“Mən Qarabağ adından danışa bilmərəm” - Paşinyandan münaqişənin həllinə dair yeni açıqlamalar

Baxış sayı:
7825

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 12-də öz hökumətinin proqramını Milli Məclisə təqdim edərkən həm də Dağlıq Qarabağ məsələsinə toxunub.

Muxalifet.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, o Qarabağın öz taleyinin müəyyənləşdirilməsində həlledici rol oynamasının İrəvan üçün son dərəcə mühüm olduğunu deyib.

Paşinyan mayın 9-da baş nazir postunu qəbul edəndən sonra Xankəndində verdiyi bəyanatı bir daha təkrar edib və yada salıb ki, o, Ermənistanın baş naziri kimi Ermənistanın adından danışıqlar aparmağa hazırdır və aparmalıdır, lakin Qarabağın adından danışıqlar apara bilməz. O bir daha vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı olaraq qalır:

“Mahiyyət etibarilə bizim üçün vacib məsələlərdən biri də Artsaxın danışıqlar prosesində tammiqyaslı iştirakıdır. Bu tarix və bu yanaşma yeni deyil və keçmişdə baş vermiş məlum hadisələr var. Bu vaxt ərzində müəyyən məzmun yaranıb”.

Daha sonra baş nazir “məzmun” sözünü izah etməyə çalışıb:

“Bu nə məzmundur? Mahiyyət etibarilə Qarabağın danışıqlar prosesində iştirak etməsi bizim müzakirələrimizin əsas bəndlərindən biri olub. Keçmişdən bu da məlumdur ki, Azərbaycan tərəfi hər dəfə bu təkliflərə və Qarabağ danışıqlar tərəfi kimi iştirakı ilə bağlı mövzuya bu şəkildə reaksiya verir: “Əgər erməni tərəfi danışıqlar prosesinə Artsaxı da qoşsa, Azərbaycan tərəfi öz növbəsində Qarabağın azərbaycanlı icması adlanan toplumun nümayəndələrini prosesə gətirəcək”.

Nikol Paşinyan deyib ki, məsələnin belə qoyuluşu ciddi izahatlar tələb edir:

“Problem nədədir? Məsələ burasındadır ki, Qarabağın azərbaycanlı icması danışıqlar prosesində bütün bu müddət ərzində iştirak edib və bugün də iştirak edir və mahiyyətcə, Qarabağın azərbaycanlı icmasının iştirak etmədiyi bircə müzakirə də olmayıb. Necə? Sadə səbəb budur ki, Qarabağın azərbaycanlı icması deyilənlər Azərbaycanın prezident və parlament seçkilərində iştirak edirlər və Azərbaycan Respublikasının vətəndaşıdırlar. Beləliklə də, Azərbaycan prezidentini həm də Qarabağ icması seçib və buna görə də Azərbaycan prezidenti, Azərbaycan hökuməti və Azərbaycan parlamenti həm də bu adamları təmsil etmək üçün mandata malikdir”.

Paşinyanın sözlərinə görə, Ermənistanın Qarabağın danışıqlarda tammiqyaslı iştirakı təklifinə cavab olaraq Azərbaycanın Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirakını tələb etməsi müəyyən suallar doğöurur”. Məsələn: “Əgər Azərbaycan rəhbərliyi bütöv Azərbaycanı və Azərbaycan xalqını təmsil etmək səlahiyyətində deyilsə, bu rəhbərlik danışıqlarda hansı mandatla iştirak edir?”

Nikol Paşinyan daha sonra deyir:

“Bizim hökumətimiz açıq danışır: Bizim Qarabağı və Qarabağ xalqını təmsil etmək üçün mandatımız yoxdur, belə bir sadə səbəbdən ki, Qarabağ və Qarabağ xalqı bizim seçkilərimizdə iştirak etmir. Onların öz hökuməti, öz parlamenti və danışıqlar aparan öz nümayəndələri var. Mən Qarabağ nümayəndələrinin Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb edilməsinə dair aparılmaqda olan müzakirələri çox ciddi irəliləyiş hesab edirəm. Çünki mən “Dağlıq Qarabağ Respublikası”nın danışıqlar prosesinə cəlb edilməsi üçün çox konkret üsullar və metodlar görürəm. Biz hazırda bu üsul və metodların müzakirəsi prosesindəyik. Biz bünları beynəlxalq partnyorlarımızla da müzakirə edəcəyik”.

Çiçəklənən Ermənistan fraksiyasından Arman Abovyanın xalqları sülhə hazırlamaq çağırışı barədə sualına cavab olaraq Paşinyan yada salıb ki, söhbət hər iki xalqın sülhə hazırlanmasından gedir: “Əgər Azərbaycan öz xalqını sülhə yox, müharibəyə hazırlayırsa, Ermənistanın da reaksiyası buna müvafiq olmalıdır”.