Məmurlar rüşvəti bölə bilmədi, ara yerdə vətəndaşın evi söküldü...

Masazır sakini bütün sənədləri qaydasında olan evinin qanunsuz olaraq söküldüyünü iddia edir
 
Abşeron rayon icra başısının müavini Akif Əliyev: “Sənədlərə möhür vurulan zaman mənə pul çatmayıb, orda icranın da haqqı var...”
 
Abşeron rayon Masazır sakini Zəka Sahibli (Türksoy) tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Müəllif anası Əsgərova Gülyanaq Əsgər qızının adına olan torpaq sahəsində tikdiyi mənzilin qanunsuz olaraq söküldüyünü bildirir:
“May ayının sonlarında Masazır kəndində fərdi yaşayış üçün nəzərdə tutulan torpaq sahəmizdə mənzil tikintisinə başladım. Tikintiyə başlamazdan əvvəl, qanunda nəzərdə tutulduğu kimi,  Abşeron rayon icra hakimi Zakir Fərəcova ərizə ilə müraciət etdik. Bir müddət keçdikdən sonra isə tikinti işlərinə başladıq. Evin daş hissəsini tikib bitirən zaman Abşeron rayonunun baş memarı Akif Əliyev və bir neçə işçiləri gələrək evi uçurdacaqlarını dedilər. Səbəb kimi isə eskiz layihəsində baş memarın möhürünün olmamasın göstərdilər”.
Şikayətçi yazır ki, bu hadisədən sonra tikinti işlərini müvəqqəti dayandırıb, eskiz layihəsinə baş memarın möhrünü və imzasını əlavə etdiriblər: “Bütün bu prosedurlar olandan sonra əmin oldum ki, daha bütün sənədlərim qaydasındadır, evimin tikintisinə davam edə bilərəm. Hətta memarlığın Elmir adlı işçisi bizə bildirdi ki, eskiz layihəsinə memarın möhürünü və imzasını vurduqdan sonra tikintini davam edə bilərsiz, çünki sizin torpaq sahəsinin bütün sənədləri qaydasındandır. Eyni zamanda tikinti üçün lazım olan bütün icazəni qanuni şəkildə almışıq. Evin  daş hissəsini və ikinci kəmərini hazır edib, yalnız iki pillər daş mişar əlavə edəcəkdik, memarlığın işçiləri və kənd icra nümayəndəsi gələrək tikintini dayandırdılar. İcra Hakimiyyətində daxili məmur davası üzündən mənim evimi Akif Əliyev prinsp apararaq uçurdu. Telefonla danışığımız zamanı isə dedi ki, sizin sənədlərə möhür vurulan zaman mənə pul çatmayıb, orda icranın da haqqı var, səhər tezdən saat 09:00-da 3500 AZN pul çatdırmasan evini uçuracam. Halbuki tikilini uçurmaq üçün məhkəmənin qərarı olamlıdır. Akif Əliyev isə İcra Hakimiyyətinin işçisi olmayan Kəlam adlı şəxsi yollayib traktorla evimin arxa tərəfini uçurdu, nəticədə mənə 10 000 AZN maddi ziyan dəydi, çünki ev tamamilə sökülməlidir”.
Masazır sakini bildirir ki, bundan sonra Akif Əliyevə etdiyi zorakılığa görə onu məhkəməyə verəcəyini deyib. O isə “get nə istəyirsən et” – deyə cavab verib.
Müəllif daha sonra yazır: "Mənim evimin bütün sənədləri qaydasındandır, eskiz layəsində möhür və evimin tam hazır olması barədə rəy də var. Həmin rəydə Akif Əliyevin möhürlü imzası, həmçinin müavinin də imzası var. Torpaq sahəsi anam Əsgərova Gülyanaq Əsgər qızının adına qeydiyyatdadır”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.