Məmurlar dövlət əmlakını bölüşdürür...

İqtisadi böhranın yeni dalğası haqqında danışan maliyyə naziri Samir Şərifov, bu böhranı 2008-2009-cu illə əlaqələndirməyə çalışıb. Daha sonra vurğulayıb ki, əvvəllər neftin qiyməti 130-140 dollara idisə, indi 4 dəfə aşağı düşüb. Bu səbəbdən, S.Şərifov valyuta gəlirlərimizin bu qiymətə uyğun olaraq azaldığını qeyd edib: “Tədiyyə balansı bizdə həmişə müsbət olub. Yəni Azərbaycana daha çox valyuta daxil olurdu, nəinki ölkədən çıxarılırdı. Hazırda, əfsuslar olsun ki, vəziyyət mənfiyə doğru dəyişməyə başlayıb. Bu da təbiidir”.
Əslində, bu böhran, deyildiyi kimi, 2008-2009-cu illərin tör-töküntüsü deyil. Həmin vaxtlar bütün dünyada böhran var idisə, indi əsasən neftdən asılı olan ölkələrdə baş verməkdədir, xüsusilə də totalitar dövlətlərdə.
Bəs, bu vəziyyətdən çıxmaq, iqtisadiyyatı yenidən dirçəltmək üçün hökumət hansı tədbirləri görməkdədir? Bu suala birmanalı cavab verərək deyə bilərik ki, görülən bütün tədbirlər planlı deyil, daha dəqiq desək, xaotikdir. Bunun isə əsas səbəbi odur ki, Azərbaycan iqtidarı siyasətdə olduğu kimi, iqtisadiyyatda da qonşu ölkələrdən “kopirovka” edir. Əslində, böhrandan çıxış yolları dünya təcrübəsinə əsaslanmalı, daha radikal və daha çevik qərarlar qəbul edilməlidir.
Sual oluna bilər ki, nəyə görə böhran Rusiya və Qazaxıstandan fərqli olaraq, Azərbaycanda daha tez etirazlara səbəb oldu, regionlarda insanlar ayağa qalxdı? Hansıki, Qazaxstan təngəsi də manat qədər aşağı-yuxarı öz dəyərini itirib. Lakin Azərbaycandan fərqli olaraq Qazaxıstanda, Nazarbəyov böhran başlayan vaxtı əhaliyə müraciyət edərək, kim istəsə pulunu dollara şəklində saxlamasına şərait yaradacağını dedi. Üstəlik, böhrandan çıxış yolları aramaq üçün bütün tədbirlərə əl atdı. Məsələn, parlamenti buraxdı, yeni seçkilərin vaxtını elan etdi və s.
Əlbəttə, Nazarbəyov çoxillik hakimiyyət təcrübəsinə əsaslanaraq bilirdi ki, bununla əhalinin müəyyən qədər inamını qaytara bilər. Onu da deyim ki, Qazaxıstanın milli valyutası da Azərbaycandan fərqli olaraq qəfil deyil, tədricən dəyərdən salındı. Bununla korrupsioner məmur ordusunun devalvasiyadan milyonlarla dollar qazanmasının da qarşısı alındı...
Bizdə necə oldu? Parlament seçkilərində 3-4 dəfə seçilmələrinə rəğmən əksər deputatlar öz yerində qaldı. Yeni seçkilər haqqında isə, ümumiyyətlə düşünülmür. Hətta üfüqdə siyasi islahatlar belə, görünmür. Odur ki, manatımız günbəgün öz dəyərini itirməkdədir...
Yeri gəlmişkən, Rusiyada da rubl mərhələli şəkildə öz dəyərini itirdi. Bununla belə, Kremil indeksasiya tədbirləri görərək, ruslara dəyən zərərin müəyyən hissəsini öz üzərinə götürməyə çalışır. O cümlədən, bu ölkədə iş yerləri də Azərbaycanda olduğu kimi, sürətlə “ərimir”. Əksinə, Rusiyada müxtəlif sahələrdə məhsul istehsalının artırılmasına yönəlik ciddi tədbirlər görülür. Bizdə isə istehsal sahəsində vəziyyət olduqca acınacaqlıdır, ölkə neft gəlirlərinin hesabına yaşayır.
Azərbaycan hakimiyyəti son zamanlar bəzi strateji sahələrin özəlləşdirilməsi istiqamətində də qərarlar qəbul etmək üzrədir. Buraya “Azərişıq”, “Azəristiliktəchizat” və digər dövlət qurumları daxildir.

Xatırladaq ki, keçmiş SSRİ-nin tərkibindən 1991-ci ildən ayrılarkən, Azərbaycanda yüzlərlə zavod və fabriklər və digər istehsal müəssisələri fəaliyyət göstərirdi. Hər birinin minlərlər işçisi olan bu müəssisələr 1994-cü ildən qeyri-şəffaf şəkildə özəlləşdirildi. Daha dəqiq desək, müəyyən qrup məmur-oliqarxlar arasında çox ucuz qiymətə “paylaşdırıldı”. Həmin müəssisələr satılarkən belə şərt qoyulmuşdu ki, hər bir müəssisə öz profilinə uyğun və yeni texniki təchizatla təmin edilərək, fəaliyyət göstərməlidir. Lakin necə oldu? Özəlləşdirilən zavod və favriklərin öncə avadanlıqları, daha sonra yerləşdiyi ərazi satışa çıxarıldı. Yerlərində isə göydələnlər ucalmağa başladı.
Odur ki, indi növbəti özəlləşdirilmə dalğasının həyata keçirilməsinin Azərbaycana heç bir xeyir gətirməyəcəyi bəllidir. Çünki, dediyimiz kimi, bu müəssisələr özəlləşdirmə adı altında dəyər-dəyəməzinə satışa çıxarılaraq, yenidən bir qrup məmur-oliqarx arasında bölüşdürüləcək. Bütün bunların isə xalqa yenə də heç bir faydası olmayacaq. Belə olacağı təqdirdə, yeni bir korrupsiya ocağının alovlandırılmasına nə ehtiyac var?!
 
Püranə Piripudini