​Moskva Tiflisi ərazisindən imtinaya çağırdı

Rusiya Gürcüstanı tez bir zamanda Abxaziya və Cənubi Osetiyaya qarşı güc tətbiq olunmaması ilə bağlı razılaşmanı qəbul etməyə çağırır.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib. Onun sözlərinə görə, Tiflisin əsl konstruktiv işlə məşğul olmağının zamanı çatıb:
“Tiflis yaxşı anlayır ki, regiondakı təhlükəsizlik mexanizmləri çoxdan yaradılıb. Abxaziya və Cənubi Osetiya hökumətlərinin dəvəti ilə burada beynəlxalq hüquq əsasında Rusiyanın hərbi kontingenti yerləşdirilib. Üstəlik hər iki “respublika”nın Gürcüstanla sərhədində tərəflərin, o cümlədən BMT, ATƏT və Avropa Birliyinin monitorinq missiyasının nümayəndələrinin görüşü keçirilir. Bu mexanizmlər sayəsində müxtəlif insidentlərin qarşısını almaq mümkün olur”.
Qeyd edək ki, Abxaziya və Cənubi Osetiya Gürcüstan əraziləridir. Hər iki qondarma rejimin müstəqilliyi Rusiya tərəfindən tanınıb.