​“Mən Bakıyam, məni yandırırlar” - Xanım səfir - FOTO

Baxış sayı:
8209

Dünən Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi yad edilib.
Muxalifet.az xəbər verir ki, anım mərasimində Bolqarıstan Müsəlmanları İslam Şurasının sədri, Bolqarıstan Respublikası Müsəlmanlar Diyanəti Baş Müftiliyinin təmsilçisi, Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, tələbələr və “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova 1990-cı il 20 Yanvar faciəsinin tarixə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız insanların qəddarcasına qətlə yetirilməsi, hərbi təcavüz və cinayətə məruz qalması, eyni zamanda bir xalqın milli azadlığı və müstəqilliyi uğrunda mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə yüksəlməsi kimi daxil olduğunu bildirib.
Sovet rejimi hərb maşınının istiqlaliyyət, azadlıq, suverenlik istəyi ilə yaşayan Azərbaycan xalqının iradəsini qırmaq, demokratiya tələblərini boğmaq üçün 20 yanvar 1990-cı il tarixində qabaqcadan hazırlanmış təcavüzkarlıq aktını həyata keçirərək ağır cinayət törətdiyini bildirən N.Qurbanova faciənin ötən əsr boyu xalqımıza qarşı yürüdülmüş məkrli siyasətin növbəti təzahürü olduğunu qeyd edib. Səfir vurğulayıb ki, Sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddiaları, 250 mindən artıq soydaşımızın Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması, onlara qarşı repressiya və etnik dözümsüzlük, Azərbaycanı parçalamaq və torpaqlarını zəbt etmək təşəbbüsləri bu siyasətin digər təzahürü olmuşdur.
Günahsız insanların gülləbaran edilməsi əməliyyatının SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin xüsusi təyinatlıları və Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil oldunduğunu xatırladan səfir o zamankı SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla, Sovet rəhbərliyinin Bakıda “erməni kartı”ndan məharətlə istifadə etdiyini, onları və hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq bəhanəsi ilə silahlı dəstələri şəhərə yeritdiyini vurğulayıb. Əlavə edib ki, SSRİ DTK-sının “Alfa” qrupu yanvarın 19-da respublika televiziyasının enerji blokunu partlatmış, digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış və beləliklə xalq məlumat almaq hüququndan məhrum edilmişdi.
Bu “cəza” tədbirinin şüurlu surətdə planlaşdırıldığını və vəhşicəsinə həyata keçirildiyini, hətta fövqəladə vəziyyətin tətbiqinin əhaliyə elan olunanadək 82 nəfərin amansızcasına qətlə yetirildiyini, 20 nəfərin isə ölümcül yaralandığını qeyd edən səfir 20 Yanvar faciəsi zamanı 147 Azərbaycan vətəndaşının şəhid olduğunu, 744 nəfərin yaralandığını, 841 nəfərin isə qanunsuz həbs edildiyini bildirib.
Əməliyyat zamanı nəinki mülki şəxslərin öldürüldüyünü, evlər və ictimai yerlərin atəşə tutulduğunu, hətta təcili yardım maşınlarının tankların altına salınıb əzildiyini və yaralılara yardım göstərən tibb işçilərinin güllələndiyini xatırlayan səfir planlaşdırılmış bu cinayət əməliyyatını həyata keçirmək üçün keçmiş SSRİ Müdafiə naziri Dmitri Yazov, Daxili İşlər naziri Vadim Bakatin və başqa yüksək rütbəli hərbçilərin Bakıya gəldiklərini iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra Azərbaycan xalqının igid övladlarının əsl fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərərək, milli ideallar uğrunda birləşdiyi və Sovet hərbçilərinin təcavüzünə qətiyyətlə sinə gəldiyi vurğulanıb və həmin qəhramanlıqlardan dənizçilərimizin mübarizliyi barədə danışılmışdır. 20 yanvar hadisələrdən dərhal sonra Xəzər gəmiçiliyinin 124 gəmisinin Bakı buxtasına yollanaraq dinc əhalinin öldürülməsinə etiraz etdiyini və “Sabit Orucov” gəmisində gələcək addımların əlaqələndirilməsi üçün 7 kapitandan ibarət olan fövqəladə komitənin yaradıldığını qeyd edən N.Qurbanova həmin dövrdə hərbi gəmilərin hərəkətlərinə müqavimət göstərməyə çalışan gəmilərin intensiv atəşə tutulduğunu və silahsız “Vodoley” mülki gəmisinin güllələrdən deşik-deşik edildiyini vurğulayıb. Səfir əlavə edib ki, bütün bunlar “SOS” siqnalı göndərmək qərarına gəlmiş kapitanları qorxutmayıb və onlar hər 30 dəqiqədən bir “Diqqət! Bakı yanır”, “Diqqət! Mən Bakıyam, məni yandırırlar!” “SOS” siqnalı ilə baş verən hadisələrlə bağlı məlumatları dünyaya çatdırmışlar.
Çıxışı zamanı səfir bu qanlı terror aktına ilk etirazın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən olunduğunu vurğulayaraq ulu öndərin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdiyini, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin ittiham etdiyini qeyd edib. N.Qurbanova bildirib ki, ümummilli liderin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunub. Nəticədə, 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi məhz ümummilli liderimizin təşəbbüsü ilə baş tutub.
Mərasimdə Azərbaycan müstəqilliyinin həqiqətə çevrilməsi naminə canlarını fəda etmiş soydaşlarımızın şücaətini əks etdirən və 29 il bundan öncə çəkilmiş real kadrların istifadə olunmuş sənədli film nümayiş olunub.
Tədbirin sonunda 20 Yanvar gecəsində canlarını qurban vermiş soydaşlarımızın əziz xatirəsinə ehsan süfrəsi açılıb.