​“Mənim tanıdığım yeganə peyğəmbər düşüncələrim, vicdanım isə Allahımdır” – FƏZAİL MEHDİYEV

Baxış sayı:
1249

“Orucluğun Quranda xatırlanması heç də onun müqəddəsliyinə dəlalət etmir, islamdan əvvəl də insanlar oruc tutublar”

“1 ay oruc tutub, günahlarımızı yandırıb, sonrakı 11 ay günahları üst-üstə yığmağımız isə, doğrusu, mənə absurd görünür”
 
Bu dəfəki həmsöhbətim sözün əsl mənasında maraqlı, bir qədər də təzadlı insandır. Ali savadlı ilahiyyətçi olan bu insan hazırda özünü deist adlandırır. Onun dinə, Tanrıya, ümumiyyətlə həyata baxışları çoxlarından fərqlənir.
Onun fikirləri, həyat fəlsəfəsi ilə razılaşanlar da var, fərqli düşüncəsinə görə onu top-tüfəngə tutanlar da. Amma savadı və təcrübəsi ona hər bir fikrini kifayət qədər əsaslı və məntiqli şəkildə anlatmaq imkanı verir. Bu səbəbdən hətta onu qəbul etməyən, onunla əks qütblərdə dayanan insanlar belə, bu insanın şəxsiyyətinə hörmətlə yanaşırlar. Bu hörməti o, öz təmkini və incə yumor hissi ilə qazanır, onun ironiyası belə heç kəsi təhqir etmir.
Onunla “Hürriyyət” in redaksiyasında görüşüb söhbətləşdik. Son dərəcədə sadə, səmimi, mədəni, məlumatlı, sözünün yerini bilən bir insan təsiri bağışladı mənə.
Düşünürəm ki, sözün əsl mənasında səmimi söhbət, səviyyəli mükalimə alındı.
Beləliklə, bayaqdan haqqında danışdığım eks ilahiyyətçı Fəzail Mehdiyevlə söhbəti hörmətli oxucularımıza təqdim edirik.

 
- Fəzail bəy, sizinlə şəxsən tanış deyildik. Sosial şəbəkələrdə paylaşdığınız statuslarınızla, söylədiyiniz maraqlı, maraqlı olduğu qədər də təzadlı fikirlərinizlə diqqətimizi cəlb etdiniz. Bu üzdən sizinlə həmsöhbət olmaq qərarına gəldik. Sağ olun ki, təklifimizi qəbul etdiniz.
Bir zamanlar ilahiyyətçi olmusunuz, yəni dini təhsili olan insansınız. İndi isə deistsiniz. Üstəlik, uzun illər Şərq dövlətlərində Azərbaycanı bir diplomat kimi təmsil etmisiniz. Bu gün isə ölkəmizin əyalətində - Bərdədə yaşayırsınız və kənd təsərrüfatı ilə məşğulsunuz.
Dediyim odur ki, həm düşüncə tərzinizdə, həm də həyat tərzinizdə kəskin dəyişikliklər baş verib. Bu haqda danışacağıq sizinlə. Amma öncə özünüz haqda bilgi vermənizi xahiş edirik.

- Ağcabədi rayonunda anadan olmuşam. Hazırda Bərdə şəhərində yaşayıram. Biləsuvarda dini ibtidai təhsil almışam. 1992-ci ildə Bakı İslam Universitetinə qəbul olunmuşam. Din mənə çox maraqlı gəldiyindən, dini bilgiləri dərindən mənimsəməyə çalışmışam. Bu məqsədlə ölkəmizdə ali dini təhsil aldıqdan sonra Misir İlahiyyət Akademiyasına qədər gedib çıxmışam.
Amma bir sual mənə rahatlıq vermirdi: “Əgər insanların qəlbində Allah deyilən bir xof, bir inanac varsa, o nədən gözə görünmür?” Əslində dində elə bir dərinlik görmədim, amma dindarların dili ilə desək, dərinliklərə vardıqca, baxıb gördüm ki, bilgilərim dərinləşdikcə din mənim üçün adiləşir. Və sonda belə bir nəticəyə gəldim ki, əgər Allah bizim gözümüzə görünsə, onun varlığı, mahiyyəti haqda hər şeyi bilsək, bizim üçün adiləşər. Bu üzdən sirr olaraq qalır.
 
- Ümumiyyətlə, Allah varmı sizə görə?
 
- Təbii ki, mütləq yaradan, mütləq varlıq var. Mən onu kosmik idrak adlandırıram. Onu enerji kimi qəbul edənlər, Allah, Xuda, Tanrı, Rəbb deyə çağıranlar da var.
 
Ulu Nəsiminin bir beyti var, həmin beytdə Allahı təsvir edir. Ustad deyir ki: “Surəti nəqşində hər kim görmədi nəqqaşini, Vahab surət onun gözsüz yaratmış başini”. Yəni hər kim ki, simaya baxıb həmin simanı çəkən rəssamı (nəqşi çəkən nəqqaşı) görə bilmirsə, demək onun başındakı göz sadəcə olaraq əşyaları seçmək üçündür, yəni həmin şəxsin bəsirət gözü yoxdur.
 
Təbii ki, bəşəriyyəti yaradan, idarə edən böyük qüdrət sahibi olan biri var. Amma mən bunu dinlərin dediyi şəkildə qəbul etmirəm.
 
- Bəs necə qəbul edirsiniz?
 
- Mənə bu mövzuda çox sual veriblər. Dəfələrlə soruşublar ki, siz peyğəmbərlərə inanırsınız? Cavab vermişəm ki, xeyr. Mənim tanıdığım yeganə peyğəmbər düşüncələrim, vicdanım isə Allahımdır. Əgər kiminsə ağrı-acısını görəndə vicdanım sızıldayırsa, demək içimdə Allah var. Quranda da, digər dini kitablarda da buna işarə edilir. Qurani-Kərimdə Allahın dilindən deyilir ki, mən insanlara şah damarından daha yaxınam. Şah damarından yaxın insana yalnız ruhu, vicdanı ola bilər. Yəni mən Allahı bu şəkildə qəbul edirəm.
 
Dediyim kimi, düşüncələrim də mənim peyğəmbərimdir. Peyğəmbər ilahidən xəbər gətirəndir. Peyğəmabər fars sözüdür, “xəbər gətirən” deməkdir. Peyğəmbərə ilahidən vəhy gəlirdi, əslində vəhy bizim hər birimizə gəlir. Vəhy nədi ki? İlahi pıçıltıdır. İçimizdən, vicdanımızdan bizə gələn səs bizim üçün elə vəhydir. Özü də vəhy yalnız insanlara gəlmir. Bir Quran ayəsində deyilir ki, biz bal arısına vəhy göndərdik. Yəni bal arısına çiçəyi tapıb ondan şirə çəkməyi, həmin şirəni bala çevirməyi biz öyrətdik. Vəhy bu deməkdir.
 
Mənə də vəhy düşüncələrim vasitəsilə göndərilir. Məlum məsələdir ki, yaşadığımız ərazidə əhalinin demək olar ki, 90 faizdən çoxu inanclı insanlardır, bu üzdən onlarla bu mövzuda danışmaq, düşüncələrini onlara anlatmaq mümkün deyil.
 
Əsl həqiqəti söyləyəndə əksəriyyət səni kafir adlandırır. Bu günlərdə Facebook səhifəmdə bir status paylaşmışam: “Oruc tutmursan, deyirlər, kafirsən. Tutursan, deyirlər, “risofka”lıq edirsən...”

- Mən də elə bu mövzunun üstünə gələcəkdim. Müqəddəs Ramazan ayına qədəm qoymuşuq. Ramazan ayı sizin üçün ümumiyyətlə hansısa əhəmiyyət kəsb edir?
 
- Xeyr, heç bir əhəmiyyət kəsb etmir. Ramazan “ramadan” sözündən götürülüb, mənası “yanar daş”dır. Yəni bu ayda bəndələrin günahları yanır. Amma mənə görə, günahlar yalnız ilin bir ayı yanmamalıdır, günahlar daim yanmalıdır. İçimizdəki vicdan etdiyimiz günahı dərhal yandırmalıdır, məhv etməlidir. 1 ay oruc tutub, günahlarımızı yandırıb, sonrakı 11 ay günahları üst-üstə yığmağımız isə, doğrusu, mənə absurd görünür.
 
Orucluq əslində ac qalmaqla bədəni müalicə etməkdir, bu ibadət əksər dinlərdə var. Təbii ki, hər bir din bunu özünəməxsus tərzdə təbliğ edir. Amma mahiyyət etibarilə bu, bir müalicə üsuludur. Yapon alimi Katsudzo Nişinin kitabında da aclıqla müalicə haqda yazılıb.
 
Orucluğun Quranda xatırlanması heç də onun müqəddəsliyinə dəlalət etmir, islamdan əvvəl də insanlar oruc tutublar. Hətta şamanlar da oruc tutublar. Bunu şamanizmdən bəhs edən kitablardan öyrənib, bilirəm.Yəni oruc tutmaq hər dövrdə olub. Hətta hədislərdə deyilir ki, Adəm peyğəmbərin günahlarının bağışlanılması üçün Allah ona bir ay oruc tutmağı buyurdu.
 
Amma oruc tutmaq sadəcə ac qalmaqla olmur. Sırf Allaha xatir oruc tutan insan təkcə ac və sususz qalmaqla kifayətlənməməlidir, ən başlıcası nəfsi ilə mübarizə aparmalıdır. Nəfs orucu tutmalıdır, qulaqları, gözləri, dili də oruc olmalıdır. Yəni bütünlüklə oruc olmalıdır. Amma ilin bir ayı oruc tutub, əməli-saleh müsəlman olub, qalan 11 ayı istədiyin kimi yaşayıb davranırsansa, tutduğun orucun nə mənası?!
 
Çoxları deyir ki, dünyada 2 milyarda yaxın müsəlman var, hamısı da Məhəmmədi sevir, bəs siz niyə onu qəbul edə bilmirsiniz? Amma araşdırsan, görərsən ki, çoxları onu korəbii sevir. Baxıb görür ki, valideynləri müsəlmandır, o da müsəlman olur. Çünki bizə o seçim, o ixtiyar verilməyib. Soruşuram, niyə namaz qılırsan? Cavab verir ki, qonşum məscidə gedir, mənə də evdə arvad-uşaq deyir ki, utanmırsan, ağsaqqal kişi gedib məsciddə namaz qılır, bəs sən niyə getmirsən, sən də get. Mahiyyətini bilmir. Oruc tutur. İmsaqa qalxıb 3 günün normasını yeyir, iftarda əlinə keçəni üyüdür, sağlamlaşmaq əvəzinə, əksinə orqanizmini yükləyir.
 
Hədislərdə deyilir ki, ibadəti zorla özünüzə yükləməyin, yəni məcburi ibadət olmaz. Hər bir ibadətin mahiyyətində bir gözəllik var. İbadət təkcə namaz deyil. Bax, biz indi burda söhbət edirik, əgər söhbət əsnasında fikirlərimiz üst-üstə düşürsə və bu fikirlərdən kimsə bəhrələnirsə, bunun özü bir ibadətdir.
 
- Yeri gəlmişkən, namaza münasibətinizi də öyrənmək maraqlı olardı...
 
- Məntiqi tərəfdən yanaşsaq, namazda ümumiyyətlə bir köləlik var. Çünki insanlara kölə olmağı tövsiyyə edir, kölə olmağa çağırır. Əgər Allah cisim deyilsə, Allah adlı inamımız varsa, onu qəlbimizdən keçirib, itaətdə ola bilərik. Onun qarşısında əyilməyə nə lüzum? Cismin əyilməsi əhəmiyyətli deyil, Allahın varlığını qəbul ediriksə, onun qarşısında ruhən əyilməliyik. Allahdan qorxmaq yox, onu sevmək lazımdır.
 
Deyilir ki, namaz qılanda mütləq üzü qibləyə dayanmalısan. Nə üçün məhz qibləyə? Əgər Allah laməkandırsa, hər yerdə varsa, nəyə görə məhz bir nöqtəni, bəlli bir istiqaməti seçməliyik? Məlum məsələdir ki, Məhəmməd bunu dünyanın diqqətini Ərəbistana yönəltmək üçün edib.
 
İkinci bir tərəfdən, bütün müqəddəs kitablar bir-birini təsdiq edir və hər birində deyilir ki, tarixən qiblə Qüds olub, amma sonra Allah Məhəmmədə deyib ki, görürəm, Məkkə üçün darıxırsan, üzünü çevir Məkkəyə. Demək belə çıxır ki, bir tək Məhəmmədə görə milyonlarla insanın minillik qibləsini dəyişib.
 
- Bayaq qeyd etdiniz ki, ali dini təhsil almısınız, Misirdə dini bilgilərinizi daha da dərinləşdirmisiniz. Anladığım qədər, ərəb dilini mükəmməl bilirsiniz, Qurani Kərimi də sadəcə oxumamısınız, öyrənməyə, təhlil etməyə çalışmısınız, Şərq dövlətlərində bir diplomat kimi ölkəmizi təmsil etmisiniz. O illəri necə xatırlayırsınız?
 
(Ardı var)
 
Hazırladı: Banu OĞUZ, Hurriyyet.org