Mənə “rüşvət ver” dedilər, arzularımı yedilər... - GƏNC YAZAR

Mənə “rüşvət ver” dedilər, arzularımı yedilər...

2011-ci ildə orta məktəbi bitirib 1-ci ixtisas qrupu üzrə imtahan verdim. Neft Akademiyasının “Biotibbi texnologiya mühəndisliyi” ixtisasına qəbul olundum. Heç sevmirdim bu sahəni. 2007-ci ildə aktyor olacağıma qərar vermişdim. Amma ailəm istəmirdi aktyor olmağımı. Gah “o sahədə pul yoxdur, acından öləcəksən” dedilər, gah da “kişi sənəti deyil” dedilər. Amma mən heç vaxt o istəyimdən imtina etmədim. Sadəcə ailəmə qarşı çıxmamaq üçün o arzunu müvəqqəti boğub mühəndisliyə getmişdim.

O vaxt Siyavuş Qarayev idi ADNA-nın rektoru. Rəhmətlik bu akademiyada əməlli-başlı “diktatura” yaratmışdı. 17 il bu təhsil ocağına rektorluq etdi. O, dəhlizdən keçəndə tələbələri otaqlara salır, qapıları da bağlayırdılar. Hər otağın qabağında mühafizəçilər dururdu. Dərslər isə demək olar ki, keçilmirdi. Oxudun-oxumadın, pulunu gətir, qiymətini al. Ya da hansısa fakültə dekanı, kafedra müdiri qohumun, dostun-tanışın olsun, qiymətini yazsınlar. Mənim orda qohumum da vardı. Hüseynbala Mirələmov həm millət vəkili, həm də orda kafedra müdiridir. Amma mən ona heç ağız da açmadım. Birinci kursun, birinci semestrının imtahanları başlamışdı ki, ərizəmi yazıb akademiyadan imtina etdim. Hələ pul da vermişdim. Qiymətlərimin yazılması üçün yox, sadəcə bütün qrup uşaqları verirdilər, mən də onlar üçün problem yaratmaq istəmədim. Akademiyadan imtina edəndən sonra o pulu da qaytarmadılar.

2012-ci ildə 3-cü ixtisas qrupu üzrə test imtahanı verdim. Arzularımın arzusuna qovuşmaq üçün tələsirdim. 300-dən çox bal yığmışdım. Aktyorluq ixtisasının test imtahanında ödənişsiz əsaslar üzrə keçid balı isə 150 bal idi. Mən bunun iki qatını toplamışdım və intizarla qabiliyyət imtahananı gözləyirdim. O imtahandan keçəcəyimə çox arxayın idim. Axı mən uzun müddət xalq teatrında tamaşalar oynamışdım. Üstəlik, özüm dram dərnəkləri yaratmışdım. Hələ peşəkar teatrlarla da əməkdaşlığım olmuşdu. Bədii qiraət yarışmalarının qalibi olmuşdum. Yazdığım şeirlər, hekayələr müsabiqələrdə müəllif yazısı nominasiyaları üzrə yer tuturdu. Necə ola bilərdi ki, məni bu imtahandan kəsələr!?

Çox adam mənə demişdi ki, qabiliyyət imtahanında pul verməsən kəsəcəklər. Mən də öz bacarığıma arxalanıb “məni kəsməzlər!” deyirdim. Güya mənim fövqəladə istedadım bu komissiyanın gözünü tutacaqdı və heyranlıq içində mənə ən yüksək balı yazacaqdı. Gör mən necə sadəlövhəm də! Onlar məni imtahandan kəsmədilər amma elə günə qoydular ki, kəssəydilər, bundan qat-qat yaxşı idi.

Deməli, qabiliyyət imtahanında 7 və 8 bal alırdınsa, ödənişli əsaslarla oxuyurdun. İstəyirsən test imtahanından lap 700 bal yığ, dəxli yoxdur. 9 və 10 bal alırdınsa, ödənişsiz əsaslarla oxuyurdun. Mənə onu da demişdilər ki, əgər tamam kəsməsələr də, pul verməsən, səni ödənişliyə salacaqlar. Amma inanmamışdım. Axı mən imtahana Hüseyn Cavidin “İblis” pyesindən İblisin monoloqunu, elə Cavidin əruz vəznində yazdığı “Get” şeirini, Kırılovun  “Cırcırama və qarışqa” təmsilini hazırlamışdım. Etüt də müharibədən bəhs edən “Qəhrəman əsgər” adlı etüt idi. Yəni olduqca çətin və zəngin repertuarım vardı. Çünki əlavə bir monoloq, iki şeir, bir başqa təmsil, iki mahnı, rəqs də hazırlamışdım.

İmtahan günü mən universitetin həyətində öz növbəmi gözləyəndə imtahandan çıxanda 7 alan tələbələrin sevincdən “uçduğunu” görürdüm. İçimdən bir təəssüf keçirdi ki, 7 balın nəyinə sevinmək olar? Axı bu ən kiçik baldır və ödənişli təhsil deməkdir. Özü də nə az, nə çox – 2000 manat! Bir ildə 2000 manat ödəməli idin, bu da dörd ildə 8000 manat edir. O ixtisasa ki, teatrda işləyib 160 manat pul alacaqsan. Həmin tələbələrin bəziləri deyirdi ki, “bu qiyməti kağıza belə yazırlar, 5000 manat vermişəm e, məni pulsuza salacaqlar”. O biri deyirdi ki, “mən üç min verdim ki, kəsməsinlər, pulluya salsalar da olar”. Eşitdiklərim tüklərimi biz-biz edirdi. Mən bir qara qəpik də verməmişdim. Görəsən məni qəbul etməyəcəkdilər?

Növbə çatdı mənə. Girdim imtahana. Komissiyanın qabağında durdum. Başladım hazırladıqlarımı nümayiş etməyə. Monoloqu dedim, keçdim şeirə, sonra təmsili, sonra hekayəni danışdım. Daha sonra etütü oynadım, sonra da mahnı oxuyub rəqs etdim və gözlərimi bərəldib həyəcanla komissiyanın yazacağı balı gözlədim. Bir-birlərinə baxıb aralarında nəsə danışdıqlarını gördüm. Kənarda oturan TQDK-nın nümayəndəsi də onlara göz “ağardırdı”. Sonra da bir kağıza balı yazıb imzaladılar. Kağızı götürəndə gördüm 8 yazıblar. Elə bu dəm “sındı qol-qanadım yanıma düşdü”. Mən ödənişli əsaslarla necə oxuyacaqdım?! Hardan ödəyəcəkdim bu qədər pulu dövlətə? Axı atamla da münasibətim soyuq idi. Mən Neft Akademiyasını atmışdım, onun isə heç sevmədiyi bir sənəti seçmişdim.

Gecə-gündüz fikir çəkirdim. Nənəm mənə yardımçı oldu. Onunla bir yerdə çalışdıq, pulu düzəltdik və ödədik. Nəhayət, dərs başladı. Uşaqlıqdan içimdə bəslədiyim, böyütdüyüm, uğruna hər şeyi qurban verməyə hazır olduğum İncəsənət Universiteti və bu universitetin “Kino və Dram Teatrı Aktyorluğu” ixtisası...

O vaxt ADMİU-nin rektoru Timurçin Əfəndiyev idi. O da 20 ilə yaxın müddət ərzində rektorluq etdi bu təhsil ocağına. Bu universitetdə yaradıcılıq az da olsa, var idi. İstedadlı və sənət sevgisi olan tələbələr tamaşalar, konsert proqramları, bayram şənlikləri hazırlayırdılar. Toplaşıb teatrlara, kinoteatrlara gedirdik. Amma tələbələrin böyük qisminin incəsənətdən heç anlayışı yox idi. Onlar heç teatrda tamaşaçı olmamışdılar, o ki, qala rol oynayalar. Hətta tamaşa məşq edən tələbələrə gülür, lağ edir, “meymunluq edirsiz” deyirdilər. Bəli, bəli! Bu uşaqlar İncəsənət Universitetinin aktyorluq və rejissorluq ixtisaslarının tələbələri idilər. Onlar ödənişsiz əsaslarla oxuyur, hələ təqaüd də alırdılar. Çünki onlar qabiliyyət imtahanında pul vermişdilər və onları yüksək vəzifəli qohumları “tapşırmışdı”. Mən isə qaldığım evin kirayə haqqını vermək, gündəlik xərclərimi qarşılamaq üçün dərsdən sonra işləyirdim.

Birinci kursun sonlarında universitetdən məzun olmağa hazırlaşan dördüncü kursun tələbələri diplom işlərini təhvil verməli idilər. Bu vaxt onlar istedadlı tələbələrə möhtac olurdular. Məsələn, mən bir neçə dördüncü kurs tələbələrinin diplom işlərini hazırlamışdım, bu iş haqqında eksplikasiyalarını da yazmışdım. Üstəlik, buna görə pul da almışdım. Məcbur idim, çünki mənim çoxlu maddi problemlərim vardı. Mən o universitetə 2000 manat pul köçürüb oxuyurdum, həmin tələbələr isə 70-80 manat təqaüd alaraq universitetin həyətində sadəcə “gün keçirirdilər”.

Artıq həyatın mənimlə böyük bir ədalətsiz oyun oynadığını anlamışdım. İkinci kursun başlamasına bir neçə gün qalmışdı. Mən isə yenidən o vəziyyəti görməyə, bu boyda haqsızlığın iştirakçısına çevrilməyə təhəmmül etmirdim. Bir gecədə qərar verdim və səhəri gün ərizəmi yazıb universitetdən imtina etdim. Sonra da ölkədən getdim. Bir müddət Rusiya, sonra Türkiyə, daha sonra xəstələndim sinirlərdən və müalicə almaq üçün bura qayıtmalı oldum. Sağalandan sonra yenidən Türkiyəyə getdim və bütün bu müddət ərzində ürəyimi didim-didim didən, parçlayan o tələbəlik illəri hər günümə, hər anıma vahimə saldı. Mən çox ədalətsiz bir ölkədə doğulmuşam. Həyatın mənə ən böyük pisliyi ilk növbədə bu olub. Sonra isə mən özüm özümə pislik edib ən çətin arzuların arxasıyca qaçmışam.

Beləcə uşaqlığımın arzusu, ən böyük xəyalım ürəyimdə qaldı. Düzdür, mən universiteti tərk edəndən sonra səhnəyə çıxdım, tamaşalar oynadım. Amma hər yerdə üzümə vurdular: “sən peşəkar deyilsən”, “təhsilin yoxdur” dedilər. Hamı həqiqəti bilə-bilə hamı gizlətdi. Mən böyük oyunların kiçik qurbanı idim, amma müqassir elan olunmuşdum! Üsyankar, çılğın dedilər, lap dəli adını da qoydular. Əslində isə mən sadəcə arzularımın arxasıyca qaçırdım. O arzuların ki, mənə “rüşvət ver” dedilər və arzularımın hamısını yedilər!

Orxan Bahadırsoy