Məktəblilərin nəqliyyatda pulsuz gediş müzakirələri– ekspertlərdən çıxış yolu

Baxış sayı:
10267

“Şagird və tələbələrin ictimai nəqliyyatdan pulsuz və yaxud güzəştli istifadəsi üçün kartlar tətbiq edilə bilər”

Ötən gün sosial şəbəkələrdə ana və onunla olan 3 məktəbli övladının imkanı olmadığı üçün “BakuBus” avtobusundan düşürüldüyü, bununla da uşaqların məktəbə gedə bilmədiyi barədə məlumat yayıldı.

Məsələyə anındaca sərt reaksiyalar gəlməyə başladı.

Millət vəkili Fazil Mustafa da məsələyə biganə qalmayaraq qeyd edib: “Bu gün acınacaqlı, ağır və bəlkə də bağışlanması çətin olan bir hadisə baş verib. “BakuBus” sürücüsü ana və onunla birlikdə olan 3 övladından gedişhaqqı tələb edib, əks halda, avtobusu sürməyəcəyini deyib.
Doğrudur, hüquq baxımından sürücü haqlıdır, çünki 5 yaşdan yuxarı uşaqların nəqliyyat xərcinin ödənilməsi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib. Ancaq düşünün, həmin ana ödəniş imkanı olmadığına görə sürücünün israrı ilə üç övladını avtobusdan düşürüb və evə dönüb. Demək ki, 3 Azərbaycan övladı imkansızlığa görə məktəbə gedə bilməyib”.

Millət vəkili məsələnin çıxış yolu haqda təklifini də bildirib: “Burada çıxış yolu nədir? Nazirlər Kabineti bu qərarı mütləq dəyişməlidir. Məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır. Hökumət bunun kompensasiya yolunu tapa bilər. Əsas hədəfimiz məktəbdən kənarda heç bir uşağın qalmamasıdır. Bakı Nəqliyyat Agentliyi və “Metropoliten” həftəiçi məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır. Uşaq pul qazanmırsa, valideynin də nəqliyyat üçün ödəməyə pulu yoxdursa, uşaq oxumamalıdır?”

Təhsil eksperti Kamran Əsədov da Təhsil Nazirliyinə və Bakı Nəqliyyat Agentliyinə müraciət edərək, orta məktəb şagirdlərinin ictimai nəqliyyatda gediş haqqından azad olunmasını təklif edib: “Yeni tədris ili başlar-başlamaz çox ciddi bir məsələ gündəmə gəlib. Şagirdlərin gediş haqqı problemi. Buradan Nazirlər kabinetinə, Milli Məclisin deputatlarına, Təhsil Nazirliyinə və Bakı Nəqliyyat Agentliyinə müraciət edirəm: Orta məktəblərdə oxuyan şagirdlərin gediş haqqından azad edilməsi ilə bağlı addım atın! Düzdür, 5 yaşdan yuxarı uşaqlar nəqliyyat xərci ödəməlidirlər. Bu qərar Nazirlər Kabinetinin qərarında da öz əksini tapır. Sadəcə olaraq, sürücülərə tapşırın ki, məktəbli uşaqlara güzəşt etsinlər. Çünki bir ailədə bir neçə şagird təhsil alır və onlar hər gün gediş haqqı ödəyirlər”.

Ekspert məlum hadisəyə bu cür münasibət bildirib: “Ana imkanı olmadığını bildirsə də sürücü onları avtobusdan düşürüb. Hər bir şagird sabahın əsgəri, həkimi, müəllimidir. Gələcəyin şəxsiyyətlərinə belə davranmayın. Ümid edirəm ki, Bakı Nəqliyyat Agentliyi və bu kimi qurumlar elə günü bu gün avtobus sürücülərinə müraciət edəcək ki, şagirdlərdən gediş haqqı tələb olunmasın”.

Ölkəmizdə ictimai nəqliyyatda gediş haqqı 30 qəpikdir. Sosial şəbəkələrdə qeyd olunan hadisəni nəzərə alsaq, hesablamaq olar ki, ana və 3 övladının gündəlik gediş və dönüş haqqı 2 manat 40 qəpik təşkil edir. Həftəiçi məktəbə gediş və dönüşü hesabladıqda bu məbləğ aylıq olaraq təxminən 50 manat təşkil edir. Heç də gizlin deyil ki, çoxlu sayda ailələr uşaqlarına hər gün əlavə olaraq avtobus, metro pulu vermək imkanına malik deyillər.

Qeyd edək ki, Azərbaycandan fərqli olaraq, dünyanın bir çox ölkələrində məktəbli və tələbələr nəqliyyatdan istifadəsi pulsuzdur və ya güzəştlidir. Məsələn, Baltikyanı ölkələrdə orta məktəb uşaqları ictimai nəqliyyatdan pulsuz istifadə edir. Eyni zamanda Avropa Birliyi ölkələrində, o cümlədən Macarıstanda tələbələrə avtobus və metro üçün güzəştli kart verilir. Estoniyanın 15 regionundan 11-də ictimai nəqliyyat ödənişsiz fəaliyyət göstərməyə başlayıb.

Qonşu Türkiyədə isə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər nəzərdə tutulur. Cəmiyyətin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilir. Fiziki məhdudiyyətli insanlar, qazilər və şəhid yaxınları ictimai nəqliyyatdan pulsuz istifadə edir.

Beləliklə, Azərbaycanda da məktəblilərin ictimai nəqliyyatdan pulsuz istifadəsini təşkil etmək mümkündürmü? Bunun üçün hansı təkliflər ola bilər? Əgər məktəblilər üçün gedişhaqqı pulsuz olarsa, dövlət büdcəsinə necə təsir göstərər?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “Ölkəmizdə də məktəblilərin nəqliyyatdan pulsuz etməsi təklifi təqdiredicidir. Lakin bunu sistemli şəkildə təşkil etmək lazımdır. Bu barədə artıq bir çox ölkələrin təcrübəsi var. Belə ki, məktəbli və tələbələrin nəqliyyatdan pulsuz və yaxud güzəştli istifadəsi üçün kartlar tətbiq edilir. Azərbaycan hökumət orqanları da bu təcrübədən istifadə edib, iş görə bilərlər. Bu zaman metrodan da istifadə etmək mümkün olacaq. Məlum olduğu kimi avtobuslar kimi metrodan da kifayət qədər istifadə edən şagird və tələbələr var. Bunun üçün o qədər də böyük vəsaitə də ehtiyac yoxdur. Çünki həmin kartları cüzi güzəştli ödənişlə də etmək olar. Məsələn, aylıq və yaxud illik abunə kimi. Bu həm də qeydiyyat məsələsidir. Çünki burada sui-istifadə hallarına da yol verə bilərlər. Yəni, həmin kartlardan başqaları da istifadə edə bilər və sairə. Buna görə də cüzi ödənişlə, məsələn bu ayda 5 və yaxud 6 manat ödənilməklə qeydiyyata alına bilər. Bu qeydiyyatdan sonra çox güzəştli şərtlərlə etmək olar. Bu zaman kiçik göstəriciləri asanlaşdıracaq, sistemi təşkil etməyə köməklik göstərəcək, həm də nəqliyyat sahəsində çalışanların sui-istifadə etməsinə yol verməyəcək, nəzarət məsələni həll edəcək. Həm də bu sistemli şəkildə olacaq. Yəni, tək əynində məktəbli forması, çantası olan uşağın deyil, ümumilikdə tələbə və məktəblərin xüsusi kartlar vasitəsi ilə nəqliyyatdan güzəştli şərtlərlə istifadəsini tam təmin edəcək.
Hesab edirəm ki, bu yolla irəliləsək daha məntiqli, yaxşı olar və dövlət büdcəsinə o qədər də böyük məbləğlər bahasına başa gəlməyəcək. Təqribən 1 milyondan yuxarı şagird vələ tələbə varsa, onların ayda 5 manatdan güzəştli kartla paylanılsa buna böyük vəsait lazım gəlməyəcək. Bu həm də böyük sosial layihə kim yaddaşlarda qalacaq və insanlar tərəfindən rəğbətlə qarşılanacaq”.

Nəqliyyat ekspert İlqar Hüseynli də qeyd etdi ki, bu məsələni həll etmək üçün o qədər də böyük məbləğ gərəkmir: “Bunun üçün heç bir ciddi problem və maneələr yoxdur. Əslində baxan bu çox normal sosial təşəbbüsdür. Məlum olduğu kimi bir çox ölkələrdə, o cümlədən qonşu Türkiyə dövlətində hər bir tələbəyə nəqliyyatdan istifadə üçün güzəştli kartlar verilir. Həmin güzəştli kartlarda ödənişlər digər sərnişinlərin ödəniş haqlarından dəfələrlə azlıq təşkil edir. Eyni zamanda orta məktəb şagirdlərinin əksəriyyəti güzəştli kartlardan istifadə edir, digər qismi isə ümumiyyətlə gedişhaqqından azaddır. Azərbaycanda isə 6 yaşına qədər olan uşaqların nəqliyyatdan istifadəsi pulsuzdur. Digər yaşda olan şagird və tələbələr isə tam gedişhaqqı ödəyir. Bir daha qeyd edirəm ki, bu məsələnin həlli üçün o qədər də böyük vəsaitlərə ehtiyac yoxdur. Ödənişli kartlar və yaxud ən azından tələbə olunan məbləğin 50 faizi təklif olunarsa, bu da bir variant ola bilər”.

Qeyd edək ki, deputat Fazil Mustafanın müraciəti ilə bağlı Nazirlər Kabineti modern.az saytına bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, hər bir millət vəkilinin qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var: “Hörmətli millət vəkili bu hüquqdan istifadə edərək, təşəbbüslə çıxış edib, Nazirlər Kabinetinə rəsmi qaydada təkliflə müraciət edə bilər”.
Məlumatda həmçinin bildirilib ki, müraciət olunacağı təqdirdə, həmin təklifə lazımi diqqət göstəriləcək və məsələyə qanunvericilik çərçivəsində baxılacaq.

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə “Yeni Müsavat”a bildirildi ki, hələlik bu barədə heç bir rəy bildirmək istəmirlər.//musavat