Məkkənin valisi, hacıların canisi

Həcc ziyarəti zamanı qazanan tərəf hacılar və turistlər, itirən tərəf isə müqəddəs dinin özüdür

Adını “həcc ziyarəti” qoyaraq onu gəlir mənbəyinə çevirməklə Səudiyyə şeyxləri özləri üçün hazırlanmış həyat norması yaradıblar...
Osmanlı İmperiyası dağılan dönəmlərdə İngiltərənin dəstəyi ilə qurulan Səudiyyəyə kral təyin edilən Səud sülaləsi hakimiyyətə gətirildi. Onlar ilk addım kimi Məkkədə İslam peyğəmbərinin məzarının olduğu yerin dağıdılmasını əmri verdilər. O zaman Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk xarici işlər nazirliyinin xətti ilə Ciddəyə belə bir məzmunda teleqram vurmuşdu: “Suud kralının dikkatine!!! Tarafımıza ulaşan haberlere göre Allah’ın sevgili ve özel kulu, elçisi peygamber efendimiz Hazreti Muhammed Mustafa’nın kabrini yıkıp yerini degiştirecekmişsin. O mezarın tek taşına dokunursan Kurtuluş Savaşını bırakır, ordularımla aşağı inerim” (26 haziran, 1919. Mustafa Kemal  Atatürk).   

Məkkə Turistləri

Bu gün Səudiyyə Ərəbistanında həcc ziyarəti sadəcə iman məsələsi deyil, daha çox turizm konteksində yanaşılması kimi dəyərləndirilir. Ötən illərdən fərqli olaraq, bu il həcc ziyarətinə 2 milyon 800 min ziyarətçi qatılmışdır. Bu barədə Səudiyyənin daxili işlər naziri Şahzadə Naif rəsmi açıqlama vermişdir. Belə bir turizm axınına “Həcc fərzi” adı verilmişdir. Bunca sayda həcc ziyarətinə gələnlərin yerləşməsindən sorumlu olan Məkkənin valisi Şahzadə Xalid Əl Feysəl bundan məmnunluq duyduğunu da bildirmişdir: “Biz bundan qürur duyuruq. 70 min nəfərdən ibarət güvənlik güclərimiz təhlükəsizlik işlərini həyata keçirməkdədir. Məkkə, Mədinə, Ərəfat, Mina, Müzdəlifə və Cemarat bölgələrinin hər qarışında güvənlik kameralarımız yüksək səviyyədə duruma nəzarət edir”.  
Səudiyyənın həcc ziyarəti üzrə nazirliyinin hesablamalarına görə, hər bir ziyarətçi orta hesabla 10 min dollara qədər para xərcləyir. Beləliklə həcc ziyarətindən ölkənin qazancı 48 milyard dollardır. Müşahidələrə görə, həcc ziyarəti müsəlmanlar üçün sadəcə ruhani bir məsələ deyil. Bura dünya müsəlmanlarının biznes əlaqələrinin qurulması, bir çox təriqət və məzhəblərin orta nöqtədə birləşməsi üçün görüş yeri kimi də dəyərləndirilir. Bundan əlavə, kasıblar üçün öz ölkələrindəki qiymətlərdən dəfələrlə ucuz olan qızıl və digər malların alışı üzrə əlverişli bir məkandır. Çünki həcc ziyarətindən gətirilən mallara görə “gömrük vergisi” tutulmur. Ziyarət zamanı insanların hamısı eyni geyimdə olsalar da, maddi imkanlarına görə fərqlənənlərlə bağlı tamamilə ayrı bir düzən yaradılıb. Belə ki, bir günlük mehmanxanalarda qiymətlər 3 mindən başlayıb 50 min dollara qədər yüksəlir. Yüksək komfortlu, hündür mərtəbəli hotellərdən hansı daha çox “Kəbə Daşı”na yaxındırsa, orada qiymətlər fantastik dərəcədə artırılmışdır. Beləcə varlı şəxslər “Kəbə Daşı”nı xüsusi şəraitdə müşahidə etmək imkanı əldə edirlər.
Adını “həcc ziyarəti” qoyaraq onu gəlir mənbəyinə çevirməklə Səudiyyə şeyxləri özləri üçün hazırlanmış həyat norması yaradıblar. Həcc ziyarətinə gələnlərin bir hissəsin dini baxışları deyil, burada əldə edəcəkləri qazanc maraqlandırdığına görə, onlar turistlərə məxsus davranış qaydaları ilə hərəkət edirlər. Beləcə onları “Məkkə turistləri” adlandırsaq, bu, daha çox inandırıcı olar. Şəriət qaydaları, həcc ziyarəti və sonucda bu adı daşımaqla gərəkən yaşam qaydası ilə həyatını davam etdirmək çox ciddi məsələdir. Bizim müşahidələrimizə görə, çoxlarının ya bu qaydalardan heç xəbəri yoxdur, ya da bütün bunlar onların ictimai və sosial şərtləri üçün vacib olan standartlar qismində qəbul edilir. Qazanan tərəf hacılar və turistlər, itirən tərəf isə müqəddəs dinin özüdür.   

Məkkədə baş verən son olaylar

1953-cü ildə həcc ziyarəti zamanı şeytana daş atmaq mərasimi pulsuz idi. 2015-ci ildə isə, şeytana atılan hər bir daşın qiyməti 27 dollara qədər artıb. Bu mərasimdə şeytana atılacaq (kiçik, orta və böyük daş) daşın qiymətləri astronomik məzənnəyə qalxıb. Bu da Səud hakimiyyətinin əlavə gəlir mənbəyi deməkdir. Yəni yırtıcı kapitalizmin sayəsində şeytanlara yuva qurmaqla onu pulla daşlamaq əməliyyatı deyilir, buna. Əslində şeytana daş atmaq adəti Həzrəti Mühəmməd zamanından Müzdelifə adlı ərazidən pulsuz olaraq yığmaqla onu əldə etmək qaydası indi əməlli-başlı biznesə çevrilib.
Məkkənin Mina adlı ərazisində həcc ziyarətinə toplananlar müsəlman qaydası ilə mərasimə hazırlaşdıqları zaman, Səudiyyə kralının oğlu şahzadə Məhəmməd bin Salman 200 nəfər əsgər və 150 nəfərlik polislə birgə 40-dan çox gülləkeçirməz xüsusi maşınlarla hərəkətə keçmişlər. Bu zaman şahzadənin tələbi ilə yollar bağlanmışdır. O, Minaya daxil olan zaman bir yandan dəmir darvazalar bağladılmış, başqa bir yandan isə, dünyanın ən iri eskalator qurğuları əksinə hərəkət trayektoriyası ilə işlədilib. Bu məqamda yüzminlərlə insan seli qapanmış yoldan qurtulmaq üçün bir-birlərini tapdalamağa başlamışlar. Rəsmi açıqlamaya görə isə, yaranmış durumun sonucu olaraq 2000 nəfər adam ölmüş və minlərlə insan isə ağır yaralanmışdır.
Belə bir faciənin miqyasından qorxuya düzən Məhəmməd bin Salman dərhal geri dönmək qərarını verməyə məcbur olmuşdur. Kralın özü bu xəbərlərin rəsmi şəkildə yayılmasının qarşısını almağa çalışmışdır. Daha sonra Səudiyyə hökumətinin həcc ziyarəti üzrə rəsmi sorumluları onu “əcəl” adı altında problemi yüngülləşdirməyə çalışmışdır. Bununla yanaşı, ağır faciəyə görə, sorumlu olan 28 nəfər mühafizəçinin edam edilməsi qərarı verilmişdir.
Həcc ziyarəti zamanı yaşanılan problemlərdən biri də zəvvarların çoxunun ərəbcə bilməməsidir. Beləliklə də zəvvarların bulunduqları çadır düşərgələrində daim problemlər yaşanılır. Hər anında yarana biləcək  problemlərini izah etməkdə çətinliklə üzləşirlər. Bu müdhiş hadisənin özü təsdiq edir ki, Səudiyyə krallığı üçün insan həyatı, minlərlə günahsızın ölümü ən adi bir olaydır.    

Kəsilən qurbanlar

Həcc ziyarəti zamanı hər bir müsəlman qurbanlıq qoyun və ya dəvə kəsməyə borcludur. Zəvvar qismində gələnlərin bu il sayının 2 milyon 800 milyon nəfər olmasından dolayı bəlli olur ki, hər bir müsəlman imkanına görə qurbanlıq qoyun üçün 70, dəvə üçün 300-500 dollar vəsait xərcləmişdir. Krallığın rəsmi açıqlamasına görə, kəsilən qurbanlıq heyvanlara görə əldə edilən gəlir 500 milyon dollar olub. Qurbanlıq ətlər isə, kasıb müsəlman ölkələrində paylanılacaqdır. O zaman sual olunur ki, neçə illərdir Suriya, İraq, Oman, Sudan, Əlcəzair, Pakistan, Misir, Əfqanıstan, Tunis və başqa islam ölkələrində yaşanılan vətəndaş müharibələrinin nəticəsində milyonlarla din qardaşının aclıq və səfalətli durumda yaşamalarının qarşısını almaq üçün niyə bu ölkə hər hansı bir addımı atmır? Nədən dünyanın bu zəngin ölkəsi Avropaya üz tutaraq qaçmağa məcbur olan müsəlman qardaşlarına miqrant statusu verilməsi üçün təşəbbüs göstərmir? Hansı müsəlman ölkəsinə qarşı olan təcavüzlərin qarşısını alıb? Nədən od-alova bürünmüş Orta Doğu ölkələrində əmin-amanlıq yaradılması üçün öz iradəsini ortaya qoymur? Məkkə ziyarətində islam dünyası üçün dualar edən, bunu şərəf bilərək kəsilən qurbanlar hansı məzlum müsəlmanlara paylanılır? Qurban payı sayəsində müsəlman dünyasının hansı problemləri həll olunur? Qurbanların hansı şəraitdə kəsildiyinin şahidi olunca hər bir insan səudiyyəlilərin müsəlman olduqlarına belə, şübhə ilə yanamşağa məcburdur. Bir yandan ifrat əməvilik (yəni ilkin ərəb milliyyətçiliyi), o biri yandan sələfilik kimi dərin siyasətləri islam dünyası adına sərgiləyən Səudiyyənin qurbanlıq siyasəti müsəlman dünyasının daha çox qan içində boğulması düzəni ilə müşahidə olunur. Hər gün yaşanılan vətəndaş savaşları və terrorun sonucunda həyatını itirən yüzminlərlə günahsız insanların, dağıdılan qos-qoca şəhərlər, tarixi abidələrin taleyi, sən demə, Səudiyyə Krallığının heç vecinə belə deyilmiş.    

Ölümün ardınca yanğın

Məkkədə zəvvarlar müdhiş ölüm olaylarının ardınca “Əli Musa” hötelinin və ətrafındakı çadırların yanğınları ilə üz-üzə qaldılar. Bu dəfə orada hansısa şahzadə olmadığı üçün, hadisəni dərhal əngəlləyə bildilər. Bu il həcc ziyarətinin ilk günündə Məkkədə Böyük Məscidin ətrafındakı aşan inşaat kranına görə 100 nəfər zəvvar həlak oldu və 200-dən çox insan isə ağır yaralanaraq ömürlük əlil qaldılar. Bundan əlavə çox zəngin olan mehmanxanaların birinin 11-ci mərtəbəsində güclü yanğınlar baş verib. Buna görə də, orada yaşayan zəvvarlar dərhal təxliyyə olunublar. Daha öncə orta dərəcəli başqa bir mehmanxanada yanğın baş vermişdi və 1000 nəfər zəvvar dərhal oradan uzaqlaşdırıldı. Bu üzücü faciələrin ardınca rəhmətə gedən zəvvarların cənazələri onların öz ölkələrinə belə təhvil verilmir. Adını “müqəddəs torpaqlarda canını tapşırdı” qoymaqla, daha sonra isə, ümumi şəkildə dəfn etməklə hər şeyi izsiz-tozsuz hala salmaq qanunu da Səudiyyə krallarının kurallarından biridir.
Qafqaz Savaşının ünlü qəhrəmanı Şeyx Şamilin belə bir gözəl fikri var: “Əgər torpağınız düşmən tapdağı altındadırsa, etdiyiniz ibadətin heç bir mənası yoxdur. Öncə düşməni qovacaqsınız, sonra ibadət edərsiniz”. Səudiyyə Ərəbistanı 1918-ci ildən üzü bu yana Osmanlı dövlətinin süqutundan başlayaraq, daim din pərdəsi adı ilə islam dünyasının parçalanması siyasətini aparmışdır. Buna minlərlə məscidin, körpülərin və tarixi abidələrin tamamilə sökülməsi və dağıdılmasını örnək göstərmək olar. 2002-ci ildə bir zamanlar Osmanlı dövləti tərəfindən inşa edilmiş və dünya memarlığının canlı əfsanəsi olan və guya “Kəbəni qorumaq” adı altında Kral Abdullah bin Əbdüləziz əl Səudun əmri ilə “Ecyad Qalası” tamamilə darmadağın edildi. Bunun yerində isə dərhal zəvvarlar üçün hotel inşasına başlanıldı. Bundan sonra Mədinədə Həzrəti Mühəmmədin türbəsinin yaxınlığındakı bütün türk abidələri sökdürüldü. Məkkədə 500 kiçik qübbəli memarlıq abidəsi də tamamilə sökülərək onun yerində hotel inşa edilmişdir.
İslam dininin yerinə ilkin ərəb kültürü
2002-ci ildən başlayaraq, Orta Doğuda Qərbin dəstək verdiyi ikili islam siyasəti artıq gündəmin əsas mövzusuna çevrilmişdir. Bu “ılımlı islam” və “ilkin islam” düşüncəsidir. Birincilər tədrici yolla “əməvilik”, yəni din pərdəsi altında qədim ərəb düşüncə tərzinə, o biri isə “ibtidai ərəb kültürü” anlamına dönüş deməkdir. Türkiyədəki “əməvilik” siyasəti AKP və Nurçu cameənin siyasi düsturu olaraq görülürsə, Orta Doğuda bütün bunlar İŞID və digər radikal islamçı dəyərlərə pərçimlənmişdir. Səudiyyə Ərəbistanında həcc ziyarəti ilə bağlı baş verən son faciələrin arxasında duran strateji hədəflərin uzantıları məhz bu faktorlara bağlıdır. Dünya müsəlmanlarının həcc ziyarətinin qorxu və təlaşla müşahidə etməsi, bununla da bir qədər inamsızlıq duyğularının artırılması, qarşıdakı illərdə həcc ziyarətinə mümkün qədər ehtiyatlı davranmalarını düzənləmək həmin hədəflərə açıq şəkildə bir işarədir. Belə bir durum ilk dəfə Osmanlı dövləti yıxılandan sonra 1918-1930-cu illər aralığında yaşanılmışdır. Ona görə ki, Orta Doğu müsəlman ölkələrində indi dəbdə olan dəyərlər islam dini adı altında ilkin ərəb-sami kültürünün ünsürlərinin ən üstün səviyyəyə dolayı yolla qaldırılması ilə müşahidə olunur. Bütün bunlar azmış kimi, həmin ideyalar həm də başqa müsəlman toplumları arasında da geniş şəkildə yayılmaqdadır. “Əs sələf əs salihin” adı altında sinkretizmin dəyərlərinə çevrilən “vəhabilik”, “cəbrizm”, “əşərizm”, “mutazilizm”, “bidətçilik”, “cihadçılıq” və başqa mistik ideolloji konseptlərlə dini baxışların idarə edilməsi əslində müsəlman aləminin faciələrinin təməli deməkdir. Çünki ərəbizmin dünyaya islam dini adı altında ixrac edilməsi siyasəti müsəlman aləmi üçün fərqli bir düzən deməkdir. Bu hədəflərin arxa baxçası haqqında hələ 1974-cü ildə Roma papası Pavel İohanın belə bir doktrinası var idi: “Bizlər I minillikdə Avropanı, II minillikdə Afrika və Amerikanı xristianlaşdırdıq, III minillikdə isə hədəfimiz Orta Doğu olmalıdır”.     

Ənvər BÖRÜSOY