Moskva ilə İrəvan arasında soyuq küləklər əsir - Gümrü olayı böyüyə bilər

Baxış sayı:
4360

Ermənistan hökumətinin ağır günləri qarşıdadır-narahat günləri başlayır; Köçəryanın həbsi ilə Rusiyanı qıcıqlandıran erməni dövləti Qərbin sürprizi ilə də üzləşdi; ABŞ səfirliyindən Ermənistan xəbərdarlığı gəldi; politoloq: “Putin dərhal Paşinyanı təbrik etsəydi...”

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın tərəfdarları bəyan etdikləri kimi, etirazlara başladılar. Artıq Ermənistanın Apelyasiya Məhkəməsinin qərarı ilə həbs edilən eks-prezidentə azadlıq tələb edənlərin ilk yürüş-mitinqi keçirilib.

Etirazçılar R.Köçəryan azad olunanadək piket və mitinqləri davam etdirməkdə qərarlı olduqlarını bildirirlər. İlk aksiyanın Respublika meydanında keçirilməsi Nikol Paşinyanın komandasını narahat etməyə bilməzdi. Elə aksiya davam edərkən İrəvan şəhərində çoxsaylı polis qüvvələrinin ayaqda olması da narahatlığın göstəricisi idi.

N.Paşinyanın narahatlığı bununla bitmir. Eyni vaxtda Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi hissəsində xidmət edən hərbçinin həbs olunması da əlavə gərginliyə səbəb olub. Erməni mediası yazıb ki, hərbçi 2 dekabrda Gümrüdə 1961-ci il təvəllüdlü süpürgəçi qadını qəddarlıqla öldürməkdə ittiham olunur. Bununla bağlı məlumat baş prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arevik Xaçatryana istinadən yayılıb.

Çox maraqlıdır ki, Ermənistanın müvafiq qurumları hadisə barədə rəsmi məlumatı yalnız seçkilər bitəndən, nəticələr aydın olandan sonra yayıblar. Hansi ki, bir müddət öncə hadisəni rus hərbçinin törətməsi barədə Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları açıqlama versələr də, İrəvandakı Rusiya səfirliyi çox sərt şəkildə məlumatı təkzib etmişdi. Özü də rus diplomat çox kəskin şəkildə mətbuatın üzərinə getmişdi. Lakin o zaman erməni rəsmilər hadisəni açıb-ağartmamışdılar. Hansı ki, rus hərbçinin yoxa çıxdığı da bildirilmişdi. İndi məlum olur ki, qatil hərbçi saxlansa da, onunla bağlı məlumat məxfi saxlanılıb və Rusiyanın seçkiöncəsi qəzəbindən qorxan İrəvan bunu seçkilərdən sonra açıqlamağa qərar verib. Elə erməni mediası da bu təxminlər üzərində baş sındırmaqdadır. Eyni zamanda hesab olunur ki, bu hadisədən sonra Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi davam edə bilməz. Bir neçə il əvvəl rus hərbçi Permyakov 7 nəfərlik ailəni qətlə yetirəndə də analoji gərginlik yaranmışdı. Ancaq onda hakimiyyətdə Serj Sərkisyan idi və onun Putinlə anlaşması çətin olmadı. İndi isə Putinin tədbirlərdə “küncə qoyduğu” Paşinyan dövrüdür.

N.Paşinyansa Putinin dostu R.Köçəryanı həbsdə saxlamaqla yanaşı, digər addımları ilə də Moskvanı hövsələdən çıxartmaqdadır. Yazı yazılan saata qədər hələ də Rusiyadan Ermənistan hökumətinə təbrik göndərilməmişdi. Təsəvvür edin, Avropa İttifaqı, ABŞ Dövlət Departamenti, Almaniya kansleri Nikol Paşinyanı təbrik edib, total saxtakarlıq şəraitində keçirilən seçkilərdən məmnunluq ifadə ediblər. Amma “göz yaşlarına inanmayan” Moskva hələ ki Paşinyanın gözlərini yolda qoymaqdadır. Şübhəsiz ki, Qərb dövlətlərinin təbrikləri seçkilərin “ədalətli” olmasından qaynaqlanmır. Paşinyanın rəqibləri bir-birinin ardınca saxtakarlıqlardan bəhs edirlər. Üstəlik, “inqilab lideri”nin təyin etdiyi növbədənkənar seçkilərə ölkə seçicilərinin hətta yarısının belə gəlməməsi, gerçək duruma qiymət vermək üçün kifayətdir. Qərb, sadəcə olaraq, Ermənistanı Rusiyanın caynağından qoparmaq istəyir və ona görə də tez-tələsik təbriklər gəlməyə başlayıb. ABŞ və Avropa Ermənistandan öz maraqları üçün yararlanmaq, Rusiyanı tamamilə bu bölgədən çıxartmaq niyyətindədir. Elə ABŞ rəsmisi Con Boltonun İrəvan səfəri zamanı Ermənistanı Rusiya silahlarından imtina etməyə çağırması da bundan xəbər verirdi. Ermənistan parlamentinin 70 faizini qərbyönümlülər təşkil edəcək ki, bu da Qərbi məmnun edir. Ancaq ortada Rusiya faktoru var və Moskva bu tezliklə Cənubi Qafqazın sonuncu ölkəsindən getmək niyyətində olmadığını nümayiş etdirir. Bütün bunlara rəğmən Rusiya lideri Vladimir Putinin N.Paşinyana təbrik yollamaması maraqlı ehtimallara yol açır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun bununla bağlı maraqlı yanaşması var: “Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı qələbə münasibətilə ona görə təbrik etməyə tələsmir ki, Ermənistanın baş naziri Kreml sahibinin köhnə dostu Robert Köçəryanı həbs edib. Putin dərhal Paşinyanı təbrik etsəydi, Paşinyanın Köçəryanı həbsinə göz yumması anlamına gələrdi. Putin isə yanlış anlaşılmasını istəmir və dostunu həbsdən çıxarmağa çalışacaq. Buna baxmayaraq, Kreml Paşinyanı olduğu kimi qəbul etmək məcburiyyətindədir. Nə vaxta qədər ki, Paşinyan xarici siyasəti korrektə etməyəcək və Rusiyadan uzaqlaşmaq hesabına Qərbə çox yaxınlığa çalışmayacaq, Kreml onu devirmək istəməyəcək. Paşinyanın hazırda ölkə daxilində tərəfdarı çoxdur. Paşinyanı güc yolu ilə devirmək Ermənistanda vətəndaş müharibəsinə rəvac vermək deməkdir. Kreml isə bunu istəmir”.

gümrü 102 ile ilgili görsel sonucu

Politoloqa görə, Paşinyan uzun müddətdir ki, Kremlin xoşuna gəlməyən mövqe sərgiləyir: “Seçkidən sonra Putinin onu təbrik etməməsi də bununla bağlıdır. Üstəlik, Paşinyan Putinin dostu olan Köçəryanı həbs etdirməklə bu təbriki hələlik mümkünsüz edir. Putin Paşinyanı təbrik etməklə Köçəryanın həbsinə haqq qazandırmış olacaq.

Üstəlik, MDB ölkələri başçılarının Sank-Peterburq görüşündə Putinin Paşinyanı özündən uzaq oturtması da ona mesaj idi ki, “sən mənim dostumu niyə həbs etmisən?!” Ekspertə görə, Paşinyan bir neçə ay bundan öncə Putinin Köçəryanı ad günü münasibətilə təbrik etməsini “unudub” və bu, ona yaxşı heç nə vəd etmir.

E.Şahinoğlu bildirdi ki, Köçəryan tərəfdarları etiraz etməyə çalışsalar da, parlament seçkisində 70 faiz səs qazanan Nikol Paşinyanı indiki şərtlər daxilində devirə bilməyəcəklər: “Robert Köçəryanın reytinqi yüksək deyil ki, xalq onun tərəfdarlarının arxasınca getsin. Bir neçə günə etiraz səngiyəcək. Gürcüstanda da belə oldu. Qrirol Vaşadze tərəfdarları Tiflisin mərkəzinə çıxdılar, Salome Zurabişvilinin qələbəsini tanımadılar, eks-prezident Mixail Saakaşvili Hollandiyadan Gürcüstandakı tərəfdarlarına səslənərək inqilaba çağırdı. Bu gün Tiflisdə sakitlikdir. İrəvanda da belə olacaq. Nikol Paşinyan bir neçə ay daxili təhlükədən özünü sığortalaya bilər. Onun problemləri ilin ortasına yaxın artacaq”.

Ä°lgili resim

Ermənişünas alim Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a bildirdi ki, baş verənlərdən çox da uzaqgedən nəticələr çıxarılmasının tərəfdarı deyil: “Ermənistanda belə hadisələr olur. Bundan da dəhşətlisi bir neçə il öncə baş vermişdi. Bir rus əsgəri 7 nəfərlik ailəni güllələmişdi. Onda da Gümrüdəki 102 saylı bazanın ölkədən çıxarılması ilə bağlı etirazlar oldu. Amma bu bazanın buradan çıxarılması mümkün deyil. Rusiya bu bazaya strateji anlamda önəm verir. Bir qadın deyil, yüzlərlə erməni məhv edilsə belə”. Ekspert deyir ki, etirazlar hansı şəkildə olsa da, bazanın Ermənistandan çıxarılması mümkün olmayacaq: “Bir də Ermənistan özü bunu istəməz”. Ancaq Q.Çaxmaqlı şübhə etmir ki, baş verənlər Moskva-İrəvan gərginliyini tətikləyəcək: “Əlbəttə, bu olay Rusiya- Ermənistan münasibətlərinə təsirsiz qalmayacaq. Ermənistanın əlinə Rusiyaya basqılar etmək üçün fürsət düşəcək və bu olayın fonunda bəzi məsələləri öz lehinə həll etməyə çalışacaq”.

Rusiya hakimiyyətinə yaxın olan R.Köçəryanı müdafiə məqsədilə başlanan aksiyalara gəldikdə, ekspert işğalçı ölkədə ciddi dəyişikliklərin baş verəcəyinə inanmır: “Heç bir inqilab gözlənilmir. Zatən inqilabı edərək ölkədə dəyişikliyə nail oldular. Xalq artıq Paşinyanın nə iş görəcəyini gözləməkdədir. Köçəryandan da, sadəcə olaraq, intiqam alacaq. Köçəryan Rusiyanın yerdə təyin olunmuş adamı olsa da, kiminsə adamı deyil. İnanmıram ki, Putin indiki halda onu xilas etmək üçün Rusiyanın bir çox maraqlarını qurban versin. Köçəryan da iddia edə bilməz ki, “mən sənin adamın olmuşam, indi məni bu dələduzun əlindən qurtar”. Qarabağ klanı müəyyən etirazlar edəcək, amma bunun heç bir faydası yoxdur. Artıq Paşinyan bu seçkilərlə öz hakimiyyətini möhkəmləndirib".

Ermənistanda Köçəryana azadlıq tələbi ilə bağlı etiraz aksiyaları müvəqqəti xarakter daşıyır.

Bu sözləri isə axar.az-a İrəvanda ölkənin ikinci prezidenti Robert Köçəryanın həbsdən azad olunması tələbilə etiraz aksiyalarının keçirilməsini şərh edən politoloq İlqar Vəlizadə deyib. “Ümumiyyətlə, Ermənistanda Köçəryanı çox adam dəstəkləmir. Köçəryana azadlıq tələbi ilə bağlı etirazlar aksiyadan daha çox piketdir və arxasında da məhz Köçəryanın yaxınları durur. Piketlər də çox güman ki, Köçəryanın yaxın qurumlarının maliyyə dəstəyi ilə keçirilir. Bu piketlər davamlı və geniş olmayacaq. Hadisə köhnəldikcə Ermənistanda Köçəryana azadlıq tələbi ilə bağlı tədbirlər də səngiyəcək. Ancaq məsələ ilə bağlı Avropa institutlarına müraciətlər ola bilər”, - ekspert bildirib. Politoloq bütün hallarda Ermənistanda vəziyyətin getdikcə gərginləşəcəyini deyib:

“Baxmayaraq ki, parlament seçkilərindən sonra vəziyyətin bu və ya digər şəkildə stabilləşəcəyi və iğtişaşların təxirə salınacağı gözlənilirdi. Hətta bəzi ekspertlər Paşinyanın səlahiyyətlərinin 100 günündən tez böyük iğtişaşların planlaşdırılmadığını bildirirdilər. Ancaq ölkədəki ümumi vəziyyət və hadisələr göstərir ki, ara-sıra nümayişlər olacaq və daxili-siyasi situasiya pozulacaq”.

Ermənistanın gərgin həyatının hələ bundan sonra başlayacağını proqnozlaşdıranların sayı isə getdikcə artır. Siyasi şərhçi Eldar Namazov ötən sayımızda demişdi ki, Ermənistanın daxilində çox ciddi qarşıdurmalar başlayacaq. Hər halda, bu kimi fikrilər ciddi təhlillər nəticəsində ortaya çıxır.

Məhz belə bir durumda ABŞ-ın İrəvandakı səfirliyinin xəbərdarlığı səbəbsiz deyil. Səfirlik Ermənistana səfər edən Birləşmiş Ştatlar vətəndaşlarına xəbərdarlıq edib. Diplomatik nümayəndəliyin rəsmi saytında yerləşdirilən xəbərdarlıqda Yeni il bayramı günlərində Ermənistana səfər edən ABŞ vətəndaşları ehtiyatlı olmağa çağırılıb. Diplomatik nümayəndəlik Ermənistandakı vətəndaşlarına bayram günlərində səyahət etdikləri yerlərdə cibgirlərdən tutmuş qarətçilərə, bir sözlə, ətraflarına diqqət yetirmələri barədə xəbərdarlıq edib: “Ekstremistlər turistlər olan yerlərdə - ticarət mərkəzlərində, hava limanlarında, klublarda, restoranlarda, dua edilən yerlərdə, nəqliyyat vasitələrində fəaliyyət göstərirlər”.

Rusiya ilə arasında soyuq küləklər əsən Ermənistan Qərbin sürprizi ilə də üzləşib. Bu xəbərdarlıq Ermənistanın durumunu əks etdirir. Yəni ondan xəbər verir ki, Ermənistanın naşı hakimiyyəti hələlik öz hayındadır və burada heç nəyə təminat yoxdur...