"Məni MTN-ə çağırıb dedilər ki, şəklimə görə ölkədə xaos yaranıb" - Eldar Mahmudovun əmisi oğlunun məhkəməsi

Baxış sayı:
13720

Sabiq MTN nazirinin əmisi oğlu hakim qarşısına çıxarılıb.

Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəmə iclası hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutub.

Prosesdə zərərçəkmiş şəxs qismində Tural İsgəndərli ifadə verib. Zərərçəkmiş bildirib ki, Vüqar Mahmudovu tanımır.

O, bu iş üzrə nədən kədərləndiyini belə danışıb: "Mənim sosial şəbəkələrdə avtomaşının yanında avtomatla fotom yayılmışdı. Məni MTN-nin Xəzər rayon şöbəsinə çağırdılar. Dedilər ki, həmin şəkilə görə ölkədə xaos düşüb. Özüm lənkəranlıyam, buna görə də mənə dedilər ki, Rövşən Lənkəranskinin dəstəsinin üzvüyəm. Belə olmadığını dedim, amma inanmadılar. Məndən 20 min manat istəmişdilər".

Tural Isgəndərli pulunu geri ala bilmədiyini deyib. İş üzrə mülki iddiaçı Dövlət Təhlükəsizliyi Xidməti, zərərçəkmişlər "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov, hazırda həbsdə olan iş adamları Zaur Əzimov və Sahib Qurbanovdur.

Qeyd edək ki, V.Mahmudov ötən il noyabr ayında həbs edilib. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Bildirək ki, bu iş üzrə zərərçəkənlərin bir çoxunun adı "MTN generallarının işi"ndə adı keçənlərdir. Akif Çovdarov və digər MTN zabitlərinin işində bu epizodlar araşdırılıb.

Lakin Vüqar Mahmudovun da bu işdə adı keçdiyindən onun barəsində də cinayət işi açılaraq ayrıca icraata verilmişdi. V.Mahmudov zərərçəkənlərdən hədə-qorxu ilə pul tələb etmədə ittiham edilir.