Moskvada etiraz aksiyaları başlayır – NAVALNI TƏRƏFDARLARI AYAQDA

Bu gün Rusiyanın paytaxtı Moskvada korrupsiyaya qarşı etiraz aksiyası keçiriləcək.
 
 “Tvrain.ru”ya istinadən verdiyi məlumata görə, etiraz aksiyası paytaxtın Tverskaya küçəsinə təyin edilib.
 Aksiyanın təşkilatçısı Aleksey Navalnı son anda tədbirin keçiriləcəyi yerin akademik Saxarov prospektindən Tverskaya küçəsinə dəyişdirildiyini açıqlayıb. O bildirib ki, buna səbəb səhnə və səsin tərtibatına cavabdeh olan şəxslərin aksiya iştirakçıları ilə əməkdaşlıqdan imtina etmələri olub. Tverskaya küçəsindəki etiraz aksiyası isə şəhər hakimiyyət orqanları ilə razılaşdırılmayıb.
 Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev etiraz aksiyasının yerinin dəyişdirilməsini təxribat adlandırıb. Bununla belə, o, hüquq-mühafizə orqanları əməkdaşlarının qanun çərçivəsində hərəkət edəcəyini vurğulayıb.
 Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə tədbir zamanı istənilən təxribat və qanunsuz əməllərdən uzaq durmağın vacibliyini vurğulayıb.
 Qeyd edək ki, etiraz aksiyaları bütün ölkə boyu keçiriləcək.  Artıq Vladivostok, Blaqoveşşensk, Barnaul, İrkutsk və digər şəhərlərdə mitinqlər baş tutub. Vladivostokda etiraz aksiyası kazak mədəniyyəti festivalına təsadüf edib. Polis 11 nəfəri saxlayıb.