Əmlak bazarında son durum - lüks evlər ucuzlaşır

Baxış sayı:
7843

İqtisadçı: “Azkvadratlı evlərə tələbat daha da artacaq”
Havalar isindikcə adətən daşınmaz əmlak bazarında müəyyən canlanma baş verir.
Xüsusilə Bakı ətrafı ərazilərdə fərdi evlərin satışı, tikintisi sürətlənir.  Bəs hazırda əmlak bazarında qiymətlər necədir?
“Yeni Müsavat”ın əməkdaşı Bakıda əmlak alqı-satqısının aparıldığı bir neçə ofisdə və “Maklerlər bağı” kimi tanınan ərazidə olub.
Əmlak alqı-satqısı ilə məşğul olan şəxslərlə söhbətimiz zamanı öyrəndik ki, hazırda yeni tikililərin satışında bir o qədər də artım nəzərə çarpmır. Ev almaq istəyənlər daha çox köhnə tikililərə üstünlük verirlər. Səbəb isə qiymətlər arasındakı fərqdir. Ümumilikdə maklerlərin sözlərinə görə, evlərin qiymətində ciddi artım müşahidə edilmir. Tələbat isə daha çox 1 otaqlı mənzillərədir.
Hazırda Bakının mərkəzindən kənar ərazilərdə satılan yeni tikilmiş binada 1 otaqlı, 40-45 kvadratlıq mənzilin qiyməti 45-65 min manat arasında dəyişir. Şəhərin mərkəzinə yaxın, metro stansiyalarından uzaq olmayan ərazilərdə isə köhnə binada 1 otaqlı, 30-37 kvadratmetr sahəsi olan mənzil 50-75 min manata satılır. Qiymətlər arasındakı fərq, mənzilin yerləşmə yerinə görə dəyişir. Maklerlər bildirdilər ki, mərkəzdə olan evin təmiri bir o qədər də önəm daşımır. Əsas qiymətə təsir edən faktor yerləşdiyi ərazinin hansı kateqoriyaya aid olmasıdır. Söylədilər ki, mərkəzi küçələrdə yerləşən mənzillərin qiyməti devalvasiyadan əvvəlki dövrlə müqayisədə xeyli ucuzlaşıb. Məsələn, Nizami küçəsində 32 kvadratmetr sahəsi olan mənzil, 74 min manata satılır. Həmin ərazidə mənzilin 1 kvadratmetrinin qiyməti 2000 manatdan başlayır.
“Maklerlər bağı”nda isə vəziyyət o qədər də ürəkaçan deyil. Maklerlər ağacın kölgəsində oturub, siqaret çəkir, mürgüləyirdilər. Onlardan bəzilərini yuxudan oyadıb, söhbət edə bildik.  Alqı-satqı ilə məşğul olanların sözlərinə görə, bazar demək olar ki, tamamilə durğundur. Kirayə mənzil bazarında da durğunluq yaşanır. Səbuhi adlı makler söylədi ki, hazırda kirayə mənzil bazarında qiymətlər bir qədər ucuzlaşıb: “Hər il bu vaxtı, kirayə mənzil bazarında ucuzlaşma olur. Çünki tələbələr, işləmək üçün Bakıya gələnlərin bir qismi rayona dönürlər. Onların əksəriyyəti evləri təhvil vermirlər. Lakin artıq bir ənənə halını alıb ki, bu mövsümdə evlər ucuzlaşır. Hazırda ev axtaranlar Bakının söküntü gedən ərazilərindən çıxarılan insanlardır. Daha çox günlük ev istəyənlər olur ki, ev sahibləri də mənzillərini günlük vermirlər. Hazırda Bakının ”Neftçilər", “Qara Qarayev” metrosunun yaxınlığında təmirindən, əşyalarından asılı olaraq 45-50 kvadratlıq evi 250-270 manata kirayə verirlər. 2-3 otaqlı mənzillər şəraitindən asılı olaraq 300-450 manata kirayə verilir. Evini kirayə verənlərin əsas tələbi bu olur ki, kirayə götürən ailəli olsun, azyaşlı uşaq olmasın. Bir də qızlara ev verirlər. İki-üç oğlan gəlsin ki, biz kirayə mənzil axtarırıq, onların çoxuna “yoxdur” cavabı veririk. Çünki bilirik ki, ev sahibi razılaşmayacaq".
Maklerlər bildirdilər ki, yay aylarında dəniz kənarında yerləşən Bakı kəndlərində həm kirayə, həm də satış qiymətləri bahalaşır.

Natiq Cəfərli ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, ötən illərlə müqayisədə bazarda müəyyən canlanma var: “Lüks seqmentdə qiymətlər xeyli dərəcədə düşüb. Yəni bahalı mənzil bazarında qiymətlər ucuzlaşıb. Hazırda bu ucuzlaşma prosesi dayanıb. Devalvasiyadan öncəki dövrlə hazırkı qiymətləri müqayisə edərsək, bir neçə dəfə ucuzlaşma olduğunu görərik. Bakıda hazırda 1-2 otaqlı, ucuz mənzillərə tələbat xeyli dərəcədə artıb. Bu, həm də şəhərdəki söküntü işləri ilə əlaqədardır. Aparılan söküntülərin nəticəsində bazarda yeni alıcı kütləsi yaranır. Eyni zamanda sosial mənzil layihəsi, ipoteka verilişində sürətin artması da bazara təsir göstərən faktdır. 2016 və 2017-ci ilin ortalarına qədər ipoteka kreditlərinin verilməsində demək olar ki, durğunluq yaşanırdı. 2017-ci ilin sonunda bir qədər canlanma başladı və 2018-ci il boyu bu, davam etdi. 2019-cu ildə də müəyyən qədər bu tendensiyanın davamlı olduğunu görürük. Nəticədə 1-2 otaqlı mənzillərin qiymətində cüzi artımlar baş verir. Tələbat olduğu üçün bu, belədir. Daha bahalı mənzil seqmentində isə həm tələbat azalıb, həm də qiymətlər aşağı düşüb. Bunun da səbəbləri əslində çoxdur. Devalvasiyaya qədər mənzil bazarında anormal qiymət formalaşırdı. Bakıda elə evlər var idi ki, Avropanın çox tanınmış şəhərlərindən belə baha satılırdı. İndi isə bu məsələdə normallaşma prosesini görürük. Düşünürəm ki, bu proses davam edəcək. Lüks evlərin qiymətlərinin əvvəlki kimi yüksələcəyi mümkün deyil. Kiçik mənzillərə tələbat isə getdikcə artacaq”.