MOSKVADA ÇOXTƏRƏFLİ LİVİYA DANIŞIQLARI – Marşal Həftar və Sərac arasında görüş 6 saatdır davam edir

Baxış sayı:
1420

Rusiyanın Xarici İşlər Nazirliyində (XİN) Liviya münaqişəsinə dair çoxtərəfli danışıqlara başlanılıb.

“Report” xəbər verir ki, Liviya Milli Razılıq Hökumətinin baş naziri Faiz Sərac və Liviya Milli Ordusunun rəhbəri, marşal Xəlifə Həftar arasında keçirilən görüş 6 saata yaxındır davam edir. Görüş Rusiya və Türkiyənin xarici işlər və müdafiə nazirlərinin vasitəçiliyi ilə baş tutub. 

Görüşün sonunda Liviyada atəşkəsin elan olunması ilə bağlı tərəflər arasında razılaşma imzalanması gözlənilir. Eyni zamanda Rusiya və Türkiyənin xarici işlər və müdafiə nazirlərinin birgə mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Liviyadakı bütün tərəfləri yanvarın 12-si saat 00:00-dan etibarən döyüşləri dayandırmağa çağırıblar. Bundan sonra marşal Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu və Liviya Milli Razılıq Hökuməti atəşkəs elan ediblər.