“Mən 20 ildən çoxdur kürü yeyə bilmirəm...” – Eyyub Hüseynov

Baxış sayı:
7558

Bir neçə gün öncə Ruminiya da şəkərli içkilərə əlavə vergi tətbiq edilib. Bunun məqsədi isə ölkədəki piylənmə səviyyəsini aşağı salmaqdır. Bəs, Azərbaycanda belə qanuna ehtiyac varmı? Ölkəmizdə içilən şəkərli içkilərin tərkibində istifadə olunan şəkərin standart həddi varmı? 
Bu məsələlərə aydınlıq gətirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Sabah”a açıqlamasında bildirib ki, belə bir qanun ölkəmizdə tətbiq olunmasının tərəfdarıdır.
“Azad İstehlakçılar Birliyi daim bəzi içki və qidalara əlçatmazlılığın tərəfdarıdır. Amma bəzən bəzi qidalara hansısa qurum qadağa qoymadan özümüz qoyuruq. 
Məsələn Eyyub Hüseynov 20 ildən çoxdur ki, qara kürü yeyə bilmir. Çünki əlçatarlılıq öz-özünə yox olub. Lakin bizim təşkilatın vasitəsiylə energetik içkilərin qiymətlərinin qaldırılması siyasəti və s. həyata keçirilir. Əlbəttə ki, şəkərli içkilərə əlçatarlılıq nə qədər az olsa, bir o qədər yaxşıdır. Mən bunun tərəfdarıyam. 
Bu saat dünyada artıq çəki problemi var. Demək olar ki, köklükdən ölənlərin sayı aclıqdan ölənlərin sayından dəfələrlə çoxdur. Mən bu qanunun lehinəyəm. Bizdə də belə bir məsələ olsa heç də pis olmaz”.
Sədr həmçinin qaçaqmalçılıqla ölkəmizə gətirilən içkilərin təhlükəsindən də danışıb: 
“Ümumiliyyətlə şəkərli içkilərin hamısını müəyyən bir standarta uyğun hazırlayırlar. Lakin qaçaqmal yolu ilə gətirilən içkilər var. Məsələn, Gürcüstandan gətirilən Nataktari içkiləri. Bu içkilər qanuni şəkildə gətirildiyi zaman onun tərkibi standartlara uyğun olur. Çünki ekspertlər tərəfindən yoxlanır. 
Lakin Azərbaycanda hazırlanıb, saxta etiket vurulan və yerli bazarda satılan və yaxud da Gürcüstandan qeyri-qanuni gətirilən bu limonadlar əlbəttə təhlükəlidir. Onların qarşısı mütləq alınmalıdır. Mən şəxsən bununla bağlı dövlət orqanlarına məktub göndəcəm. Bu içkilərin 50%-i qaçaqmal yolu ilə gətirilir və bu sağlamlıq üçün çox təhlükəlidir”.