​“Minsk qrupunun tərkibinə yenidən baxıla bilər”

​Gələn il ATƏT-in Minsk qrupunun yaradılmasının 25 illiyi tamam olacaq. Bununla əlaqədar, Minsk qrupunun tərkibinə yenidən baxıla bilər.
Bu fikri sentyabrın 26-da ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Milli Məclisdə təmsil olunan partiya rəhbərləri ilə görüşdə səsləndirib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycanda çoxpartiyalı siyasi sistem mövcuddur və bu sistem getdikcə daha da inkişaf edir. Milli Məclisdə 11 siyasi partiya təmsil olunur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan S.Novruzov qeyd edib ki, 20 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıb. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi hələ də Ermənistan tərəfindən icra olunmayıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Ancaq Ermənistan bu tələblərə məhəl qoymur. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirik ki, gələcəkdə ATƏT-in nizamlama mexanizminə yenidən baxılmalıdır.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bəzi beynəlxalq təşkilatların Azərbaycan ilə işğalçı Ermənistanı tərəfdaşlığa çağıran fikirlərini qəbuledilməz adlandırıb. O qeyd edib ki, təcavüzkara qarşı beynəlxalq hüquq çərçivəsində lazımi addımlar atılmayınca münaqişənin həllində hər hansı irəliləyişin olması inandırıcı deyil. Lakin beynəlxalq birlik tərəfindən hələ də sanksiyaların tətbiq olunmaması ikili standartların davam etdiyini göstərir.
Azərbaycan Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlı ölkəmizdəki siyasi partiyaların BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini gözlədiyini deyib. O əlavə edib ki, bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin isə 24 ildir ki, icra olunmaması bəzi suallar yaradır.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti konkret nəticə verməlidir. Danışıqlar prosesinin davam etməsi müsbət hal olsa da, işğalçı Ermənistana qarşı ciddi tədbirlər görülmür. Cəzasızlıq isə göründüyü kimi, nəticə vermir. Beynəlxalq hüquq Ermənistana qarşı sanksiyaların tətbiq olunmasına tam imkan və əsas verir. Ona görə də beynəlxalq birlik işğalçıya qarşı sərt mövqe nümayiş etdirməlidir.
Kristian Vigenin Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun fəaliyyətindən razı olmamasını başa düşdüyünü deyib. “Çünki münaqişənin həllində faktiki heç bir irəliləyiş yoxdur. Gələn il ATƏT-in Minsk qrupunun yaradılmasının 25 illiyi tamam olacaq. Bununla əlaqədar, Minsk qrupunun tərkibinə yenidən baxıla bilər. Problemi yalnız atəşkəsin pozulması zamanı yox, daim diqqət mərkəzində saxlamaq lazımdır. Mən öz tərəfimdən münaqişənin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm. Lakin bununla kifayətlənmək olmaz. Yalnız ATƏT-in Minsk qrupunun üzvləri deyil, digər ölkələr də münaqişənin həllinə öz töhfələrini verməlidirlər. Biz özümüz də parlament üzvləri olaraq, müəyyən təşəbbüslər, təkliflər irəli sürməliyik. Bu təşəbbüslərdən biri kimi, səfərim zamanı Zəngilandan olan məcburi köçkünlərlə görüşdüm”, - deyə ATƏT PA-nın xüsusi nümayəndəsi qeyd edib.
Kristian Vigenin vurğulayıb ki, münaqişə ilə bağlı mövcud status-kvo ATƏT Parlament Assambleyası üçün qəbuledilməzdir və tezliklə sülh yolu ilə dəyişdirilməlidir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev vurğulayıb ki, Ermənistan özü Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etdiyi halda, bəzi beynəlxalq təşkilatlar bunu etiraf edə bilmirlər. Bu da çox təəssüf doğurur. Bu cür ədalətsizliklərə son qoyulmalıdır./AzVision.az/