Moskvada ÜAK-ın qeydiyyatı ilə bağlı məhkəmə təxirə saldı - maraqlı gəlişmə

Aprelin 11-də Rusiya Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası ilə bağlı məhkəmə iclası təxirə salınıb. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya Ədliyyə Nazirliyinin nümayəndəsi iclasa gəlmədiyi üçün proses aprelin 25-nə təyin olunub.
Qeyd edək ki, Ədliyyə Nazirliyindən bir müddət əvvəl verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib: “Rusiya Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən nəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb. Rusiya Ədliyyə Nazirliyi ”İctimai Təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib".
Məlumata görə, təşkilat pozuntuları aradan qaldırmadığına görə Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.
Qeyd edək ki, bu məsələ Milli Məclisin son iclasında da geniş müzakirə predmetinə çevrilmişdi. Parlament rəhbərliyi, deputatlar, hətta Azərbaycandakı rus icmasının Milli Məclisdəki nümayəndəsi ÜAK-la bağlı verilən qərara kəskin etiraz bildirərək bunun arxasında Rusiya-Azərbaycan münasibətlərini pozmaq istəyən qüvvələrin, o cümlədən erməni lobbisinin dayandığı barədə fikirlər səsləndirmişdilər. Həmçinin Rusiyaya ünvanlanan şifahi və rəsmi müraciətdə 2001-ci ildən fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı yaradılmış problemin həllinə inam ifadə olunmuşdu.
Göründüyü kimi, Rusiya Ədliyyə Nazirliyi təyin olunan ilk prosesə nümayəndə göndərmədi. Bu mənada güman olunur ki, Bakıdan səslənən etirazların nəticəsi olub. Ancaq Rusiya hakimiyyət dairələrinə yaxından bələd olan mənbə əməkdaşımızla söhbətində bildirib ki, məsələ ilə bağlı çox uzaqgedən nəticələr çıxarmaq lazım deyil. Mənbəmizin fikrincə, gerçəkdən də ÜAK-ın fəaliyyəti ilə bağlı hüquqi proseduralar tam yerində olmayıb. Buna görə də Rusiya Ədliyyə Nazirliyi bir neçə dəfə quruma müraciətlə çatışmazlıqların aradan qaldırılmasını istəyib, lakin məsələ həllini tapmayıb. Son nəticədə Rusiya Ədliyyə Nazirliyi sırf hüquqi pozuntuları əsas görürərək məhkəməyə müraciət edib. Mənbə israr edir ki, burada siyasi məsələ, yaxud erməni barmağı yoxdur. Hətta iddialar var ki, bu işə Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun da səhlənkar yanaşması öz sözünü deyib.
Milli Məclisin deputatı Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında məsələyə maraqlı prizmadan yanaşdı: “Rusiya azərbaycanlıları siyasi fəaliyyət arealı axtarışında rəsmi qurumlarla üz-üzə gəlibsə, o zaman günahı kiminsə üstünə atmağa dəyməz. Digər millətlərin təmsilçiləri arasında da mənafe savaşları hər zaman olub. Lakin ÜAK-a bürokratik təzyiqlər 2012-ci ilin ”Milyarderlər ittifaqı" layihəsi ilə başlayıb. Rusiya prezidentinin hakimiyyət tranziti dövrünün müxtəlif beynəlxalq gərginliklərlə müşayiət olunduğunu yəqin yaxşı xatırlayırsınız. Bir çoxları Azərbaycanın guya Dmitri Medvedyev üzərindən şimal qonşumuzun siyasi gələcəyini görməsi haqqında Putinə yanlış məlumatlar ötürürdü".
Z.Orucun sözlərinə görə, ÜAK üzərində dolaşan təhlükə buludu o vaxtdan qalır: “İndi Rusiyada siyasi iyerarxiyanın bir az da yuxarısına qalxan adamlar köhnə layihənin faydasına inanaraq, Azərbaycanın qarşısına eyni daşı atırlar. Qərb paytaxtlarında təşkilatlanan azərbaycanlılar oxşar təzyiqləri görmədiyindən Kreml siyasətçilərinin Bakıya zərbəsindən kimin qazancla çıxacağını hesablamaq o qədər də çətin deyil. Halbuki azərbaycanlılar Rusiya dövlətçiliyinin hərbi və siyasi təhlükəsizliyində hər zaman onlarla birgə səngərdə vuruşublar. İndi əks cəbhəyə itələnən qüvvələrin narazılığı, üstəlik, Moskvanın düşmənlərinin bundan götürəcəyi fayda, o cümlədən Kremlin orbitində özünə böyük imtiyazlar və iqtisadi mövqelər əldə edən qeyri-rus qruplarının dağıdıcı siyasəti azərbaycanlıların boşalmış yerində daha da möhkəmlənə bilər. Tarix göstərir ki, bu, rusların xeyrinə olmayıb”.
Ona görə də Z.Oruc hesab edir ki, son anda Putin oyunu durduraraq bir qərarla şahmat taxtasındakı fiqurlara yerlərini göstərəcək. “Azərbaycan dövlətinin başçısı sözügedən məsələni ölkəmizə səfərə gəlmiş Nikolay Patruşevlə danışıb-danışmağını deyə bilmərəm. Lakin ölkə başçısının ardıcıl və prinsipial bir xarakterə malik olmasına, hər zaman millətimizə hörmət və bərabər hüquq tələb etməsinə rəğmən əminəm ki, məsələ yaxın zamanlarda müsbət həllini tapacaq”-deputat sonda bildirdi.