​“Mən Vaqifə də, Səməd Vurğuna da siyasətçi kimi baxmışam” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Onlar bizim Azərbaycanın işğal edilməsi siyasətində iştirak etmiş adamlardır”

“Biz Qarabağ probleminin bir siyasi separatizm olduğunu dünyaya çatdırmalıyıq”

“Çox qəribədir, bəzi adamlar Vaqifin fəaliyyətinə, bu separatçı hərəkətinə onun 1-2 yaxşı şeirinin müqabilində bəraət verirlər ki, əgər Vaqif gözəl şeir yazıbsa, biz heç bir söz deməməliyik”

“Səməd Vurğun texnika baxımından, qafiyə düzmək, sözlərin nizamı baxımından Azərbaycanda bənzərsiz şairdir. Amma ədəbiyyat elə qafiyə tutmaq deyil ki. “Vaqif” dramında Səməd Vurğun Qacarı fars kimi, qaniçən işğalçı kimi təqdim edir, Vaqifi isə xalqın böyük bir şairi, xilaskarı kimi. Halbuki, Vaqif Qarabağın Azərbaycandan qoparılması məsələsində vasitəçilik edib. Yekaterina ona görə ona qızıl əsa da bağışlayıb”.
Ötən həftə ADP sədri Sərdar Cəlaloğlunun Kulis.az-a müsahibəsində səsləndirdiyi bu fikirlər bəzi şəxslər tərəfindən etirazla qarşılandı. Belə ki, S.Cəlaloğlunun fikirlərinə münasibət bildirən deputat Aqil Abbas Publika.az-a açıqlamasında Vaqifin Qarabağı satması iddiasının qəbuledilməz olduğunu bildirdi. O cümlədən, “Şərq” qəzetinin baş redaktoru, əslən Qazaxdan olan Akif Aşırlı da “Bu kin küdurət hardandır, ay Sərdar Cəlaloğlu?” – deyə sual etdi. Öz növbəsində, deputat Fazil Mustafa da ““Vaqif” öz möhtəşəmliyini bu günə qədər qoruyur” deyərək, S.Cəlaloğluna etirazını bildirdi. Üstəlik, o, ADP sədrinin müsahibəsində Qacarla bağlı səsləndirdiyi müsbət fikirlərə də özünəməxsus tərzdə münasibət bildirdi: “Qacar Azərbaycanda Qori seminariyası yox, mollaxana açacaqdı”.
Bütün bunlara rəğmən Sərdar Cəlaloğlu haqlı olduğunu və Səməd Vurğun, Molla Pənah Vaqif haqda tənqidi fikirlərinin heç də əsassız olmadığını deyir. ADP sədrinin “Hürriyyət”ə verdiyi geniş müsahibəni dəyərli oxucularımıza təqdim edirik.
- Sərdar bəy, Vaqif haqda fikirləriniz bəzi şəxslər tərəfindən etirazla qarşılandı. Sizin haqlı olmadığınızı iddia edənlər var...
- Bilirsiniz ki, sovet dönəmində bizə bu və ya başqa şəkildə Rusiyanın Azərbaycanı işğal və ilhaq etməsində xidməti olan insanlardan başqa heç kəs təbliğ olunmayıb. Yəni o insanlar bizə təbliğ olunub ki, ya o adamlar fəhləni, kəndlini təbliğ etsin, özü də kasıb bir adam olsun, ya da sovet hökumətinin tapşırıqlarını yerinə yetirsin. Məsələn, hamıya məlumdur ki, Səməd Vurğun ailəsindən olan polkovnik Vəkilov Rusiyanın Azərbaycanı işğal etməsi üçün zəruri olan topoqrafik xəritənin müəllifidir. Yəni Şimali Azərbaycanın topoqrafiyasını hazırlayıb, rus ordusuna təqdim edib, onlar da həmin xəritə əsasında Azərbaycanı işğal edib. Hansı ki, sovet hökumətinin vaxtında həmin Vəkilov sovet dövləti üçün böyük xidməti olan bir insan kimi təbliğ olunub. Amma biz bu gün müstəqilik və əgər məsələyə Azərbaycanın işğalı konteksindən yanaşırıqsa, onda aydın olacaq ki, Rusiyanın orden verdiyi, təbliğ etdiyi, yüksəltdiyi, qaldırdığı insanlar bizim üçün - istiqlalçılar üçün tam əks dəyərlərin daşıyıcılarıdır. Yəni biz artıq Vəkilovu qəhrəman yox, öz xalqına xəyanat etmiş bir adam kimi qiymətləndirməliyik. Çünki, o, Azərbaycanın xəritəsini hazırlayıb, ruslara verib.
Və yaxud da Qarabağ xanı müstəqillik əldə etməsi üçün Rusiyaya məktub göndərib. O məktub da arxivdə var. Məktubda yazıb ki, əgər Qarabağa müstəqil şahlıq verərsinizsə, siz Gəncəni tutarkən həmin yürüşdə bizim də ordumuz iştirak edər. Yəni təsəvvür edin ki, Qarabağ xanı rusların tərəfindən Sisyanov ordusunda vuruşub, Gəncənin alınmasında ruslarla əməkdaşlıq edəcəyi ilə bağlı vəd verir.
- Hesab edirsiniz ki, burada Vaqifin də xidmətləri olub?
- Mənə hücum edənlər də etiraf edir ki, Molla Pənah Vaqif yalnız bir yaradıcı adam, şair olmayıb, həm də vəzir olub. İndiki dillə desək, Xarici İşlər Nazirliyinin nümayəndəsi olub və bir müddət də xarici işlər nazirini əvəz edib. Eyni zamanda, Rusiya-Qarabağ əlaqələri, Qarabağın Azərbaycandan qoparılması, Qarabağa müstəqil şahlıq verilməsi məsələsi ilə bağlı danışıqlarda iştirak edib və bu danışıqlardakı xidmətlərinə görə Rusiya çariçası tərəfindən qızıl əsa ilə mükafatlandırılıb.
- Bununla bağlı konkret fakt, sənəd varmı?
- Əlbəttə. Bununla bağlı Tarix İnstitutunda da, Rusiya arxivlərində də faktlar var. Qarabağ xanının bütün yazışmaları mövcuddur. Sovet dövründə də Vaqifi bizə belə tanıdıblar ki, Qarabağın Rusiyaya birləşdirilməsində göstərdiyi xidmətlərinə görə rus çariçası tərəfindən qızıl əsa ilə mükafatlandırılıb. Vaqifə bu mükafatın verilməsini başqa cür heç kəs, heç nə ilə izah edə bilməz. Nə üçün? Birincisi, Rusiyanın ənənələrinə baxsaq, görərik ki, Rusiyanın həmin dövrdə yaşamış Puşkin, Lermantov kimi böyük şəxsiyyətlərinə belə, heç bir mükafat verilməyib. Vaqifin bir əsəri də rus dilinə tərcümə olunmayıb. Yəni əgər Yekaterina Vaqifin heç bir şeirini bilməyibsə, ümumiyyətlə ruslar Vaqifin şair olduğundan xəbərdar olmayıbsa və Vaqifin şeiri, yardıcılığı rus ədəbiyyatına bu və ya başqa şəkildə təsir etməyibsə, Yekaterina ona niyə qızıl əsa verməlidir?!
- Aqil Abbas deyir ki, Vaqif dövlət nümayəndəsi olduğu üçün ona belə bir mükafat verilə bilərdi...
- Mən də elə onu deyirəm ki, Qarabağ xanının vəzirinə Rusiyanın çariçası niyə qızıl əsa verib? Bu mükafat nəyin müqabilində verilib? Əgər o, Rusiyaya xidmət etməyibsə, Rusiya üçün bir iş görməyibsə, nə üçün bu qızıl əsa, məsələn, İrəvan, Bakı, Quba xanlığına verilməyib, məhz Qarabağ xanlığının vəzirinə verilib?! Çünki Vaqif danışıqlar aparıb, həmin danışıqlarda diplomat kimi Qarabağın Azərbaycandan qoparılması və Rusiyanın himayəsi altında müstəqil şahlıq verilməsinə razılıq verib. Çünki Rusiyanın himayəsi olmasaydı, Qarabağ heç vaxt şahlıq olmazdı...
- Bəs, bu məsələni indi gündəmə gətirməyiniz hansı məqsədə xidmətə edir?
- Burda anlaşılmayan nədir? Mən burda Vaqifi təhlil etmirəm. Çoxları deyir ki, sən siyasətçisən, bu ədəbi məsələdir... Amma hansı ədib ki, Azərbaycan siyasətinə nüfuz edib, siyasiləşib, hansı əsərlər ki, siyasiləşib, mən onun haqqında deməyə borcluyam. Məsələn, Aşıq Ələsgər haqqında niyə demirik? Çünki aşıq Ələsgər heç vaxt siyasətə qoşulmayıb. Və yaxud da Məmməd Araz, heç vaxt siyasətə qoşulmayıb. Bir insan siyasətə qoşulmayıbsa, öz yaradıcılığı ilə məşğuldursa, onu tənqid etmək siyasətçinin deyil, ədəbiyyatçının işidir. Amma bir adam yazıçılığını kənara qoyub, gəlib siyasətə qoşulubsa və rus dövlətinin, yaxud da İranın, başqa bir ölkənin Azərbaycanı işğal və ilhaq etməsinə dəstək veribsə, yəni Azərbaycanın mənafelərinə zidd siyasətin təbliğində, onu maskalamaqda, onun xalqa həzm etdirilməsində iştirak edibsə, artıq bu adam siyasətçidir. Mən Vaqifə də, Səməd Vurğuna da, digərlərinə də siyasətçi kimi baxmışamOnlar bizim Azərbaycanın işğal edilməsi siyasətində iştirak etmiş adamlardır. Yəni Azərbaycan xalqını yanıltmaq, öz tarixinə yanlış münasibət formalaşdırmaqla, müəyyən bir siyasəti həyata keçiriblər. Ona görə də, sovet ədəbiyyatı sinfi ədəbiyyat adlanırdı. Biz heç vaxt sovet ədəbiyyatını xalq ədəbiyyatı kimi qiymətləndirə bilmərik. Biz sinfi cəmiyyətdən çıxmışıqsa, sinfi cəmiyyətdən imtina etmişiksə, onda sinfi ədəbiyyatın milli ədəbiyyat üçün heç bir əhəmiyyəti ola bilməz. Qafiyyələr, sözlər yaxşı ola bilər. Bilirsiniz, çox qəribədir, bəzi adamlar Vaqifin fəaliyyətinə, bu separatçı hərəkətinə onun 1-2 yaxşı şeirinin müqabilində bəraət verirlər ki, əgər Vaqif gözəl şeir yazıbsa, onda biz heç bir söz deməməliyik. Və yaxud da Səməd Vurğun. Gözəl şeirlər yazsa da, Azərbaycan tarixini təhrif edibsə, bu gün də bizi narahat edən Qarabağ probleminin vaxtında xalqın düzgün başa düşməsinə imkan verməyibsə, biz həqiqəti deməməliyik? Vaqif əsəri göstərir ki, Qarabağın Azərbaycandan qoparılması və s. böyük bir “qəhrəmanlıqdır”, biz buna öz münasibətimizi bildirməliyik.
- Bu əsərin Qarabağ probleminin həllinə hər hansı təsiri ola bilərmi?
- Mən bu məsələni niyə qaldırdım? Biz neçə ki, Dağlıq Qarabağ məsələsini dünya ictimaiyyətinə bir etnik separatizm kimi təqdim edəcəyik, bu problemin həllində əlimiz boş olacaq. Yəni həll edə bilməyəcəyik. Biz bu problemin bir siyasi separatizm olduğunu dünyaya çatdırmalıyıq. Siyasi separatizm o deməkdir ki, bir dövlət başqa bir dövlətin ərazisini öz əlinə keçrimək üçün orda yaşayan insanları siyasi cəhətdən şirnikdirib, öz əlinə alıb. Rusiya birinci kimi şirnikdirib? Azərbaycanlıları. Burda erməni olmayıb ki. Bu gün ermənilər necə ki, Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsini istəyirlər, eynilə Vaqif və Qarabağ xanı da öz dövründə Qarabağı Azərbaycandan qoparıb Rusiyanın himayəsi altında bir şahlıq yaratmaq istəyiblər. Yəni bu bir siyasi separatizm olub.
- Amma Aqil Abbas deyir ki, Vaqifin bunun üçün heç bir yetkisi olmayıb...
- Aqil Abbas onu da deyir ki, Sərdar Cəlaloğlunun dediyi tarixi faktlar düzdür. Aqil Abbas Vaqifi müdafiə edib, amma pis vəkil kimi müdafiə edib. Vaqif Qarabağ xanlığında vəzir müavini olub. Onlar separatizmdə iştirak ediblər. Əvvəlcə bunlar müstəqil şahlıq istəmək üçün bu əsası yaradıblar, sadəcə, rus bundan müvəfəqqiyyətlə istifadə edib, Qarabağ xanını öldürüb, sonradan rus qoşunlarını yeridib ora, olub Rusiyanın bir əyaləti. Sonradan isə bu siyasi separatizmi etnik separatizmlə əvəzləməyə çalışıblar. Ruslar başa düşüblər ki, gec-tez Azərbaycan xalqı öz torpaqlarını geri alacaq, bunu daha da mürəkkəbləşdirmək, etnik separatizmə keçirmək üçün ora erməniləri köçürüblər və yeni dönəmdə bu etnik separatizm olub. Biz dünyaya bunu çatdırmalıyıq ki, Qarabağ problemi Rusiyanın iştiraki ilə həyata keçirilən bir siyasi separatizmdir, özü də bunun tarixi 200 ildir. Bunu gətirib sovet dövrü ilə və ya bizim müstəqillik dövrümüzlə bağlamaq olmaz. Qarabağın Azərbaycandan qoparılmasının 200 ildən artıq tarixi var. Bu tarixin böyük bir hissəsi – 100, 150 ili siyasi separatizmdir, son 50-60 ildə ruslar buranın etnik tərkibini dəyişdirdilər və bunu etnik separatizmə çevirdilər. İndi biz probeləmə bu cür yanaşanda, məlum olacaq ki, bu problemin arxasında duran erməni deyil. Çünki bu siyasi separatizmin arxasında duran ruslar olub. Yəni Qarabağı bizdən almaq üçün əvvəlcə siyasi separatizm başladıblar, sonra da bunu etnik separatizm müstəvisinə keçiriblər.
(Ardı var)
Ayxan İLDIRIMTÜRK