​Mənzil, obyekt və torpaq sahələrinin çıxarışının alınma qaydası dəyişdi - HÖKUMƏTDƏN QƏRAR

Baxış sayı:
3034

Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na dəyişiklik edib.
Muxalifət.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, ərizəçilərin daşınmaz əmlakla bağlı təqdim etdikləri ərizə onların istəyi əsasında icra müddəti sürətləndirilməklə qəbul ediləcək.
Bundan əlavə, icra müddəti sürətləndirilməklə qəbul edilən ərizələrin icrası daxil olmuş əvvəlki ərizələrin Qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək şərtilə həyata keçiriləcək. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələr Qanunun 9.2-ci maddəsinin birinci cümləsi ilə müəyyən edilmiş icra müddəti sürətləndirilməklə bir, üç və yeddi iş günü müddətində icra olunacaq.
Qeydiyyat müddəti Qanunun 9.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar uzadıldıqda, ərizələr ümumi icra müddəti sürətləndirilməklə iki, beş və on iş günü müddətində icra ediləcək.
Eyni zamanda, ipotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr Qanunun 20.3-cü maddəsi ilə müəyyən edilmiş icra müddəti sürətləndirilməklə bir və iki iş günü müddətində icra olunacaq.
Bu Qaydanın 2-1.3-cü və 2-1.4- cü bəndlərinə uyğun qəbul edilən ərizələrdə sürətləndirilmiş icra müddəti, ərizəçilərə verilən təsdiqetmə bildirişlərində isə sürətləndirilmiş icra tarixi göstəriləcək. Həmin məlumatlar elektron daşıyıcılarda aparılan daşınmaz əmlakın dövlət reyestrində də qeyd olunacaq. Daşınmaz əmlak üzərində hü- quqların dövlət qeydiyyatına dair ərizənin sürətləndirilməklə icrası zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi xidmətlərə görə xidmət haqlarının tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən artırma əmsalları ilə hesablanacaq.