​“Mən rektordan əvvəl musiqiçiyəm” - SƏYAVUŞ KƏRİMİ

“Milli Musiqi Akademiyasında rüşvət qəti ola bilməz”

“Tələbələrimin məhəbbətini görürəm və mən də onları çox sevirəm”

Telefonuna gələn zənglərı özündən əvvəl “Kürd ovşarı” cavablayır. Çünki Fikrət Əmirovu çox sevir. Təsadüfi deyil. Fərqli musiqiləri biri-birinə bağlamaq, muğamı başqa ölkələrin musiqisiylə sintez eləmək onun çox sevdiyi, bağlandığı işdir. Bu səbəbdən də soragı gah Norveçdən, gah Latın Amerikasından, gah Liviyadan gəlir Milli Musiqi Akademiyasının rektoru Səyavuş Kəriminin. Bu işdə bircə amacım var deyir: “Azərbaycan musiqisini dünyaya tanıtmaq”. Bu məqsədlə də rəhbərlik etdiyi Milli Konservtoriyada maraqlı bir ortam yaradıb. Bunun üçün də illərlə zəhmət çəkib. Köhnə, şəraitsiz binadakı yaradıcı mühiti yaraşıqlı, səliqəli məkana daşıyıb:
- Milli Konservatoriyanın yaraşıqlı dediyiniz bu binası iki ildir istifadəyə verilib. Amma buna qədər evimiz-eşiyimiz yox idi. Çox çətinliklərimiz olub. Bilirsiniz ki, Milli Konservatoriya sıfırdan yaranıb. Ümummilli liderin Azərbaycan Konservatoriyasının yaranması haqda xüsusi sərəncamından sonra 2001-ci ildə mən rektor təyin olundum və ondan sonra başladıq işləməyə. Onda binamız yox idi. Bina məsələsi həll olunmalıydı. Sağ olsun, dövlət maliyyə ayırdı. Düzdür, maliyyə məsələsində bir çox çətinliklərimiz oldu, amma sonra hamısı düzəldi. 2012-çi ilin fevral ayının 13-də cənab prezidentin iştirakıyla Konservatoriyanın İnzibatı Tədris Kompleksinin açılış mərasimi keçırıldı və 2013-cü ilin sentyabr ayından artıq bu idarədə iş prosesi gedir. 
-Siz də bilirsiniz, indi ali məktəblərdə hamını narahat edən məsələ imtahanlardır. Təbii ki, bəzi ali məktəblərdə bunun şəffaf, obyektiv olmasına çalışırlar. Maraqlıdır, sizdə imtahanlar necə keçirilir? 
-Biz bütün səyimizlə çalışırıq obyektivlik, düzgünlük olsun. İmtahanda başqa məqsədlər olmasın. Mən, məsələn, özüm də tələbə olmuşam. Oxuduğum zaman hansısa təzyiqə məruz qalmamışam. Dərsimi oxumuşam, imtahanımı vermişəm, oxumamışam, verməmişəm. Yəni ki, hər şey bununla bağlıdır. Zəhmət çəkməlisən və imtahan verməlisən. Biz belə bir sistem qurduq ki, kodlaşdırılmış vərəqələr paylanılsın. Dərsi tədris edən müəllim o imtahanda olmur. Tamam kənar bir şəxs dəvət olunur, yəni o, tələbənin xəttini də tanımır. Onlar dəyərləndiriləndən sonra kodlar açılır, onda bilinir kim kimdir.
- Bildiyimiz qədər Milli Musiqi Akademiyasında imtahanlar zamanı valideynlər, yaxud imtahanın obyektiv olub-olmadığını bilmək istəyən hər kəs gəlib otura bilər...
-Dövlət imtahanlarında, bəli. Valideynlər, hətta qohumları, qardaşları, kim istəsə gəlib iştirak edə bilər. Biz bunu konsert şəklində keçiririk. Zalımızda, işıqlarla onlarının konserti formasında. Bir çox nüfuzlu dövlət kommissiyasının iştirakıyla. Həm də bunların hamısı çəkilir. Orda tamaşaçılar nəinki imtahan verənin düzgün imtahan verib-verməməsini, hətta komissiyanın ona necə qiymət verməsini görməli və bilməlidir. 

MÜƏLLİMLƏR VAR METRONUN YANINDA TƏLƏBƏYLƏ SÖVDƏLƏŞMƏ APARIR

-Amma gəlin etiraf edək, digər ali məktəblərin hamısında bu metod tətbiq olunmur. Hətta musiqi profilli məktəblərdə belə...
- Mən öz sahəmə cavabdehəm. Düşünürəm ki, digər ali məktəblərdə də vəziyyət bir o qədər acınacaqlı deyil. Əlbəttə, çətin məsələdir. Hər müəllimi kontrol etmək asan deyil. Üzdəniraq müəllimlər də var, tələbəylə gedib hansısa metronun yanında sövdələşmə aparır. Bunlara nəzarət eləmək çətindir. Ona görə də biz çalışırıq elə bir şərait yaradaq ki, tələbə, ümumiyyətlə institutdan getmək istəməsin, otursun burda. Burda hər bir şərait var. Yeməkxanasından tutmuş onun dincliyi, rahatçılığı, yaradıçılığı üçün. Sizə deyim bizdə elə fənnlər var ki, dərslər saat 11-də başlayır, amma tələbələr səhər 8-dən burdadır, öz istəkləriylə. Gəlirlər, burda yaradıcılıqla məşğul olurlar. Hətta biz onlar üçün məllimlər dəvət etmişik ki, öz dərslərindən əlavə xarici dil öyrənsinlər. Çünki bizim tələbələr Azərbaycanı xaricdə təmsil edirlər. Onlar ölkələri, özləri haqda ingilis dilində məlumat verməyi bacarmalıdırlar. Bax belə, tələbələr hamısı bilir ki, burda oxumaq lazımdır, başqa söhbət gedə bilməz.
- Əminliklə deyə bilərsiniz ki, Səyavuş Kəriminin rəhbərlik etdiyi ali məktəbdə rüşvət yoxdur?
-Qəti ola bilməz! Qəti! Mümkün olmayan şeydir. Niyə tələbə sıxılmalıdır?! Biz öz gələcəyimizi təmin edirik. Biz sabah həyatda olmayacağıq. Amma onlar bu ölkənin vətəndaşlarıdır və onlar da sabah kimisə tərbiyə edəcəklər. Bunlara bu gün belə münasibət varsa, onlar da sabah öz tələbələrinə o cür yanaşacaqlar ki, bizi belə öyrədiblər, biz də belə olacağıq. Bilirsiz, bu çox vacib məsələdir. Düşünürəm ki, biz gözəl millətik və bundan da gözəlinə nail ola bilərik. Niyə bizə yaraşmayan hərəkət eləməliyik.

MƏN REKTORDAN ƏVVƏL MUSİQİÇİYƏM

-Konservatoriyanın işləri haqda həvəslə danışırsız. Hiss olunur ki, enerjinizi daha çox bura yönəldirsiniz. Məmurluq, rəhbərlik sizi yaradıcı işlərdən uzaqlaşdırırmı?
-Bax, siz gələnə qədər mən oturub pianino çalırdım. Elə düşünməyin ki, mən elə bütün günü yazı yazıram. Bu iş də yaradıçı işdir. Adminstrativ işə yaradıçı münasibət bəsləyəcəksənsə, o da yaradıcıdır. Həftənin bir neçə günü bizim yaradıcılıq saatlarımız olur. Orda müəllim, tələbə, kim istəyir çıxış edir. Özünün yaratdığı hər şeyi göstərir. 
-Siz də həmin yaradıcılıq saatlarında öz əsərlərinizi tələbələrinizə təqdim edirsiniz?
- Əlbəttə. Tələbələrlə yanaşı mən də çıxıb çalıram orda. Burda nə var ki?! Bu, mənim sənətimdir. Mən rektordan əvvəl musiqiçiyəm. Sadəcə, bura rəhbərlik edirəm və istəyirəm ki, bu konservatoriya tək Azərbaycanda yox, dünyada tanınan konservatoriya olsun. Bu şəffaflığı da ona görə təmin etmək istəyirəm ki, bura dünyanın müxtəlif nöqtələrindən gəlib oxusunlar, Azərbaycan musiqisini öyrənsinlər. Bu Azərbaycanın, hesab edirəm, ən gözəl təbliğatıdır. Bura gəlib, oxuyub bu musiqini öz vətəninə aparır.

ƏN BÖYÜK ADIM ATA-ANAMIN MƏNƏ VERDİYİ ADDİR

-Səyavuş muəllim, “Qizil Dərviş” mükafatı, “Şöhrət” ordeni kimi fəxri adlar almısınız...(Sözümü yarıda saxlayır) 
- Mənim ən böyük adım atamın-anamın mənə verdiyi addır. Əlbəttə, təşəkkür edirəm ki, dövlətimiz, hökumətimiz mənim kiçik əməyimi belə yüksək qiymətləndirib. 
-... Demək istəyirdim ki, qarşıda daha bir titulu tətikləyəcək yeni yaradıcı iş varmı?
-Yaradıçı iş həmişə var. Amma mən çox istəyirəm ki, nəsə qlobal əsərlər olsun, beynəlxalq səviyyədə. Mədəniyyətdən sarı bizi daha çox tanısalar, mədəni xalq olduğumuzu bilsələr, bizə münasibət bundan da yüksək olacaq. İndi əlbəttə ki, bədii filmlər, tamaşalar var. Onlara musiqilər yazıram. Biri elə son bədii film. O filmin adı nəydi? (Gülür) Adı yadımdan çıxdı( “Xeyirlə şərin rəqsi” filmini nəzərdə tutur), Çingiz Abdullayevin “Dronqo” əsəriylə bağlı. Bu yaxında onun təqdimat mərasimi də keçirilməliydi. Filmi rejissor Yavər Rzayev çəkib. Baş rolda da İlqar Muradov oynayır. Həmin bu filmin musiqisini mən və oğlum bir yerdə yazmışıq.
-Ata-bala işbirliyindən çox məmnunsuz, deyəsən..
- Əlbəttə. Düzdür, oğlum burda yaşamır, bilirsiniz, Amerikada olur. Amma kompüter vasitəsilə mənə göndərir. Sonra mən ona göndərirəm. Bax belə-belə deyək ki, işbirliyimiz alınır.
-O, sizə daha çox ilham verir, ya siz ona?
- Yəqin ki, o mənə. Çünki mən onun hər bir uğuruna sevinirəm. 
- Bu Eminlə ilk işinizdir?
-Belə böyük layihədə hə. Düşünürəm ki, o gələcəkdə də belə işlərə daha çox cəlb olunmalıdır.
-Müəllim kimi necə, Emindən razısınızmı?
-Müəllim kimi yox, yəqin valideyn kimi deyə bilərəm. Hər bir valideyn övladından razı olub-olmamaq yox, onun xoşbəxt olmasını istəyir. İstər sənin yanında olsun, istər min kilometr səndən uzaqda, əsas odur biləsən ki, hər şey yaxşıdır. 40-50 yaşına qədər atanın yanında oturub onun şalvarından tutasan ki, ata, mənə bir manat pul ver, o düzgün deyil axı. Düşünürəm ki, orda onun işləri daha yaxşı olacaq. İmkanları yaxşı olacaq. Ora böyük imkanlar ölkəsidir. Yəqin Emin orda daha böyük imkanlar əldə edəcək və mən buna lap çox sevinəcəm.

CƏRRAHİYYƏ ƏMƏLİYYATI KEÇİRMİŞƏM

Söhbətimizin bu məqamında bayaqdan diqqətimi çəkən və iş masasına söykənən qoltuqağacları barədə soruşdum: 
- Səhhətinizdə problem var, Səyavuş müəllim?
-Yox, bu müvəqqəti bir şeydir. Bu yaxınlarda bir balaca cərrahiyyə əməliyyatı keçirmişəm. Ayağımda problem vardı. Artıq bunsuz gəzə bilirəm. 
Ayağa qalxıb sərbəst gəzişir: 
-Gördüyünüz kimi artıq bunsuz gəzirəm. Əvvəl heç gəzə bilmirdim. Artıq iki aydır. Yəqin bir iyirmi gün də belə gəzəcəm.
Bud sümüyü çanağa sürtünməyə başlayanda biz onu əməliyyat elədik. Azərbaycanda, Bakıda yaxşı həkimlər var. Onların vasitəsilə implant qoydurduq. İndi hər şey yaxşıdıdr.
-Keçmiş olsun. Yerişinizdə heç nə hiss olunmur.
-Hə. Əvvəl dəmir dördayaqlı ilə gəzirdim. Ayağımı bir-bir qoyurdum. Bu əməliyyat lazım idi ki, mən sabah səhnəyə rahat çıxıb gəzə bilim. Mən səhnəsiz darıxıram. Mən ömrüm boyu səhnədə yaşamışam. 

MUSİQİÇİLƏRİ BAKIYA GƏTİRMƏK İKİ MANATA BAŞA GƏLMİR

-Belə başa düşdüm, sizi bundan sonra böyük publika qarşısında sıx-sıx görəcəyik ?
-Bayaq dediyim kimi, böyük layihə hazırlansa, hə. Onu isə gərək özüm işləyim. Bir neçə belə təkliflər də var. Rusiyadan, Türkiyədən, Livandan müştərək layihələr. Üzərində işləmək lazımdır. Bu Azərbaycan musiqi tanıtımında çox böyük rol oynayır.
-Bəs bizim sənətçilərlə necə? 
-Azərbaycan sənət adamlarının demək olar ki, böyük əksəriyyəti burdadır. Azər Zeynalov, Samir, Anar Şuşalı, Mənsum İbrahimov, Gülüstan Əliyeva. Otururuq, düşünürük, çalırıq, oxuyuruq, baxırıq, nə alınır, nə alına bilər. 
- Amma bunu ictimaiyyətə az təqdim edirsiniz.
- Bilirsiniz, yemək hazır olsun ki, stola qoyasan, deyəsən, gəlin, yeyin. Əvvəldən deyəsən ki, filan şey hazırdır, bu, alınmaya da bilər, ləngiyə bilər. Hər kəs sözünün ağası olmalıdır, mənə belə gəlir. Həm də bu layihələr üçün maliyyə vəsaiti lazımdır. O musiqiçiləri ordan bura gətirmək, yerləşdirmək onlaın yeməyi, transportu bunların hamısı iki manata başa gəlmir. Bunlar böyük puldur. Düzdür, dəstəkləyən, yardım göstərən iş adamları var. Yaxşı dostlarımız var deyirlər ki, nə kömək lazımdır edə bilərik. Amma deyirəm, çox sağ olun, konturlar hazır olandan sonra biz deyəcəyik fllankəsi gətirmək lazımdır. Bilirsiz, mən 2013-cü ildə dostlarımı Cənubi Amerikadan Bakıya gətizdirdim. O da dövlət hesabına olmadı, dostlarımızın hesabına oldu. Onların bir dəfə bura gəlib-getməsi 13 min-15 min avroya gəlib çıxdı. Bu da az deyil. 
- Ayaz Salayevlə birgə maraqlı bir işiniz var, bildiyim qədər. Həm də bu iş şəhid olan əsgərlərimizə həsr olunub yanılmıramsa..
- Bəli. Ayaz Salayev bir ssenarı gətirmişdi. Son zamanlar baş verən hadisələrə aid, Qarabağ mövzusunda üç dəqiqəlik maraqlı bir klip hazırlamışıq uşaqlarla. Çox qəşəng alınıb. Mən bu işə musiqi rəhbərliyi elədim. Musiqini uşaqlar yazıb. Özüm istəmirəm yazım. İstəyirəm cavan uşaqlar işləsin. Onlara da şərait yaratmaq lazımdır. Onlar görməlidir ki, əsərləri səslənir. Yoxsa götürüm elə özüm yazım, bu, düz olmaz. Onların hələ çıxışları yoxdur axı... 
Mənim tanıdıdğım insanlara, rejissorlara deyirəm, sən də gəl burda işlə. Onda uşaqlar həvəslənirlər.

İNSAN TƏK NİKAHLA XOŞBƏXT OLMUR

- Musiqiçi, müəllim, rəhbər Səyavuş Kərimidən çox danışdıq. Bir az da ata Səyavuş Kərimidən danışaq. Bayaq oğlunuzla işbirliyinizdən danışdınız. Bəs digər övladlarınız?
-Mənim üç oğlum var. Biri Amerikada yaşayır, ikisi burda. Emini tanıyırsınız, artıq 35 yaşı var. Balacalardan birinin 7 yaşı var, adı Əşrəfdir, atamın adını daşıyır, o birinin 4 yaşı var, adı Rüstəmdir. Ona da babamın adını qoymuşam. 
-Aralarında xeyli yaş fəqri var.
-Hə. Onlar mənim ikinci nigahımdandır.
- Sirr deyilsə, birinci evliliyiniz nədən bitib?
-Bilirsiniz, olur da insanlar müxtəlif səbəbdən ayrılırlar... (Düşünür) Mən birirnci deyiləm bu həyatda. Dostlar var ayrılır, qardaşlar var ayrılır bir-birindən. İnsan xarakterləri bir-birinə uyğun gəlməyəndən sonra, müəyyən bir zamandan sonra dəyişikliklər baş verir təbii.. Oldu. Və mən çox uzun müddət tək yaşadım. Amma başa düşdüm ki, bunun axırı yoxdur. İnsanın gərək isti evi, ailəsi, ocağı olsun. Hal-hazırda mənim ailəm var və mən buna çox sevinirəm. Düzdür, işim məni evə çox buraxmır və mən burda böyük məmnuniyyətlə çalışıram. Amma gedəndə evə tələsirəm. Bilirəm ki, orda məni gözləyənlər var.
-Belə çıxır ki, ikinci nikahınızdan daha xoşbəxtsiniz?
-İnsan tək nikahla xoşbəxt olmur. İnsanın sənəti, əməyi, gördüyü iş, yaşadığı ölkə, insanların ona münasibəti, bunlar hamısı xoşbəxtlikdir. Yəqin ki, koridoru gələnə qədər gördünüz ki, hamısı tanınmış insanlardır. Xalq artistləri, “Şöhrət”, “İstiqlal” ordenlilərin hamısı burdadır. Hamısının mənə münasibətinə görə mən baş əyirəm, təşəkkür edirəm. Onlar mənim bir sözümü heç vaxt iki eləmirlər, heç biri - 80 yaşlı kişi də, tələbələrim də. Tələbələrimin məhəbbətini görürəm və mən də onları çox sevirəm.

BALALARIM MƏNİM PADŞAHLARIMDIR

-Xanımınızın musiqiyə aidiyyatı varmı?
-Yox. Heç aidiyyatı yoxdur. Xanımımın mənim balalarıma aidiyyatı var.
-Çox konservativ danışdınız...
-Yox. Niyə ki.. Xanımım ixtisasca hüquqşünasdır. Öz biliyini, əməyini, canını mənim balalarıma sərf edir. Onlara dərs keçir, tərbiyə edir. Hətta mənim vaxtım çatmayanda uşaqların musiqisi ilə də məşğul olur. Onların musiqi dərsində oturur, qulaq asır və mən gələndə mənə deyir ki, xoşuna gəldi ya yox.
-Eləsə demək olarmı, ilk dinləyciləriniz və tənqidçiləriniz də onlardır?
- Onlar mənim nə dinləyicilərimdir, nə də tənqidçilərimdir. Onlar mənim uşaqlarımdır, mənim padşahlarımdır. Onlar mənə əmr edənlərdir. Onlar haqda düşünəndə adamın ürəyi açılır. Səninlə söhbət edəndə, onun o təmizliyini görəndə özün başa düşürsən ki, sən özün nə qədər təmiz deyilsən (gülür..)

Söhbətləşdi: Rəna