“Məmur bəyannaməsi mexanizminin tətbiqi barədə danışmaq heç kimə sərfəli deyil” - RÖVŞƏN AĞAYEV

Baxış sayı:
4498

“Sanki 2005-ci ildə mövzu ilə bağlı qanunu biz yox, hansısa qonşu ölkə qəbul edib”
“Vaxtilə AKP hökumətinin aparıcı şəxslərindən biri olmuş, hazırda isə CHP-dən millət vəkili olan Abdullatif Şener deyir ki, Türkiyədə sərvətlərin ədalətsiz paylaşımı ölkənin təhlükəsizlik problemlərindən birinə çevilib. Dediyinin nə dərəcədə doğru olduğunu bilmirəm, söylədiyinə görə ölkənin sərvətlərinin 50%-dən çoxu ən zəngin 1% əhali kəsiminə məxsusdur”. İqtisadçı Rövşən Ağayevin sözlərinə görə bu problem Azərbaycan üçün də həyati əhəmiyyət kəsb edir.

“Dəyəri onlarla milyon manatla ölçülən sərvət siyahıları ölkədə sərvət bərabərsizliyinin miqyası barədə təsəvvür yaradır”

“Amma nə rəsmi, nə də müstəqil mənbələrdə sərvət paylaşımına dair heç bir məlumat yoxdu. Lakin təkcə elə elanlarda qiyməti 400-500 min manatdan 2-3 milyon manatadək mənzillər barədə məlumatlar, bahalı və ucuz minik avtomobilərinin dəyəri arasındakı fərqlər, kiçik qrup insanların sahib olduğu biznes strukturları, müxtəlif məhkəmələr vasitəsilə məmurların oğurladıqları pulların həcmilə bağlı açıqlanan məlumatlar, zaman-zaman internet vasitəsilə ayrı-ayrı rəsmi şəxslərə məxsus olduğu bildirilən və dəyəri onlarla milyon manatla ölçülən sərvət siyahıları ölkədə sərvət bərabərsizliyinin miqyası barədə təsəvvür yaradır”,-deyə iqtisadçı qeyd edib.

“Görünən odur ki, hökumət bu mövzunun üzərinə gəlmək belə istəmir”

Ağayev hesab edir ki, vəziyyətə aydınlıq gətirmək üçün təcili atılmalı olan addım rəsmi şəxslərin və onların 1-ci dərəcəli qohumlarının sərvətləri haqda məlumatların ictimaiyyətə açıqlanmasıdır: “Çünki bizim reallıqda sərvət yığımı əsas etibarı ilə vəzifəli şəxlər və onların yaxınlarının ifasında baş verir. Görünən odur ki, hökumət bu mövzunun üzərinə gəlmək belə istəmir. Ona görə ki, hətta məhkəmə sistemində islahatlar belə dilə gətirilsə də, məmur bəyannaməsi mexanizminin tətbiq barədə danışmaq heç kimə sərfəli deyil. Sanki 2005-ci ildə - az qala 15 il əvvəl mövzu ilə bağlı qanunu biz yox, hansısa qonşu ölkə qəbul edib”.
Ağayevin fikrincə, siyasi institutların da bu məsələ ilə bağlı ictimai kampaniya başlatması, petisiya təşkil etməsi problemi gündəmə daşıya bilər”.
Şamo EMİN, Hurriyyet.org