​Məişət tullantılarını necə “PULA” ÇEVİRMƏK OLAR…

Baxış sayı:
5017

Və yaxud məişət tullantılarının təkrar emala yönləndirilməsi nə üçün vacibdir? Dünyada ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində atılan müsbət addımlardan biri də məişət tullantılarının təkrar emala yönləndirilməsidir. Bu hal Azərbaycan üçün də istisna təşkil etmir. Belə ki, bizim ölkədə də son illər bu sahəyə böyük maraq göstərilir. Əminliklə deyə bilərik ki, məişət tullantısını evdən çölə çıxaranda çox nadir hallarda onun sonrakı taleyinin necə olacağını düşünürük. Maraqlananlar isə bilir ki, dünya ölkələrində məişət tullantıları xüsusi poliqonlara daşınır, ya da zavodların zibilyandırma sobalarında yandırılır. Amma hər iki üsul artan məişət tullantıları ilə mübarizədə az effektlidir. Bu tədbirlər xarici mühitə, atmosferə dəyən zərərin, insanların səhhəti üçün yaranan problemin qarşısını tam almaqda acizdir. Hazırda bütün dünyada tullantıların idarə olunması, onların həcminin azaldılması sanitar-ekoloji və sosial-iqtisadi baxımdan ən prioritet istiqamət kimi gündəmdədir. Dünyada ekoloji təmizliyinə, sanitar-gigiyenik vəziyyətinə görə insanları heyran qoymaqda davam edən ölkələrin siyahısına Azərbaycanın nə vaxt düşəcəyini bilmək fikri isə yəqin ki, hamını narahat edir. Ümumiyətlə, tullantıların idarə edilməsi sistemi onların yığılması, daşınması, təkrar emalı, ikinci dəfə istifadəsindən ibarətdir. Bu cür tədbirlər tullantıların insan sağlamlığına və ətraf mühitə mənfi təsirini azaltmaq üçün vacibdir. Məişət tullantılarından xilas olmaq üçün bəzən daha asan üsula əl atılır. Məsələn, basdırma üsulu. Basdırma tullantılardan azad olmaq üçün ən ucuz variant hesab edilir. Çünki bu prosedura tullantıları xüsusi zibilxana və poliqonlara atmaqla yekunlaşır. Təbii ki, sanitariya və gigiyena qaydalarına əməl olunmaq şərti ilə. Əks təqdirdə, zibil və tullantıların nəzarətsiz şəkildə poliqonlara atılması infeksion xəstəliklərin yayılması ilə nəticələnə bilər. Çünki zibilxanalardakı üzvi tullantıların anaerob çürüməsi zamanı ayrılan qaz (metan və karbon) ətraf mühitə olduqca kəskin və üfunətli qoxu yayır ki, bunun da nəticəsində bitki aləmi məhv olur. Utilizasiyanın digər növü tullantıların yandırılmasıdır. Lakin bu üsulla bağlı da bəzi mübahisələr mövcuddur. Belə ki, yandırma nəticəsində əmələ gələn maddələr ətraf mühitin çirklənməsinə səbəb olur. Bu problemlərdən xilas olmaq üçün “Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində Bakının Balaxanı qəsəbəsində tullantıların yandırılması zavodu tikilib. Balaxanı qəsəbəsində 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton təşkil edən zavod 2012-ci ildə istifadə olunur. Zavodda yanma nəticəsində əmələ gələn tüstü və kül xüsusi filtrlərlə tutulduğundan, ətraf mühiti çirkləndirmir. Daha ağır və zərərsiz olan dib külü isə yol inşası üçün nəzərdə tutulmuş materialların istehsalında istifadə edilir. Tullantının yandırılması zamanı soyutma üçün istifadə edilən təchizat suyu yalnız təmizləndikdən sonra çirkab sularına yönəldilir. Zavodun tullantı hədlərinin monitorinqi gündəlik olaraq həyata keçirilir və nəzarətdə saxlanılır. Ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində Bakının əksər rayonlarında tullantıların yığılmasının və daşınmasının, o cümlədən utilizasiyasının müasir standartlara uyğun təşkil edilməsi məqsədilə davamlı tədbirlər görülməkdədir. Sözsüz ki, Bakı şəhərində əhalinin sayının çoxalması və sosial rifahın yüksəlməsi nəticəsində tullantıların həcmi durmadan artır. Bununla əlaqədar son illər tullantı daşıyan maşınların sayı xeyli artırılıb. Bu maşınlar paytaxtın bütün küçə və məhəllələrini dolaşır və tullantıların toplanması işini həyata keçirir. Tullantı daşıyan maşınlar topladığı tullantını poliqona boşaltdıqdan sonra yenidən öz fəaliyyətinə davam edir. Əlbəttə, məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsindən söhbət gedirsə, onda tullantı daşıyan maşınların çirkli vəziyyətdə şəhərə daxil olmasının qarşısı da alınmalıdır. Çünki bu maşınların çirkli vəziyyətdə şəhərdə hərəkəti yoluxucu xəstəliklərin yayılmasına və insan sağlamlığı üçün ciddi təhlükə yaranmasına şərait yaradır. Həssas qrupa aid olan uşaqlar və körpələrin əsasən küçə və məhəllələrdə oynadığını nəzərə alsaq, onda bu təhlükə daha da yüksəlir. Bu təhlükənin aradan qaldırılması üçün zibil daşıyan maşınların dezinfeksiyasına və yuyulmasına ehtiyac yaranır. Məsələn, ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin azaldılması məqsədi ilə “Təmiz Şəhər” ASC tərəfindən Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunu tərk edən bütün maşınların dezinfeksiya və yuyulmasını həyata keçirən məntəqələr fəaliyyət göstərir. Məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər Bakı və digər iri şəhərlərdə uğurla həyata keçirilməkdədir. Buna parallel olaraq ölkənin digər iri şəhər və rayonlarında da bu prosesə start verilib. Şübhəsiz, bu sahədə hələ görüləsi çox iş var. Təsadüfi deyil ki, hətta Bakının özündə də zaman-zaman ictimai yerlərdə dolub-daşan zibil qabları, uyğun olmayan yerlərdə yaradılan zibilxanaları müşahidə etməkdəyik. Lakin bu problemin həlli istiqamətində az iş görüldüyünü də deyə bilmərik. Ən azı ona görə ki, ötən illərlə müqayisədə son illər bu sahədə çox ciddi tədbirlər görüldüyünün hamımız şahidi olmaqdayıq… Amma onu da təəssüflə vurğulamalıyıq ki, bəzi müəssisə, idarə və təşkilatların öz iş fəaliyyətləri zamanı xarici mühiti fiziki, kimyəvi, bakterioloji və maye halında olan müxtəlif növ toksiki, radioaktiv və s. tullantılarla çirkləndirmələri qlobal istiləşməyə, millətin genefonduna təsir edir. Eyni zamanda, bu çirklənmə ekoloji cəhətdən insanların yaşamasına öz mənfi töhfəsini verir. Belə ki, məişət tullantıları quru halda yananda onlardan əsasən azot oksidi(IV) və karbon qazı (CO2) ayrılır. Təbii ki yandırılan bütün əşyaların hisi olur. Polietilen qablar, sellafon torbalar yananda isə ayrılan dioksinlər ayrı toksikologiyaya malikdir. Üzvü sintezdən alınan maddələr daha çox toksiki təsir göstərir. Bəzən onu da müşahidə edirik ki, kommunal təsərrüfat işçiləri və müxtəlif şəxslər adətən gecə vaxtları məişət tullantılarını qanunsuz olaraq yandırırlar. Doğrudur, bu cür qeyri-qanuni hallara qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətpaf Mühitin Mühafizəsi Departamenti öz tədbirlərini görür. Lakin bu sahədə hansısas inzibati cəza mexanizləri tətbiq etməkdən öncə, vətəndaşlar arasında təbliğata ehtiyac var. Hər bir vətəndaş ən azı öz sağlamlığının qayğısına qalmaq naminə ekologiya və ətraf mühitin çirklənməsinə yol verməməlidir. Sonda onu da vurğulayaq ki, əksər inkişaf etmiş ölkələrdə məişət tullantılarına yalnız zibil kimi yanaşılmır. Belə ki, inkişafda olan ölkələr hazırda məişət tullantılarının idarə olunması-onların yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində ən optimal variantın axtarışındadır. O cümlədən, yuxarıda qeyd etdiyimiz kimi, bizim ölkəmizdə də bu sahədə ciddi tədbirlər görülməkdədir. Heç şübhəsiz, tullantıların tərkibinin kağız, plastik və polimer materiallar, qara və əlvan metallar, həmçinin elektron cihazlarının nadir elementləri kimi müxtəlif, bəzən də ekoloji nöqteyi-nəzərdən təhlükəli olması da problemə müxtəlif istiqamətlərdən yanaşmanı tələb edir. Sellüloza-kağız, kimya, neftkimya, dağ-mədən və metallurgiya sahələrində formalaşan tullantılar ətraf mühitə və insan sağlamlığına toksikoloji təsirlər göstərir ki, bunun təsirini azaltmaq məqsədilə tullantıların idarə olunması dövlətlərin başlıca siyasətinə çevrilməkdədir. Unutmayaq ki, məişət tullantılarının təkrar emalı ekologiya və ətraf mühitə vurulan zərəri aradan qaldırmaqla yanaşı, əlavə gəlirin əldə olunması, üstəlik də yeni-yeni iş yerlərinin açılması deməkdir./“Hürriyyət”