Moskva Suriyanın 4 yerə bölünməsini təklif etdi - MƏNBƏ

Rusiya Suriyanın ərazisində gərginliyin azaldılması üzrə dörd zonanın yaradılması təklifi ilə çıxış edib.
Bu haqda “RİA-Novosti” agentliyinə Suriya müxalifətindəki mənbə bildirib.
Bu zonalar İdlib vilayəti, Xoms şəhərinin şimalı, Şərqi Guta və ölkənin cənubudur. Suriya böhranının tərəfləri arasında birbaşa qarşıdurmanın olmaması üçün bu zonalar arasında təhlükəsizlik xətləri yaradılır.
Qeyd edilir ki, Rusiya təhlükəsizlik xətləri arasında “dinc vətəndaşları üçün silahsız sərbəst keçidi və humanitar yardımın çatdırılmasını” təmin etmək üçün blokpostları yaratmağı təklif edir. Ayrılma xətləri ilə yanaşı, blokpostlarda atəşkəs rejiminə riayət edilməsinin izlənilməsi üçün monitorinq mərkəzlərinin yaradılması təklif olunur.
Həmçinin, mənbənin məlumatına görə, Rusiyanın təklifləri atəşkəs rejiminə nəzarət üçün atəşkəsin qarantı olan ölkələrdən silahlı qrupların göndərilməsini nəzərdə tutur. Rusiya, İran və Türkiyə hazırda bu statusda olan ölkələrdir.
Agentliyin həmsöhbətinin məlumatlara görə, Moskva bu ölkələrin nümayəndələrindən işçi qrupu yaratmağı təklif edib. Qrup ən qısa müddətdə gərginliyin azaldılması üzrə zonaların sərhədlərinin yer aldığı xəritələri təqdim etməlidir.