“Mitinqi zorakılıqla dağıtmaqla Azərbaycanı Rusiyanın yanında olmağa təhrik edirlər” - TALİYƏT ƏLİYEV

Baxış sayı:
6780

Milli Şuranın oktyabrın 19-da metronun “28 May” stansiyasının qarşısına keçirdiyi mitinq hazırda ölkə gündəmində ciddi müzakirə olunur. Bildiyimiz kimi, mitinq zorakı şəkildə polis tərəfindən dağıdıldı, mitinq iştirakçılarının çoxunu sürüyə-sürüyə maşınlara mindirib ərazidən uzaqlaşdırdılar, yüzlərlə insan isə saxlanıldı. İnsanların polislər tərəfindən kartof kisəsi kimi çiyinlərdə avtomobillərə daşınması haqda videogörüntülər də sosial şəbəkələrdə əks olundu ki, bütün bunlar “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun kobud şəkildə pozulduğunu göstərdi. Bəs, vətəndaşlara işgəncələr vermək ölkə başçısına lazım idimi?
Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev dedi ki, saxlanılan şəxslərə işgəncə verilməsi hakimiyyətə lazım deyildi: “Çox güman ki, mitinqin zorakı şəkildə dağıdılması kimlərəsə, hansısa dairələrə lazım idi. Mən hesab edirəm ki, ümumiyyətlə, ölkədə, xüsusən Bakı şəhəri ərazisində qoyulan bu qeyri-rəsmi qadağa aradan qaldırılmalıdır. İnsanlar özünün Konstitusion, o cümlədən sərbəst toplaşmaq hüquqlarından istifadə etməlidir, öz sözlərini sərbəst şəkildə ifadə etməlidir. Aksiyalar çıxan insanlara bu cür aşırı zor tətbiq olunması, onların döyülməsi, təhqir olunması, işgəncələrə məruz qalması faktları pislənilməlidir. Hesab edirəm ki, bu, ölkə qanunlarına da, beynəlxalq hüquq normalarına da ziddir. Bu, Azərbaycan Cümhuriyyətinə heç də başucalığı gətirən hal deyil. Azərbaycanın beynəlxalq aləmdəki imicinə çox böyük bir zərbədi, ləkədir. Ona görə də bu mitinqdə baş verənləri mən kəskin şəkildə qınayıram. Bunu törədən şəxslər barəsində dövlət orqanları tədbirlər görməlidir. Aksiyada iştirak edən insanlara, o cümlədən də AXCP sədri Əli Kərimliyə qarşı aşırı zor tətbiq edən, döyən, təhqir edən, işgəncə verən şəxslər barəsində hüquq-mühafizə orqanları araşdırma aparmalıdır və həmin şəxslər barəsində ölçü götürülməlidir. Çünki bu, olmasa Azərbayanın beynəlxalq aləmdəki imicinə növbəti bir zərbə dəyəcək. Azərbaycan adı yenə də insan hüquq və azadlıqlarının pozulması ilə  bağlı beynəlxalq hesabatlarda ön cərgədə olacaq. Yəni bu istər hüquqi, istərsə də siyasi baxımdan Azərbaycanın dövlətçilik maraqlarına cavab verməyən hadisədir”.
 
“Bu, Azərbaycanı Rusiyaya yaxınlaşdırmaq, onun yanında olmağa təhrik eləmək istəyən qüvvələrin marağında olan bir hadisə idi”
 
T. Əliyev onu da vurğuladı ki, artıq Azərbaycan hakimiyyətinin yüksək eşalonunda fikir ayrılıqları müşahidə olunur: “Zaman-zaman ölkə mətbuatında, ictimai müzakirədə bu hallar qeyd olunur ki, hakimiyyətdə ikitirəlik var. Bir qrup Avropa dəyərlərinə inteqrasiya, digər qrup isə Rusiyanın maraqlarına xidmət edən dairələrdir. Hakimiyyətdaxili bu ziddiyyətlər barədə deyilənlər 3-4 gün öncə prezidentin keçirdiyi müşavirədə də qeyd olundu ki, “ölkədə keçirilən islahatların həyata keçirilməsində maraqlı olmayan qüvvələr var. Bir qrup digər qrupu ifşa edir, onun fəaliyyətinə maneçiliklər törədir”. Yəni bu məsələ o qədər ciddiləşib ki, bu, artıq ölkə başıçısı səviyyəsində də etiraf olunur ki, doğrdan da ölkədə islahatların aparılmasında maraqlı olmayan qüvvələr var. Mən hesab edirəm məhz elə həmin qüvvələr ola bilər ki,  Azərbaycanda aşırı zoru tətbiq edib, ölkənin beynəlxalq aləmdəki, xüsusən Avropanın demokratik institutları ilə Azərbaycan arasındakı münasibətlərə böyük bir ziyan vursun və Azərbaycanın Qərbə, Avropaya inteqrasiyasının qarşısını alsın. Bu hadisə ancaq həmin qüvvələrin maraqlarına xidmət edir. Bu, Azərbaycanı daha çox Rusiyaya yaxınlaşdırmaq, onun yanında olmağa təhrik eləmək, Avropadan isə qopmağa xidmət edən qüvvələrin marağında olan bir hadisə idi”.

Şamo EMİN, Hurriyyet.org