“Mənə dedi ki, İlham Əliyevə, Vladimir Putinə, kimə istəyirsən get şikayət et" – UCAR SAKİNİ SU PROBLEMİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT ETDİ

Baxış sayı:
6250

Ucar şəhəri Heydər Əliyev prospekti ev 99 mənzil 1-də yaşayan Hüseynov Namiq İnqilab oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyev müraciət edən şikayətçi yazır:
“Cənab Preident!
Bir neçə il bundan əvvəl dövlət hesabına Ucar şəhərinə yeni su xətti çəkiləndə sevincimizin həddi-hüdudu yox idi. Atalar demiş, "susuz həyat yoxdur". Ucar şəhərin 24 saat fasiləsiz su ilə təmin olunması dövlət tərəfindən sakinlərə verilmiş ən böyük hədiyyə idi.
Lakin bu yaxınlardan Ucar şəhəri Heydər Əliyev pospektində yerləşən mənzillərə suyun verilməsində fasilələr başlayıb. Mən bununla bağlı "Azərsu" ASC-nin Ucar Su İdarəsinə telefonla zəng edərək əlaqə saxladım. İdarədən zəngimə cavab verən operator mənə bildirdi ki, yəqin filtri tutulub, əməkdaşımızı göndərərik baxarlar. İki gündən sonra Ucar Su İdarəsinin Elşən adlı əməkdaşı mənzilimə gələrək, su sayğacının daşını çıxardı, yoxladıqdan sonra işlədiyini bildirdi. Mən problemin sayğacda deyil, əraziyə verilən suyun zəif olmasında olduğunu bildirdikdə Elşən mənə dedi ki, “mən sənə su verənəm, get başına çarə qıl?!". Mən onun bu sözünə etiraz edib şikayət edəcəyimi bildirdikdə isə dedi ki, "İlham Əliyevə, Vladimir Putinə, kimə istəyirsən get şikayət et".
Mən "Azərsu" ASC-nin Ucar Su İdarəsinə zəng edib, təkrar şikayətimi bildirdim. İdarənin qəza xidmətinin Nurlan adlı rəhbərinin cavabını eşidəndə isə dəhşətə gəldim. Qəza xidmətinin rəhbəri haqlı şikayətimin həll olunması əvəzinə, mənə dedi ki, "sizin adresinizə su saatla veriləcək. Ona görə problem yaranırsa çən tikdir, su verilən vaxtı çənini doldur. Su olmayan vaxtı çənindəki sudan istifadə et". Mən onun bu cavabına etiraz edərək bildirdim ki, suyun əvvəlcədən pulunu ödəmişəm. Niyə suyumuzu saatla verirsiniz? Onun cavabı bu oldu ki, "bu, müdirin tapşırığıdır, subh namazından, günorta və axşam yeddidən sonra iki saat su verilməlidir. Bir sənə görə rejim dəyişməliyik?”
Dövlətin milyonlarla vəsaiti xərclənib ki, Ucar şəhərinin sakinləri içməli su ilə aramsız təmin olunsun. Köhnə xətt olan zamanı su fasilə ilə verilsə də, suyun kəsilməsi sutkanın az müddətində olurdu. Fikirləşirdik ki, su xətti köhnədir, 40-50 il əvvəl çəkilib. Keçən müddət ərzində sakinlərin sayı artıb. Ona görə də dözürdük. Bilirdik ki, dövlət bizim bu problemimizi həll edəcək. Yeni su xəttinin çəkildiyi beş-altı ildir. Bu qısa zaman ərzində yaşadığımız ərazidə sakinlərin sayı bu qədərmi artıb ki, yenidən bizə suyu fasilə ilə verirlər? Axı dövlət proqramı qəbul olunub həyata keçiriləndə belə hallar nəzərə alınmalıdır. Niyə biz pulumuzu əvvəlcədən ödədiyimiz halda su fasilə ilə verilməlidir? Yeni su xətti çəkiləndə hər bir abonentlə müqavilə bağlanır. Bu müqaviləyə əsasən "Azərsu" ASC abonentlərə fasiləsiz su verilməsi öhdəliyini götürüb.
Ölkəmiz inkişaf etdiyi bir zamanda Ucar rayon Su İdarəsi bir əsr geri qayıdır. Keçən əsrin axırlarında olduğu kimi abonentlərə deyirlər ki, çən tikdirin. O zaman Sovet imperiyasının son dövrləri idi. Ölkədə böhran və qarışıqlıq var idi. Vəzifəli şəxslərdə bundan istifadə edib tutduqları vəzifədən öz mənafeləri üçün istifadə edirdilər. Bu gün də Ucar Su İdarəsinin qəza xidmətinin rəhbəri Nurlan kimi vəzifəli şəxslər eyni yolu gedirlər.
Cənab Prezident!
Çıxışlarınızda məmurların vətəndaşara qarşı özbaşınalıqlarına son qoymalarını, həmin məmurların vətəndaşlara xidmət etməyə borclu olduqlarını dəfələrlə qeyd etmisiniz. Lakin Ucar rayon Su İdarəsi bu hərəkəti ilə sizin bu tapşırıqlarınızı qulaqardına vurmaqla yanaşı, bizim hüquqlarımızı pozurlar. Ona görə də Sizdən xahiş edirəm, Ucar rayon Su İdarəsinin sakinlərə etdiyi bu qanunsuzluqların araşdırılması üçün tapşırıq verəsiniz”.
Muxalifet.az
Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.