Əməkdar artistdən Cahangir Əsgərova şok məktub - “UNİTAZIN YANINDA SİLİNMƏYƏ...”

“...bu təəssüratı qiyməti o qədər də baha olmayan kağız salfet və əl-üz yuyan sabunu ilə öldürməyin”

Əməkdar artist Lalə Məmmədova Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri (AZAL) Cahangir Əsgərova açıq məktub ünvanlayıb.
Hurriyyet.az xəbər verir ki, L.Məmmədova C.Əsgərova göndərdiyi məktubda yazır:
“Hörmətli Cahangir müəllim!
Son 25 ildə Azərbaycan sürətlə inkişaf edir, sosial-iqtisadi siyasətin nəticəsində yeni Azərbaycan modeli yaranıb. Günü-gündən gözəlləşən, çiçəklənən Azərbaycana turistlərin gəlməsi üçün var qüvvəmizlə çalışırıq və Azərbaycanın beynəlxalq imicinin, dövlət müstəqilliyinin keşiyində duran Ali baş komandan cənab İlham Əliyevin siyasətini dəstəkləyirik. Niyə? Çünki o, hər zaman bizimlədir, xalqın yanındadır. Hələ bir müddət bundan öncə televiziyada ölkə başçımız Nazirlər Kabinetinin iclasında AZAL-ın qiymətləri süni şəkildə qaldırılmasına irad tutaraq, qiymətlərin endirilməsi ilə bağlı yeni variantlar təklif olunmasını tələb edəndə bütün vətəndaşlar kimi mən də sevinmişdim. Ancaq ölkə başçımız bilsəydi ki, qiymətlərin endirilməsi biz sadə vətəndaşlara nəyin bahasına başa gələcək, bəlkə də əvvəlki qiymətlərin yerində qalmasına razı olardı.
Bu gün Bakının yeni tikilmiş hava limanının ayaq yolunda gördüklərimdən dəhşətə gəldim. Nəinki əl-üz yuyandan sonra silməyə salfet, hətta üzr istəyirəm, unitazın yanında silinməyə belə, kağız salfet yox idi. Əvvəl elə düşündüm ki, bəlkə girdiyim kabinədə kağız salfet bitib, sonra bir-bir bütün kabinələri gəzib gözümlə gördüklərimə inanmadım. Heç yerdə salfet gözümə dəymədi. Xadimə xanımı çağırıb səbəbini doruşanda, xanım “artıq 2 ildir ki, bu vəziyyətdəyik, dollar bahalaşıb, rəhbərlik izafi xərcləri azaldıb, salfet, əl-üz sabunu - bunlara ekonomiya edilir”, cavabını verdi. Bir müddət yerimdə qalıb eşitdiklərimi analiz etməyə çalışdım… Mümkün olmadı.. Sarsılmışdım... Həm də necə...
Mənim ölkəm Şərqin qapısı sayılır. Mənim ölkəm Qərbin İpək Yolunun keçdiyi məkan sayılır. Mənim ölkəm əsrlərdir torpağına qədəm basan əcnəbilərin, müasir dillə desək “turist”lərin təbiətinə, qonaqpərvərliyinə heyran qaldığı Azərbaycan adlanır.
Hörmətli Cahangir müəllim!
Hava limanı isə torpağımıza qədəm basan hər bir insanın ölkəm haqqında ilk təəssüratıdır. Çox xahiş edirəm, bu təəssüratı qiyməti o qədər də baha olmayan kağız salfet və əl-üz yuyan sabunu ilə öldürməyin. “Mədəniyyət Şərqdən gəlir” kəlamını şübhə altına atmayın.
Bəlkə də bu məktubumdan sonra məndən inciyəcəksiniz, mahnılarımı da dinləməyəcəksiniz(Kim bilir, bəlkə də heç vaxt dinləmirsiniz). Ancaq demokratik ölkənin azad vətəndaşı kimi hüquqlarımdan istifadə etmək mənim də haqqımdır.
Cahangir müəllim, mən öz ölkəmi sevirəm. Həm də çox sevirəm. Bu sözlərin ifadə etməyə gücü yetməyəcək sevgidir. Hər dəfə təyyarə doğma Xəzərimin üstündən uçanda mənim ürəyim uçunur, gözlərim yaşanır, Vətənimdən ayrı yaşaya bilməyəcəyimə əmin oluram. İnanmaq istəyirəm ki, Siz də vətənimizi mənədən az istəmirsiniz və bu məktubdan sonra bu məsələyə etina qalmayacaqsınız.
Hörmətlə, Lalə Məmmədova, Azərbaycan Respublikasının əməkdar artisti.
23.03.2016”.
Hurriyyet.az