Məmməd İbrahimə 5 ay həbs cəzası verildi

Baxış sayı:
7060

Məhkəmə AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimə 5 ay 20 gün həbs cəzası verib.
Ötən ilin sentyabrında həbsdən çıxmasına iki gün qalmış onun barəsində yenidən cinayət işi qaldırılmışdı.
Məmməd İbrahim Cinayət Məcəlləsinin cəzaçəkmə müəssisəsində qeyri-qanuni əşyaların daşınması maddəsi üzrə təqsirləndirilib.
Onun vəkili Cavad Cavadov deyib ki, bu maddəylə təqsirləndirilən şəxsə 2 aydan 6 aya kimi həbs verilə bilər.
Məmməd İbrahimin oğlu Turan İbrahim isə bildirib ki, məhkəmənin verdiyi 5 ay 20 gün həbsdən artıq 3 ay 10 günü gedib.
"Bu gündən sonra atam iki ay 12 gün həbsdə qalacaq. İki gün də əvvəlki cəza müddətindən qalıb. Bundan başqa, atama 167 manat ekspertiza xərci də kəsilib",-Turan İbrahim deyib.
O vurğulayıb ki, Məmməd İbrahim sonuncu ittihamı da əsassız sayıb, həbsini "siyasi sifariş" adlandırıb: "Atam son sözündə dedi ki, məhkəmədəkilər siyasi sifarişi yerinə yetirir, ona görə də onları qınamır".
Rəsmilər Azərbaycanda siyasi fəaliyyətinə görə heç kimin təqib olunmadığını bəyan edirlər.
Məhkəmənin iclası Suraxanı rayon məhkəməsində Ceyhun Qədimovun sədrliyi ilə keçib.
AXCP sədrinin müşaviri Məmməd İbrahim 2015-ci il sentyabrın sonunda AXCP liderinin istefasını tələb edən partiya üzvünün şikayətindən sonra şübhəli şəxs qismində saxlanmışdı.
Partiya üzvü Mikayıl Quliyev Məmməd İbrahim tərəfindən hücuma məruz qalması ilə bağlı polisə şikayət etmişdi.
Bir il sonra isə AXCP sədrinin müşavirinə qarşı ittiham ağırlaşdırılmışdı.
Həmin vaxt üç il azadlıqdan məhrum edilmiş Məmməd İbrahim əvvəlki və indiki ittihamların heç birini qəbul etmir və həbsini "siyasi fəalliyyəti ilə" əlaqələndirir.
Onun həbs müddətində bir neçə dəfə səhhəti pisləşib və müalicə alıb./BBC