​Məktəb müəllimi haqqında SİFARİŞLİ HƏBS QƏRARI – Nazir Ceyhun Bayramov tərəfindən şiddətli töhmət verilən direktor müəllimi necə həbs etdirib... / ŞOK İDDİALAR

Baxış sayı:
26008

Cəlilabad rayonu, Göytəpə şəhər Ə.Hüseynov küçəsi, ev 9 ünvanında qeydiyyatda olan, V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin müəllimi Murad Hüseynov bu gün səhər saatlarında Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Muxalifet.az xəbər verir ki, bu barədə Hurriyyet.org-a Murad Hüseynovun özü məlumat verib. Qeyd edək ki, Murad Hüseynov bir neçə gün əvvəl Fuad İbayevlə birlikdə, V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin direktoru Zaur Ələkbərovun nöqsanlı fəaliyyətinə, yol verdiyi saxtakarlıqlara etiraz əlaməti olaraq Təhsil Nazirliyinin qarşısında aksiya keçirib. Murad Hüseynovun Hurriyyet.org-a verdiyi məlumata görə, guya o, məhkəməyə çağırılıb, lakin getmədiyi üçün saxlanılıb. Muxalifet.az-ın əldə etdiyi məlumata görə, M.Hüseynov məhkəmə vaxtından əvvəl saxlanılıb. Bildirilir ki, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşı səhər saat 10 radələrində Murad müəllimə zəng vuraraq, şöbəyə gəlməsini xahiş edib. M.Hüseynov saat 11-də məhkəmədə olacağını dedikdə isə, polis şöbəsindən bildirilib ki, dikertor Zaur Ələkbərov da dəvət edilib, buradan prosesə bir yerdə gedərsiniz. Daha sonra, hakim Elxan Əmirəliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində məktəb direktoru Zaur Ələkbərova yaxın bir neçə müəllim yalan ifadələr verməklə Murad Hüseynovun üzünə durub. Nəticədə E.Əmirəliyev prosesdə cavabdeh şəxs qismində çıxış edən M.Hüseynov barəsində 10 sutkalıq həbs qərarı çıxarıb. Maraqlıdır ki, bu hadisədən bir gün əvvəl V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin kollektivinə təhsil naziri Ceyhun Bayramovun direktor Zaur Ələkbərov barəsində şiddətli töhmət və sonuncu xəbərdarlığı elan olunub. Məlumata əsasən, bu, Z.Ələkbərovun 11-ci sinif jurnalını qanusuz olaraq saxtalaşdırması ilə bağlı olub. Onu da qeyd edək ki, həbs olunan Murad Hüseynov oktaybrın 20-də məlum problemlərlə bağlı təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın qəbuluna dəvət edilibmiş. Bu baxımdan, güman olunur ki, Z.Əlkəbərov bu görüşün qarşısını almaq üçün polisin və məhkəmənin əli ilə M.Hüseynovu “zərərsizləşdirib”. Məhkəmə prosesində iştirak edən şahidlərdən birinin verdiyi məlumata görə, M.Hüseynov hakimə nə üçün qanunsuz qərar çıxardığını soruşduqda, Elxan Əmirəliyev “mənə belə sifariş gəldi” – deyə, etiraf edib. Muxalifet.az