbs edilib, onun həyat yoldaşı bildirib.
 
"Aleksey binamızın blokunda həbs edilib", Yuliya Navalnı Twitter-də bildirib.
O həmçinin deyib ki, "bizim planlarımız dəyişməyib".
Cənab Navalnıya əvvəlcə bazar ertəsi günü başqa yerdə aksiya keçirməyə icazə verilib. Lakin o, hakimiyyətin etirazçıları "təhqir etmək üçün" təyin etdiyi yeri dəyişmək qərarına gəlib.
Baş prokurorluq polisin icazəsiz aksiyalara qarşı tədbirlər görəcəyini bildirib.
Artıq Rusiyanın şərqində bir neçə kiçik etiraz aksiyalarının keçirildiyi və nəticədə bir neçə nəfərin həbs edildiyi deyilir.
Vladivostok şəhərində azı 10, Blagoveşçenskdə 4 və Kazanda isə azı bir nəfər həbs edilib.
Cənab Navalnının bundan əvvəl - mart ayında təşkil etdiyi etiraz aksiyaları yüzlərlə insanın həbsilə nəticələnib.
Bu etirazlar 2012-ci ildən indiyədək keçirilən ən iri aksiyalar idi və yeniyetmələr daxil olmaqla minlərlə iştirakçını cəlb etmişdi.
Etirazların səbəbi cənab Navalnının Baş nazir Dmitri Medvedev barədə dərc etdiyi korrupsiya iddiaları idi.
Qarşıdurma səhnəsi hazırdır: Sarah Rainsford, BBC News, Moskva
Moskvanın mərkəzində izdihamların yaranmasına çağırış edərək cənab Navalnı qarşıdurma səhnəsi yaradıb.
Baş prokurorluq bildirib ki, Kremlin yaxınlığında yerləşən Tverskaya küçəsində etiraz üçün icazə verilməyib. Gecənin yarısından bir qədər sonra dərc edilən bəyanatda Baş prokurorluq polisin qanunu pozanlara qarşı tədbirlər görəcəyini deyib.

Cənab Navalnı may ayında Moskvada keçirilən etiraz aksiyasında iştirak edib.
Bu isə mart ayında baş vermiş qarşıdurmanın təkrarlanması ilə nəticələnə bilər. Martda bir çox yeniyetmə daxil olmaqla, minlərlə insanın korrupsiyaya qarşı keçirdiyi dinc etiraz aksiyalarında yüzlərlə insan həbs edilmişdi.
Cənab Navalnı bildirib ki, heç bir şirkət ona icazə verilən yerdə planlaşdırdığı aksiya üçün səhnə, reproduktor və ya ekran satmaq istəməyib. O, bu səbəbdən icazəsiz etiraz aksiyasını keçirməyə məcbur olduğunu deyib.
Müxalifət lideri tərəfdarlarını mərkəzi Moskvada yürüşə çağırıb.
Bu gün isə "Rusiya günü"dür və Tverskaya küçəsində eyni zamanda bir neçə rəsmi tədbir planlaşdırılır.
Bazar ertəsi gününə planlaşdırılan etirazlar korrupsiyaya qarşı qəzəbin nə dərəcəyə çatdığının göstəricisi olacaq. Bu həmçinin cənab Navalnının gələn ilin prezident seçkilərində Vladimir Putinə qarşı namizədliyinin əldə edə biləcəyi ictimai dəstəyin nümunəsi ola bilər.
O, etiraz aksiyalarına bu gün dərc etdiyi çağırışında deyib:
"Mən dəyişiklik istəyirəm. Mən müasir demokratik dövlətdə yaşamaq və vergilərimizin yaxtalara, saraylara və üzüm bağlarına yox, yollara, məktəblərə və xəstəxanalara xərclənməsini istəyirəm."
Keçmişdə vəkil olmuş cənab Navalnın üzünə aprel ayında yaşıl maye töküldükdən sonra onun bir gözü kor olub. O, bundan əvvəl etiraz aksiyaları təşkil etdiyinə görə həbs edilib.