​MODUL MİFİ - Sərəncam imzalandığı gündən 8 ay keçib, amma…

Baxış sayı:
4828

Azərbaycanda – böyük kapitala malik neft ölkəsində qəzalı vəziyyətdə məktəblərin olması olduqca utandırıcıdır. Ekspertlərin sözlərinə görə, hakimiyyətin həyata keçirdiyi tədbirlərə baxmayaraq, regionlarda, xüsusilə də kəndlərdə məktəblərin texniki baxımdan vəziyyəti çox pisdir.
Prezident İlham Əliyev sentyabr ayında öz çıxışında bildirib ki, bu il Bakıda 19 məktəb tikilib və əsaslı təmir edilib. "Demək olar ki, Bakıda məktəblərin əksəriyyəti artıq yaxşı vəziyyətdədir. Yenə təmirə ehtiyacı olan məktəblər var, önümüzdəki illərdə onları təmir edəcəyik. Bu il ölkəmizdə 200-dən çox məktəb tikilib və təmir olunub. Uzaq və ya kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. Bu kəndlərdəki məktəblər qəzalı vəziyyətdə idi. Ümid edirəm ki, gələn il qəza vəziyyətində olan məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramı başa çatacaq", - prezident bildirib.
2019-cu il üçün dövlət büdcəsi layihəsində təhsil xərcləri builki xərclərlə müqayisədə 230,6 mln. manat artaraq 2274,6 mln. manat təşkil edib. Düzdür, layihədə həmin vəsaitdən nə qədərinin tikintiyə, nə qədərinin isə təmirə sərf olunacağı göstərilməyib. Lakin il ərzində ölkə regionlarında modul tipli məktəblərin inşası üçün Təhsil Nazirliyinə 4-5 milyon manat civarında vəsaitin ayrılması barədə prezidentin onlarla sərəncamına rast gəlmək olar.
Beləliklə, hər məktəbin tikintisinə 300-350 min ayrılır. Vəsait ayrılır, guya iş gedir, lakin məmurların əli bəzi məktəblərə nədənsə çatmır. Şəki rayonunun Qumux kəndində orta məktəb fəaliyyət göstərir ki, ona baxanda Bərdə rayonundakı məcburi köçkünlər üçün vaqon-məktəb daha modern görünür. Köhnə, oyulmuş qapılar, divarlar, oturmağa çəkindiyin müəllim masası və altı parta, bir də yazı lövhəsi və coğrafiya xəritəsi - sinif otağı bundan ibarətdir.
2018-ci il martın 9-da prezident İlham Əliyev Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı haqda sərəncam imzalayıb. Sərəncama görə, həmin rayonlarda 956 şagird üçün nəzərdə tutulmuş 15 modul tipli məktəbin inşasına 5 056 000 manat ayrılıb. Sərəncam imzalandığı gündən 8 ay keçib, Qumux kəndinin sakinləri hələ də yararsız məktəbə gedirlər.
Qeyd etmək lazımdır ki, modul tipli məktəbləri bir ay ərzində istənilən relyefli yerdə inşa etmək mümkündür. Sadə hesablamalar göstərir ki, həmin müddətdə kənddə 8 modul məktəb tikmək olardı. Lakin fakt faktlığında qalır. Qumuxdakı yararsız məktəb kiçik kəndlilər üçün yeganə təhsil ocağı olaraq qalır.
Təhsil Nazirliyi ilə əlaqə yaratmaq cəhdlərimiz baş tutmayıb.

Contact.az