Moskva sakinləri 60 il əvvəl baş verən epidemiya zamanı oxşar vəziyyəti yaşayıb

Baxış sayı:
5347

Moskvanın bəzi yaşlı sakinləri üçün koronavirusa görə təcrid olunma tanış bir haldır. Onlar 60 il əvvəl, Sovet dövründə baş verən çiçək xəstəliyi zamanı belə bir şey yaşayıb.

1960-cı ildə baş verən böhran zamanı həyata keçirilən tədbirlər indikindən daha sərt idi.

Moskvanı ölkənin qalan hissəsi ilə bağlayan dəmir yolları, avtomobil və hava yolları qismən bağlanmışdı. Yoluxmuş bir şəxslə təmasda olan hər kəs izlənib karantinə alınırdı.

"Moskvada dərhal xüsusi bir qərargah yaradıldı və bu, çiçəyə yoluxanların izlərinə düşməyə yardım etdi. Minlərlə insan təcrid olundu, qatarlardan düşürüldü, xaricdən gətirildi" - deyə, o vaxt laboratoriyada işləyən 90 yaşlı Viktor Zuyev Reuters xəbər agentliyinə müsahibəsində bildirib.

İndi də rəsmilər insanları izləyir və karantin altına alır.

Ölüm nisbəti 30 faiz olan yoluxucu çiçək xəstəliyinin yayılmasının qarşısı dünya boyu peyvənd sayəsində dayandırılıb. Sovet İttifaqında xəstəliyə rəsmi olaraq 1936-cı ildə tamamilə son qoyulub. Lakin 1959-cu ilin sonlarında bir səyyah onu Hindistandan Moskvaya bir də gətirib.

Hazırda Moskvadakı evdə özünü təcrid edən və o vaxt xəstəliyə yoluxan səyyahın kürəkəni Vladimir Petrosyan o zamankı fövqəladə vəziyyəti xatırlayır.

80 yaşlı, kimya üzrə professor xəstəliyə yoluxduqdan sonra iki ay məcburi təcridxanada qalmalı olub.

O, Moskvanın 2 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasında karantində saxlanıb. Bu gün də həmin xəstəxana yeni koronavirus xəstələrinin təcrid olunduğu və müalicə olunduğu şəhər mərkəzlərindən biridir.

"Böyük bir salon idi, çarpayılar bir-birinin ardınca düzülmüşdü. Xəstəxana polis tərəfindən mühasirəyə alınmışdı" - deyə, Vladimir Petrosyan bildirir.

Bəzi ruslar koronavirusla bağlı rəsmi məlumatları şübhə altına alır. Ancaq o vaxt Nikita Xruşşovun hakimiyyəti dövründə xəstəliklə bağlı heç bir məlumat verilmirdi.

“Nə mətbuatda, nə də radioda heç bir məlumat verilmirdi. Həmişə olduğu kimi, hökumət insanları qaranlıqda saxlayırdı. Beləliklə, Moskvada biri digərindən qorxunc şaiyələr gəzirdi“, Moskvanın Botkin xəstəxanasının həkimi Vladimir Qolyaxovski 2006-cı ildə xatirələrində yazıb.

Bu dəfə Moskvada koronavirus hadisələrinin rəsmi sayı digər Avropa paytaxtlarına nisbətən hələ də az, 5,181-dir. Qeydə alınmamış hallar barədə şayiələr internetdə yayılır və hökumət yalan məlumat yayanlara qarşı cəza tətbiq edir.