Mircəfər Bağırovun nəşinin qalıqları dəfn edildi - BAKIDA

Bu yaxınlarda Azərbaycan KİV, ələlxüsus “Yeniçağ” nəşri sensasion xəbər yayıb. Bakıda Stalin dövründə Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırovun qalıqları dəfn olunub.
 
Xatırladaq ki, sovet dövlət və siyasi xadimi Mircəfər Bağırov 20 il ərzində Azərbaycanın hökumətinə və Kommunist Partiyasına başçılıq edib, lakin Stalinin ölümündən sonra vəzifəsindən uzaqlaşdırılıb, 1955-ci ildə isə həbs edilib və güllələnməyə məhkum olunub.
Mircəfər Bağırovun həbs edildiyi gündən sonra onun yoxa çıxması barədə bir çox əhvalatlar dolaşıb. Bəzi mənbələrə görə, onu Sibirə sürgün ediblər və 1970-ci illərin əvvəllərinə qədər orada izolyasiya şəraitində qalıb.
Lakin son xəbər bu yarım əsrlik qəribə mövzuda nöqtəni qoyub. Virtualaz.org həmin informasiyanı yoxlamaq üçün əfsanəvi sovet rəhbərinin törəmələrindən biri – bacısının nəvəsi Məmmədtağı Bağırovla söhbətləşib.
Onun sözlərinə görə, bir neçə il bundan əvvəl məşhur və hörmətli şəxslərdən biri (qohumları onun adını aşıqlamır) sovet dövründə güllələnmiş şəxslərin adsız məzarında Mircəfər Bağırova bənzər insanın qalıqlarına rast gəlib. Eyni zamanda, qəbirdə pensne və müştük aşkarlanıb. Bundan əlavə, güllələnmiş məhbus ömrünün son anlarında digər məhbuslar üçün nəzərdə tutulmuş xüsusi geyimdə deyil, adi geyimdə olub ki, bu da onun xüsusi statusuna işarədir.
Böyük Britaniyada keçirilmiş DNT analizləri və laboratoriya tədqiqatları sübut edib ki, məzardan tapılmış qalıqlar Mircəfər Bağırova aiddir.
Məmmədtağı Bağırovun sözlərinə görə, Mircəfər Bağırov oğlu, İkinci Dünya müharibəsində həlak olmuş Cahangir Bağırovun qəbrinin yanında Yasamal qəbiristanlığında basdırılıb. Elə buradaca Mircəfər Bağırovun bacısı – 1996-cı ildə vəfat etmiş Teyyibə xanım da dəfn edilib.
Qalıqlar aşkar edildikdən sonra daha bir maraqlı fakt üzə çıxıb. Mircəfər Bağırov sovet vaxtı güllələnmə cəzasına məhkum edilmiş digərlərindən fərqli olaraq, ənsə nahiyəsindən vurulmayıb. 1956-cı ilin iyun ayının 26-da səhər tezdən Mircəfər Bağırov onu sinəsindən vurmağı xahiş edib və son arzusu yerinə yetirilib – cəllad onu bir güllə ilə ürəyindən vurub.
Yaxın günlərdə virtualaz.org Məmmədtağı Bağırovla geniş müsahibəni oxucularının diqqətinə təqdim edəcək.